İctimai Palatadan iqtidara xəbərdarlıq

Müxalifət liderləri cəmiyyəti mübarizəyə səslədi

Əli Kərimli: «Dünya ilk növbədə o xalqlara dəstək verir ki, həmin xalqlar on illərin əsarətinə dözmürlər, fədakarlıq etməyə hazır olurlar»

 

Isa Qəmbər: «Azərbaycan hakimiyyəti baş verənləri nəzərə almayacaq dərəcədə intellektdən kasaddırsa, bu, böyük bir fəlakətdən xəbər verir»

Ictimai Palatanın dünən növbəti sessiyası keçirilib. Hüquq müdafiəçisi Ilqar Ibrahimoğlunun sədrliyi ilə baş tutan sessiya dövlət himninin səsləndirilməsi ilə işinə başlayıb. Ilqar Ibrahimoğlu əvvəlcə iştirakçıları gündəliklə tanış edib. Bəlli olub ki, gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyət və Ictimai Palatanın vəzifələri, qurumun gənclər təşkilatının yaradılması barədə qərar və cari məsələlərin müzakirəsi nəzərdə tutulub.  
Gündəlik səsə qoyularaq qəbul edildikdən sonra birinci məsələ ilə bağlı söz Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimliyə verilib.
AXCP sədri əvvəlcə ötən ay ərzində görülən işlərlə bağlı məlumat verib. Əli Kərimli bildirib ki, ötən ay ərzində Ictimai Palata 4 mühüm məsələ ilə bağlı ictimai dinləmə keçirib: Mətbuata təzyiqlər, Azərbaycanın Avropa strukturlarına inteqrasiya prosesinin süni şəkildə əngəllənməsi, vətəndaşların mülkiyyət hüququnun pozulması və neft gəlirləri üzərində ictimai nəzarət.

AXCP sədri, həmçinin bildirib ki, ötən ay ərzində də Ictimai Palatanın yerli təşkilatlarının yaradılması işi uğurla davam etdirilib. Bir neçə rayonda Ictmai Palatanın yerli şöbələri yaradılıb və yüzlərlə insan quruma qoşulub.

Fərsiz, qabiliyyətsiz, səriştəsiz olduqlarını ortaya qoydular

Daha sonra Əli Kərimli ölkədəki ictimai-siyasi vəziyyətə toxunub. AXCP sədri deyib ki, Azərbaycan hakimiyyəti dünyada baş verən demokratik dəyişikliklərdən nümunə götürmək istəmir. Islahatlar əvəzinə, hər şey edir ki, xalqın narazılığı daha da artsın: “Elə bu günlərdə hamımız qiymət artımını müşahidə etdik. Bir çox ekspertlərin fikrincə, bu, hələ başlanğıcdır. Biz şahidik ki, hakimiyyət xalqın pullarını nəyə desəniz xərcləyir. Hətta demokratik dünyanın hədəfində olan diktatorlardan birinin xilası üçün də Azərbaycanda pul tapılır. Amma 20 ildir ki, sovet dövründən qalan əmanətlər qaytarılmır. Artıq Azərbaycan hakimiyyətini təbiət də ifşa etməyə başlayıb. Havaların azacıq soyuması kifayət elədi ki, hökumətin fəaliyyəti iflic olsun. Heç nə edə bilmədilər. Fərsiz, qabiliyyətsiz, səriştəsiz olduqlarını ortaya qoydular”.

Əli Kərimli artıq vətəndaşların öz hüquqlarının pozulmasına qarşı etiraz səsini ucaltdıqlarını deyərək, bunu yeni situasiyanın yaranması kimi dəyərləndirib: “Vaxt var idi, yalnız müxalifət hakimiyyətin zülmünə etiraz edirdi. Amma indi vəziyyət dəyişib. Sıravi vətəndaşlar da mübarizəyə qoşulub. Gənclərin simasında ortaya yeni qüvvələr çıxıb. Təsadüfi deyil ki, bu gün 9 nəfər fəal gənc lider həbsxana həyatı yaşayır. Azərbaycan hakimiyyətinə qarşı dindar kəsimlər ciddi mübarizəyə başlayıb. Və elə bu il onlarla inanclı insan qurama ittihamlarla həbs olunub. Biz bu il siyasi məhbusların mübarizəsini müşahidə edən zaman başqa bir yeni hadisə də ortaya çıxdı. Məlum oldu ki, Azərbaycanın müstəqil vəkilləri, hüquqşünasları hökumətə qarşı yeni bir cəbhə açıblar. Son bir ayda bu sıraya daha bir qüvvə də öz imzasını atıb. Mən Ziyalılar Forumunun ”Artıq biz susa bilmərik” bəyanatını yadınıza salıram. Artıq ölkədə elə bir vəziyyət yaranıb ki, özlərinin dediyi kimi, müxtəlif səbəblərdən 15-20 il susmuş insanlar da haqsızlığa etiraz etməyə başlayıblar”.

