Pərviz Həşimli: “Hökumət obyektiv olmalı, avtoritarizmin dərinləşməsinə rəvac verdiyini etiraf etməli və situasiyanın müsbətə doğru dəyişməsinə çalışmalıdır”
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının Azərbaycanda əsas azadlıqların vəziyyəti ilə yaydığı hesabatın obyektivliyi əks etdirir”. Bu sözləri “Azadlıq”a açıqlamasında Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli “Amnesty İnternational” təşkilatının Azərbaycanla bağlı son hesabatına münasibət bildirərkən deyib. Hüquq müdafiəçisi bildirib ki, hakimiyyət təmsilçiləri hesabatın yalan və qərəzli olduğunu iddia etməkdənsə, orda əks olunan nöqsanların aradan qaldırılması istiqamətində səy göstərsələr daha yaxşı olur: “Amnesty İnternational”a qarşı ittihamlar əsassızdır. Bu təşkilat kifayət qədər ciddi təşkilatdır və hər zaman hesabatlarında obyektivliyi gözləyir. Hesabatda əks olunanlar Azərbaycan reallığının təsviridir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığına təhlükə var, sərbəst toplaşmaq azadlığı təmin edilmr, müxalifət partiyalarının fəaliyyəti məhdudlaşdırılır, ölkədə azadlıqları boğmaq üçün mürtəce qanunlar qəbul edilir və s. Bu baxımdan hesab edirəm ki, hökumət obyektiv olmalı, Azərbaycanda avtoritarizmin dərinləşməsinə rəvac verdiyini etiraf etməli və situasiyanın müsbətə doğru dəyişməsinə çalışmalıdır”.