Siyasi Partiyalar Haqqında qanunu dəyişməklə iqtidar çoxpartiyalı sistemi çökdürmək istəyir
Azərbaycan hakimiyyəti ölkədəki avtoritar rejimi daha da sərtləşdirmək niyyətindədir. Belə ki, “Azadlıq”a daxil olan məlumata görə, hakimiyyət “Siyasi partiyalar haqqında” qanuna mürtəce dəyişikliklər etməyə hazırlaşır. Qanuna ediləcək dəyişikliklərdən biri partiyaların maliyyələşməsilə bağlıdır. Layihədə dövlət büdcəsindən ayrılan vəsaitin 90 faizinin parlamentdə təmsil olunan partiyalara, 10 faizinin isə parlamentdən kənarda qalan, lakin sonuncu səsvermədə iştirak edənlərin ən azı 3 faizinin səsini qazanan partiyalara verilməsi nəzərdə tutulur.
Ikinci mürtəce dəyişiklik yeni partiya yaratmaq üçün tələb olunan təsisçi sayının 1000 nəfərdən, 5000 nəfərə qaldırılmasıdır. Üçüncü analoqsuz mürtəce dəyişiklik isə ikinci ilə üzvi bağlıdır. Bu dəyişiklikdə göstərilir ki, qeydiyyatı olmayan partiyanın bəyanat verməsi, öz adından hər hansı formada fəaliyyət göstərməsi yasaq olunur. Bu yasağın pozulması isə hüquqi məsuliyyət yaradır. Onu da qeyd edək ki, YAP təmsilçisi Bahar Muradova yayılan xəbərləri nə təkzib, nə də təsdiq edib. Hələ parlamentin müzakirəsinə belə bir qanun layihəsinin daxil olmadığını deyən B.Muradova əlavə edib ki, “Siyasi partiyalar haqqında” qanun parlamentə müzakirəyə daxil olandan sonra bununla bağlı münasibət bildirilə bilər.
Məsələyə müxalifət partiyaları təmsilçilərinin münasibətini öyrəndik.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə, hakimiyyətin bu tip mürtəce addım atmasında təəccüblü heç nə yoxdur. Bu məzmunlu qanunun qəbulundan sonra hakimiyyət partiyasının özü və ətrafındakı təşkilatlar üçün büdcədən maliyyələşməni reallaşdırmağa çalışdığını deyən N.Məmmədlinin fikrincə, bu bir daha təsdiq edir ki, iqtidar ölkədə təkpartiyalı sistem yaratmaq istəyir: “Bununla hakimiyyət əvvəl ayrı-ayrı məmurların hesabına maliyyələşən partiyaları bir mərkəzdən idarə etməyə çalışacaq. YAPsayağı qanunun qəbulunda təəccüblü heç nə yoxdur. Müxalifət partiyalarının liderləri dəfələrlə büdcədən partiyaların maliyyələşməsi məsələsini qaldıran zaman qeyd ediblər ki, hakimiyyət bu qanunu özü üçün qəbul edir”.
Müsavat başqanının müavini Mehman Cavadoğlu da bildirdi ki, artıq uzun müddətdir partiyaların büdcədən maliyyələşməsi məsələsi barədə mətbuatda müxtəlif məlumatlar yayılır. Hakimiyyətin bilərəkdən bu məsələni yubatdığını düşünən M.Cavadoğlu qeyd etdi ki, bu baxımdan son seçki nəticəsində “formalaşan” parlamentdən müxalifətin kənarda saxlanılması bu məqsədə xidmət edir: “Hakimiyyətin bütün addımları ilə ölkədə təkpartiyalı sistem yaratmağa cəhd etdiyi hiss olunur. Hazırda müxalif siyasi partiyaların bir institut kimi ləğvi hakimiyyətin planlarına daxildir. Amma dünya təcrübəsi göstərir ki, bu cür addımlarla rejimlər istədikləri hədəfə çatmırlar”.
M.Cavadoğlu hesab edir ki, hakimiyyətin bu cür addım atmasının bir səbəbi də iqtidarın cəmiyyətdə resurslarının tam tükənməsidir.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, siyasi partiyaların fəaliyyətinə yalnız avtoritar ölkələrdə məhdudiyyət qoyulur. Əksinə demokratik ölkələrdə insanların siyasətlə məşğul olması, proseslərə fəal müdaxiləsi üçün dövlətin əlindən gələni etdiyini deyən S.Cəlaloğlu əlavə etdi ki, bu baxımdan istər maliyyələşdirmə, istərsə də qeydiyyatla bağlı tələb olunan təsisçi sayının artırılması yalnız ölkədəki situasiyanın sərtləşməsinə xidmət edir: “Çinin əhalisi bir milyarddır, bizim hakimiyyətin məntiqi ilə yanaşsaq, o zaman bu ölkədə partiyanın qeydiyyatdan keçməsi üçün bir milyon insanın imzası lazımdır. Bu, yanlış yanaşmadır. Düşünürəm ki, Azərbaycanda partiyanın qeydiyyatı üçün maksimum 500 nəfərin imzası kifayətdir. Çünki Azərbaycanda insanların seçkiyə gəlmə aktivliyi olduqca aşağıdır”.
ADP sədri daha sonra vurğuladı ki, digər tərəfdən, hazırkı parlamentin legitimliyi ciddi şübhə yaratdığından, onun qəbul etdiyi qanunların da hüquqi qiyməti yoxdur. “Belə bir qanun cəmiyyətə heç bir fayda verməyəcək. Bu qanun, sadəcə olaraq, ölkədə çoxpartiyalı sistemin çökdürülməsinə xidmət edir”, – deyə ADP sədri vurğulayıb.
Hikmət