Heç olmasa əqidədaşınız Bəşər Əsədə inanın

AXCP sədri bütün bunların ərəb ölkələrini inqilab dalğası bürüdüyü vaxtda baş verməsinin təsadüf olmadığını qeyd edib. Onun fikrincə, bu inqilab dalğası Azərbaycanın da sərhədlərinə çatmaq üzrədir: “Həqiqətən dünya çox sürətlə dəyişir. Cəmi bir il əvvəl kimin ağlına gələrdi ki, dünyada insan haqları ilə bağlı ən qətiyyətli qərarları Ərəb Ölkələri Liqası verəcək?! Artıq demokratikləşmə qlobal xarakter alıb. Amma Azərbaycandakı sülalə hakimiyyəti sanki bütün bunları görmür. Bunların çıxardığı nəticə yenə də rejimi sərtləşdirməkdir. ”Siyasi partiyalar haqqında” Qanuna mürtəce dəyişikliklər hazırlayırlar. Bütün real müxalifəti sıradan çıxarmaq barədə düşünürlər. Bunu bacarmazlar, amma bu barədə düşünürlər. Daha sonra Azərbaycan dindarlarına qarşı sanki savaş elan ediblər. Mənə məlumat verdilər ki, xüsusən də inanclı insanların dini mərasimlərlə məşğul olduğu bu günlərdə məscidlərə hücumlar olur, dindarlara  təzyiqlər edilir, artıq yeni həbslər dalğası başlayıb. Mətbuatı sıxışdırmağa çalışırlar. Yenə də həbsxanada baş redaktor var. Başqa qəzetlərə qarşı məhkəmə işləri bərpa olunub. Qısası, hökumət ətrafında baş verənlərdən heç bir nəticə çıxarmır. Yaxşı, başa düşdük, bizim dediklərimizə inanmırsınız, bizimlə fərqli düşərgədəsiniz. Axı əqidədaşınız Bəşər Əsəd də sizə xəbərdarlıq etdi ki, inqilabi dəyişikliklər postsovet ölkələrinə doğru gedir. Heç olmasa ona inanın”.
Əli Kərimli bildirib ki, dünyanın sürətlə dəyişməsinə baxmayaraq, demokratik düşərgə arxayınlaşmamalı, Azərbaycanda demokratiyanın bərqərar olması yönündə səylərini ikiqat artırmalıdır: “Dünya demokratiyaya dəstək verir. Amma ilk növbədə o xalqlara dəstək verir ki, həmin xalqlar on illərin əsarətinə dözmürlər, özlərini qurban verməyə, fədakarlıq etməyə hazır olurlar. Ona görə də, əslində, bizim hər birimizin fəaliyyəti qarşımızda olan çağırışlara adekvat deyil. Sanki biz də ətrafımızda nələr baş verdiyini, hansı çağırışlarla üz-üzə qala biləcəyimizi dərk etmirik. Ona görə də mən istəyirəm ki, biz öz fəaliyyətimizə bir daha yenidən baxaq. Artıq ənənəvi olaraq ayda bir dəfə toplaşmağımız yetərli deyil. Biz hər gün çalışmalı və insanları kütləvi şəkildə prosesə qoşmalıyıq”.

