Paşayevlər dərmanların qiymətini qaldırır

Oqtay Şirəliyev isə məsuliyyəti üzərindən atır

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli təmsil etdiyi qurumun dərman bazarına müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib. O, “Şərq”ə açıqlamasında dərmanların real qiymətindən bir neçə dəfə baha satılması barədə danışarkən deyib ki, bu iş Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil: “Əslində bu, anti-inhisar qurumun, Vergilər və Iqtisadi Inkişaf nazirliklərinin məşğul olacağı işdir. Bazar iqtisadiyyatı olduğu üçün Səhiyyə Nazirliyi özəl sektora müdaxilə edə bilməz”.
Dərmanların baha satılması faktını səhiyyə nazirinin müavini Elsevər Ağayev təsdiqləyib. O, əczaçılıq şirkətlərinin Bakıda fəaliyyət göstərən nümayəndələrilə görüşündə deyib ki, son dövrlər Azərbaycanda dərmanların qiymətləri süni şəkildə qaldırılır.   
Anar Qədirlinin bu məsələyə ehtiyatla münasibət bildirməsi isə dərman biznesinin hakim ailənin inhisarında olması ilə bağlıdır. Məlumat üçün deyək ki, son illərədək dərman satışı Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin övladlarına məxsus “Riad Med” şirkətinin nəzarətində idi. Lakin Paşayevlər dərman satışının gəlirli sahə olduğunu görüb “Riad Med”i sıradan çıxarmağa başladılar. Əvvəlcə dərman biznesi Paşayevlərə məxsus “Avro Med” , “Zəfəran” şirkətləri və Aqil Əliyevin övladlarına məxsus “Riad Med” arasında bölündü. Təbii olaraq dərman satışının əhəmiyyətli hissəsi Paşayevlərə məxsus şirkətlərə verildi. “Riad Med”ə isə ölkə üzrə 100 aptek ayrıldı. Sonradan bəlli olanda ki, “Riad Med” həm də baytarlıq ləvazimatları və dərmanlarının satışı ilə məşğuldur, həmin 100 aptek də bu şirkətdən alındı. Hazırda “Avro Med” və “Zəfəran” şirkətləri dərman biznesinin demək olar ki, mütləqi-hakimləridir. Bu halda Səhiyyə Nazirliyi, əlbəttə, dərman satışına müdaxilə edə bilməz və məsuliyyəti üzərindən atmağa çalışacaq. Səhiyyə Nazirliyi anti-inhisar qurum, yaxud vergi orqanı olmasa da, hər halda, nazir Oqtay Şirəliyev şəxsən bununla bağlı müvafiq qurumların qarşısında məsələ qaldıra bilər.

Azad