Yusif Bağırzadə: «Hakimiyyət islahatlara getməsə, onun sonunun necə olacağını söyləmək çətin deyil»
Bu günlərdə Brüsseldən səfərdən dönən AMIP sədri Yusif Bağırzadə “Azadlıq” qəzetinin suallarını cavablandırır. AMIP sədri səfəri çərçivəsində ölkəmizdə demokratiya, insan haqları ilə bağlı problemləri Avropa Birliyinin təmsilçiləri ilə müzakirə edib. Elə sualımız da hazırda Brüsseldə Azərbaycanla bağlı hansı fikirin formalaşması ilə əlaqədar oldu:
– Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında, konkret olaraq demokratiyanın inkişaf etdirilməsi ilə bağlı öhdəliklər götürüb. Bu öhdəliklər söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının təminini, demokratik seçkilərin keçirilməsini ehtiva edir. Amma təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Avropa Birliyi, Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəliklərə riayət etmir. Biz bir daha görüşlərimizdə xatırlatdıq ki, ATƏT-in 2010-cu il parlament seçkisi ilə bağlı heç bir tövsiyəsi yerinə yetirilməyib, Venesiya Komissiyasının “Siyasi Partiyalar Haqqında” qanuna edilməli olan dəyişikliklər nəzərə alınmayıb. Brüsseldə olduğumuz zaman Qarabağ problemi ilə də bağlı müxtəlif fikir mübadilələri apardıq. Istər ATƏT-də, istərsə də Avropa Birliyində görüşdüyümüz şəxslərin münaqişə haqda kifayət qədər məlumatları var idi. Biz bir məqamı da qabartdıq ki, Azərbaycanda insan haqları, demokratiyaya münasibət özlüyündə Qarabağ probleminin həllinə təsir edə bilər. Digər tərəfdən, Cənubi Qafqazda əsas oyunçulardan biri olan Rusiyanı münaqişədən bir qədər uzaqlaşdırmaq lazımdır. Ermənistanın gün-gündən Rusiyanın təsirinə düşməsi münaqişənin həllini bir qədər də qəlizləşdirir. Ona görə də mətbuatda tez-tez səslənir ki, ATƏT-in Minsk qrupunun bir üzvünü Avropa Birliyinin üzvü olan nüfuzlu dövlətlərdən biri ilə əvəz etmək lazımdır. Medvedevin vaxtında Rusiyanın təşəbbüsü ilə Qarabağ probleminin həlli ilə bağlı on bir görüş keçirildi. Amma nəticə olmadı. Ona görə düşünürəm ki, bu formatın çəkisi artırılmalıdır. Hazırda Qarabağın işğal altında olan ətraf rayonlarında kütləvi tikinti və məskunlaşma prosesi başlayıb. Bu, gələcəkdə Azərbaycan üçün problemli məsələyə çevrilə bilər. Bu tendensiya təxminən Israilin Iordan çayının sağ sahilindəki məskunlaşma prosesini xatırladır. Ona görə biz bəyan etdik ki, baş verən proseslərlə bağlı Avropa Birliyinin xüsusi bəyanatı olmalıdır.
Suriyadan sonra növbə postsovet məkanınındır
– Bir çox ekspertlərin fikrincə, Suriyadan sonra Orta Asiya və Cənubi Qafqazın demokratiya ilə bağlı problemləri gündəmə gələcək?
– Əlbəttə. Növbədə postsovet məkanıdır. Necə ola bilər ki, ərəb dünyasında demokratikləşmə prosesi getsin, Suriya, Iran və postsovet məkanında bu baş verməsin. Iranın Fələstin-Israil münaqişəsinə təsiri böyükdür. Fələstində Israil ilə heç bir danışığa getməyən, prosesləri güc yolu ilə həll etmək istəyən radikal qruplaşmanı maliyyələşdirən məhz Irandır. Ona görə də Avropa birmənalı şəkildə düşünür ki, Suriya və Iranda vəziyyət mütləq dəyişməlidir. Altmış faizi azərbaycanlılardan ibarət olan Iran islahatlara, demokratiyaya meyllidir. Irandakı soydaşlarımız Xiyabani, Səttarxan hərəkatlarını yaşayıblar. Suriya və Iran demokratiyaya tam təslim olandan sonra proseslər avtomatik olaraq Orta Asiya və postsovet məkanına keçəcək. Amma bir məqamı da burada nəzərə almaq lazımdır ki, Iranın Qərb tərəfindən vurulmasının bir səbəbi də Tehranın Çin rejimini təbii rusurslarla təchiz etməsidir. Avropa meyllidir ki, Iranın vurulması ilə Çinin inkişafının qarşısı alınsın.
– Keçmiş səfir Riçard Kozlariç Azərbaycan rəhbərliyini regionda baş verənlərdən nəticə çıxarmağa çağırıb. Amma biz bütün tövsiyələrdən sonra əks reaksiyanı müşahidə edirik. Azərbaycan hakimiyyəti buraxılan səhvlərdən nəticə çıxarmaq əvəzinə irtica daha da güclənir?
– Azərbaycan hakimiyyəti gec-tez islahatlara getməlidir. Azərbaycan iqtidarı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Kozlariç Azərbaycanda səfir missiyasını yerinə yetirəndən Azərbaycanın dostu sayılır. O, həmişə istəyib ki, Azərbaycan demokratik dövlətlər tərəfindən qəbul olunsun. Hakimiyyət islahatlara getməsə, onun sonunun necə olacağını söyləmək çətin deyil. Iqtidar bunu anlamalıdır. Ərəb dünyasında dəyişikliklər başlayan zaman hakimiyyət korrupsiyaya qarşı mübarizə kampaniyası elan etdi. Amma bu, yetərli deyil. Azərbaycanda əsaslı islahatlar getməlidir.
AMIP Ictimai Palataya qayıdacaq
– Öz fikrini bildirdiklərinə görə kəskin təpki ilə üzləşən Ziyalılar Forumunun üzvləri ilə bağlı məsələlər hələ də gündəmdədir. Hakimiyyətin müstəqil ziyalılara qarşı bu cür reaksiyası nədən qaynaqlanır?
– Obyektiv sözünə görə kiminsə tutduğu vəzifədən uzaqlaşdırılması baş ucalığı gətirmir. Başqa dövlətlərdə heç bir alimin, professorun statusunu əlindən almayıblar. Bu cür addımlar cəmiyyətdə də yaxşı qiymətləndirilmir. Ziyalılıq, alimlik beyinlə bağlı bir şeydir. Bu yanaşma düzgün deyil.
– AMIP-də Ictimai Palatada təmsilçilik məsələsinin yenidən müzakirəyə çıxarılacağı barədə məlumatlar yayılırdı. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir?
– AMIP Ictimai Palatanın təsisçilərindəndir. Biz Ictimai Palatadakı fəaliyyətimizi müvəqqəti dayandırmışıq. Bizim Ictimai Palataya qayıtmağımızın görüntüləri var. Fikrimcə, biz sağlam müxalifətin vahid birliyinə nail olmalıyıq. Orada AXCP, AMIP, Müsavat, ADP və KXCP təmsil olunmalıdır. Beş partiya birləşməli və vahid platforma ilə seçkiyə getməlidir. Konkret fəaliyyət istiqaməti müəyyənləşdirilib, vahid mövqedən çıxış etmək lazımdır.
Xəyal