Bütöv Azərbaycan Birliyi fəallaşmalıdır

Ictimai Palatanın üzvü Pənah Hüseyn isə çıxışında qurumun Koordinasiya Şurasının yenidən formalaşdırılması məsələsinə toxunub. O, təklif edib ki, Ictimai Palatanın hazırkı idarəetmə mexanizminə uyğun olaraq, Koordinasiya Şurasının statusunda dəyişiklik olunsun və qurum Idarə Heyəti adlandırılsın. Həmçinin təklif edib ki, şuranın üzvlərinin 25 nəfər olması nəzərdə tutulsun. Pənah Hüseynin fikrincə, Ictimai Palatanın ilin sonunda növbəti sessiyası keçirilməli, ilin yekunları ilə bağlı məlumat verilməsi məqsədəuyğundur. O, Koordinasiya Şurasının da ilin son sessiyasında formalaşdırılmasını təklif edib.
Onun başqa bir təklifi isə Aşura gününün qeyri-iş günü elan olunmasına dair Ictimai Palatanın məsələ qaldırması barədə olub.
Ictimai Palatanın üzvü Xaliq Bahadır çıxışında yazıçı Rafiq Tağının qətlindən danışıb. Xaliq Bahadır Ictimai Palatanın bu hadisəni daim gündəmdə saxlamasını və hökumətdən yazıçının qatillərinin qısa zamanda tapılıb cəzalandırılmasının tələb olunmasını təklif edib.
Ictimai Palatanın üzvü, Müsavat Gənclər Təşkilatının sədr əvəzi Səxavət Soltanlı Ictimai Palatanın Gənclər Təşkilatının yaradılması barədə Koordinasiya Şurasının qərarını təqdir edib. Hakimiyyətin gənclərə qarşı repressiv addımlarına diqqət çəkən Səxavət Soltanlı qeyd edib ki, elə bu günlərdə ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev işdən çıxarılıb. O, bununla bağlı Ictimai Palatanın Gənclər Təşkilatının bəyanatını səsləndirib. Bəyanatda Cəmil Hacıyevin işdən çıxarılması hakimiyyətin müxalif yönlü gənclərə qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Ictimai Palatanın üzvü, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da Ictimai Palatanın Gənclər Təşkilatının yaradılması ilə bağlı qərarı alqışlayıb. O, həmçinin təşkilatın sədr postuna Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Tural Abbaslının namizədliyini dəstəklədiyini bəyan edib. Daha sonra Əbülfəz Qurbanlı  Irandan Azərbaycana qarşı təhdidlərə diqqət çəkib: “Son vaxtlar iranlı  ayətullahların ölkəmizə qarşı təhdidlərinin şahidiyik. Bununla yanaşı ölkəmizi müxtəlif formalarda aşağılayırlar. Azərbaycanı ”Bakı adlanan dövlət” adlandırırlar, yaxud bayrağımızı tərsinə asırlar. Bununla da elə özləri açıq şəkildə ortaya qoyurlar ki, Iran Azərbaycan üçün təhlükədir. Ona görə də hesab edirəm ki, biz fəaliyyətimizdə Azərbaycanın təhlükəsizliyi ilə bağlı nələrsə fikirləşməliyik. Bu gün Azərbaycanda bir hakimiyyət var ki, Iranın təhdid və təhqirlərinə cavab vermək cəsarətində deyil. Bu baxımdan, Ictimai Palatanın bu məsələdə qətiyyətli mövqeyinə ehtiyac var. Azərbaycanın Iran tərəfindən təhlükəsizliyinin təmin olunmasının ən vacib şərti mərhum Əbülfəz Elçibəy tərəfindən gündəmə gətirilmiş Bütöv Azərbaycan ideyasıdır. Bu ideya yenidən gündəmə gətirilməli və Bütöv Azərbaycan Birliyi öz fəaliyyətini aktivləşdirməlidir. Bu, iranlı ayətullahlara bizim ən yaxşı cavabımız ola bilər. Bu, tək mənim yox, əksər gənclərin, eyni zamanda yazar Seymur Baycanın fikridir”.
Daha sonra Ictimai Palatanın Gənclər Təşkilatının yaradılması və Tural Abbaslının qurumun 6 ay müddətinə sədr olması barədə qərar səsə qoyularaq, qəbul edilib.
Ictimai Palatanın üzvü İmamverdi Cəfərov isə qurumun üzvlərinin yeni seçkilər keçirilməsi ilə bağlı imzatoplama kampaniyasına başlamısını təklif edib: “Ictimai Palatada təmsil olunan namizədlər haqqı tanınmamış namizədlərdir. Biz bu qurumu Milli Məclisə alternativ yaratdıq, hökumətdən yeni seçkilər keçirməsini tələb etdik. Lakin bu tələbə məhəl qoyulmadı. Ona görə də təklif edirəm ki, biz yeni seçkilər keçirilməsi tələbilə xalqın imzasını toplayıb onu həm hakimiyyətə, həm də beynəlxalq təşkilatlara təqdim edək”.

