Fatmeyi-Zəhra məscidinə qıfıl vuruldu, Məşədi Dadaş məscidində isə təziyə mərasiminə imkan verilmədi
Yeni Günəşli qəsəbəsində yerləşən Fatmeyi-Zəhra məscidi yenidən bağlanıb. Bu barədə “Qafqazinfo”ya məsciddə daimi ibadət edənlərdən biri məlumat verib. Həmin şəxsin sözlərinə görə, dekabrın 2-də axşam saatlarında polis əməkdaşları məscidə gələrək hamını oradan çıxarıb və məscidin qapısını qıfıllayıblar. Qapının nə üçün bağlanması ilə bağlı dindarlara heç bir məlumat verilməyib.
Məscidin dini icmasının keçmiş rəhbəri Tofiq Rəzizadə isə deyib ki, artıq onun məscidlə heç bir əlaqəsi yoxdur və məscidin nə üçün bağlanmasından xəbərsizdir: “Məscid Qafqaz Müsəlmanları Idarəsinin balansına veriləndən sonra mən həmin məscidə getmirəm. Bildiyimə görə idarə məscidin tikintisini başa çatdırmalı və dindarların istifadəsinə verməlidir”.
Başqa bir məlumata görə, dekabrın 2-də polis Məşədi Dadaş məscidində axşam namazından sonra dindarların təziyə mərasimini keçirməsinə imkan verməyib.
Hər iki xəbərlə bağlı Qafqaz Müsəlmanları Idarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxladıq. R.Dadaşova bildirdi ki, hazırda Fatmeyi-Zəhra məscidi təmir olunur. Belə olan halda, onun yenidən bağlanmasını iddia etmək doğru deyil: “Təmir işləri başa çatandan sonra ora idarə tərəfindən müvafiq təyinat olacaq və məscid öz fəaliyyətini davam etdirəcək. Hələlik məscid fəaliyyətini bərpa etmədiyi üçün onun bağlanması fikri məsələylə uzlaşmır”.
Məşədi Dadaş məscidi ilə bağlı məlum olaya gəlincə, R.Dadaşova onda bu barədə hər hansı məlumatın olmadığını bildirdi: “Şənbə günü bizdə qeyri-iş günüdür. Cümə günü isə iş saatı başa çatana qədər idarəyə bu barədə hər hansı məlumat daxil olmamışdı. Ona görə bu məsələylə bağlı heç nə deyə bilməyəcəm”.