Əli Kərimlidən İlham Əliyevə sərt mesaj (VIDEO)

“Qətiyyən arxayınlaşma! Bu xalq indiyədək çox zalımları ayağı altına atıb”

AXCP sədri sülalə rejiminə xidmət göstərənlərə də xəbərdarlıq etdi

İctimai Palatanın dekabrın 3-də keçirilən növbəti sessiyasında qurumun Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli İlham Əliyevə və onun ətrafına sərt mesajlar ünvanlayıb. Əli Kərimli əvvəlcə sülalə rejiminin möhkəmlənməsi istiqamətində fəalliyyət göstərənlərə xitabən deyib ki, onların səyləri əbəsdir və nə qədər gec deyil bu yoldan dönsünlər:

“Özünüzün, övladlarınızın, yaxınlarınızın taleyini düşünün”

“Sizin fəaliyyətiniz nəticəsində sülalə hakimiyyəti günü-gündən azğınlığını artırır. Siz vicdanınızı sadəcə vint olmağınızla, heç nə edə bilməməyinizlə sakitləşdirirsiniz. Amma bilin ki, siz vintlər bir yerdə mexanizm, maşın yaradırsız. Əl çəkin bu işinizdən və bilin ki, siz yalnız millətə, vicdanınıza və bizə görə bu şər işdən əl çəkməli deyilsiniz. Siz özünüzün, övladlarınızın, yaxınlarınızın taleyini düşünün. Baxın dünyaya, görün, hansı diktator yalnız özünü və ailəsini bədbəxt edir ki?! Ard-arda devrilən diktatorlar həm də ətrafında olan yüzlərlə insanı bədbəxt etmirlərmi?! Onlar yıxılanda ətraflarında olan oliqarxlar, qoluzorlular, dəyənək vuranlar hamısı cəzalanmırmı?! Ona görə də siz bu cəzasızlığa çox da ümid olmayın! Bilin ki, Azərbaycanda da mütləq dəyişikliklər baş verəcək”.

“Məsuliyyətinizi bilin və bu xalqı tanıyın!”

AXCP sədri İlham Əliyevə müraciətində isə deyib:
“Mən  rejimin başçısı İlham Əliyevə müraciət edərək deyirəm: Qətiyyən xalqın indiki susqun vəziyyətinə ümid olma! Xalqın bir hissəsinin küskün olmasını, bir hissəsinin məruz qoyduğun sosial məşəqqətlərdən belinin bükülməyini görüb arxayınlaşma. Xalqın səbrinə, dözümünə arxayın olub bu xalqa arxa çevirmə. Azərbaycan xalqı ilə hesablaşmaq lazımdır. Bu  o xalqdır ki, bütün dünyada ilk olaraq 17 günlük oturaq mitinqlər keçirib. Bu o xalqdır ki, bütün regionda ilk məxməri inqilabı həyata keçirib. Bu o xalqdır ki, dünyanın superdövlətinin tanklarla  silahlanmış ordusundan qorxmayıb, onun qabağına əliyalın çıxıb. Ona görə də xalqın vəziyyətlə barışdığı, İctimai Palatanın verdiyi təklifləri nəzərə almamağınız, həbsləri davam etdirməniz barədə düşünmək yetər! Məsuliyyətinizi bilin və bu xalqı tanıyın! Azərbaycan xalqı indiyə qədər boynuna çıxmış çox zalımları ayağı altına atıb. Mən sizi əmin edirəm ki, Azərbaycan xalqı bundan sonra da heç bir zalımın onun boynunda qalıb, ağalıq, azğınlıq etməsinə imkan verməyəcək!”

Vidadi