Vəziyyət uçuruma  doğru gedir

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər əvvəlcə dünyada baş verən proseslərə diqqət çəkib: “Ilin son bir neçə ayı ərzində 4 diktator bitdi. Bir neçəsi də bitməyə namizəddir. Bu, avtoritar rejimlərə aydın bir mesajdır. Amma görünür, avtoritar liderlərin intellektual səviyyəsi o şəkildədir ki, bu aydın mesajlar onlara çatmır. Azərbaycan hakimiyyəti bu baş verənləri nəzərə almayacaq dərəcədə intellektdən kasaddırsa, bu, böyük bir fəlakətdən xəbər verir. Ölkədəki vəziyyəti şərh etməyə ehtiyac yoxdur, vəziyyət bəllidir. Vəziyyət uçuruma doğru gedir”.
Rafiq Tağının qətli barədə danışan Müsavat başqanı deyib ki, bu hadisəni törədən qüvvələr Azərbaycanda vəziyyəti gərginləşdirməyi hədəf seçib: “Təəssüflə qeyd etmək istəyirəm ki, cəmiyyəti gərginləşdirmək üçün addımların sayı artacaq. Söhbət ondan getmir ki, mütləq qətllər olacaq. Ümumiyyətlə, proses həm daxili səbəblərdən, həm də regionda baş verən səbəblərdən elə istiqamətdə gedir ki, vəziyyət gərginləşsin. Bu vəziyyətdə müxtəlif qüvvələr öz maraqlarını reallaşdırmağa çalışırlar. Ona görə də demokratik düşərgənin əsas toparlanma mərkəzi olan Ictimai Palatanın üzvləri məsələlərə daha diqqətli və məsuliyyətli yanaşmalıdırlar”.

Sonda Ictimai Palatının ictimai-siyasi vəziyyətlə bağlı bəyanatı qəbul edilib. Bəyanatda bildirilir:

Fəaliyyətə başladığı gündən konstruktiv siyasi mübarizə yolu seçən İctimai Palata bu müddətdə bütün səylərini Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, konstitusion hüquq və azadlıqların, vətəndaşların şəxsi və mülkiyyət təhlükəsizliyinin bərpasına yönəldib və bu məqsədlərə nail olmağın əsas istiqaməti olaraq ölkədə geniş dialoq aparılmasının zəruriliyini önə çəkib;

Mart-aprel aylarında keçirilmiş dinc etiraz aksiyalarında vətəndaşların siyasi hakimiyyət tərəfindən saxta ittihamlarla həbs edilməsinə baxmayaraq İctimai Palata yenə də dialoq təklifindən geri çəkilməyib və hətta əsassız həbs olunanlar haqqında saxta istintaq və məhkəmə prosesləri həyata keçirildikdə belə ölkədə siyasi sabitliyin əsasını təşkil edə biləcək “Yol xəritəsi”ni hazırlayıb, geniş müzakirələrdən sonra 2011-ci ilin avqust ayının 27-də bu mühüm sənədi qəbul edərək onu ölkə vətəndaşlarının, iqtidarının və beynəlxalq aləmin müzakirəsinə təklif edib. Ölkədə həyata keçirilməsinə kəskin ehtiyac duyulan hüquqi, iqtisadi və siyasi islahatların reallaşması üçün hər iki tərəfdən atılması zəruri olan addımlar bu sənəddə öz əksini tapıb.

Lakin bu sənədin qəbulundan və müzakirəyə təqdim olunmasından 3 aydan artıq vaxt keçməsinə baxmayaraq təəssüf ki, İlham Əliyev hakimiyyəti nəinki dialoq təklifinə münasibət bildirməyib, hətta öz destruktiv davranışını bir qədər də genişləndirərək saxta ittihamlarla həbs olunmuş İctimai Palata üzvləri haqqında saxta, qərəzli və ədalətsiz məhkəmə qərarları çıxarıb. Eyni zamanda həmin müddət ərzində korrupsiyanın, rüşvətxorluğun və dövlət büdcəsindən mənimsəmələrin həcmi bir qədər də artıb, hakimiyyət rəsmilərinin özbaşınalığı bütün səviyyələrdə daha da genişlənib, ölkə vətəndaşlarının sosial-iqtisadi durumu daha da pisləşib, ölkənin xarici siyasətindəki ziddiyyətlər dərinləşib, ölkədə idarəçilik sistemi, demək olar, iflasa uğrayıb.

Bu günlərdə tanınmış yazıçı və publisist Rafiq Tağı qətlə yetirilib. O, bir neçə bıçaq zərbəsi alandan sonra 4 gün xəstəxanada qalıb, həkimlərin rəyinə görə, vəziyyətinin yaxşılığa doğru dəyişdiyi bir vaxtda qəflətən vəfat edib. İndiyə kimi Rafiq Tağının qatilinin tapılması istiqamətində, demək olar ki, heç bir nəticə əldə edilməyib, xəstəxanada onun vəziyyətinin qəflətən pisləşməsinin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verilməyib. Təkcə bu fakt  ölkədə guya sabitlik yaradılması, kriminogen durumun tam nəzarətə götürülməsi ilə bağlı yüksək səviyyələrdə verilən çoxsaylı bəyanatları təkzib edir, üstəlik, ölkədə səhiyyənin necə acınacaqlı vəziyyətdə olmasını sübut edir.

Başda İlham Əliyev olmaqla bütün dövlət rəsmiləri ölkənin iqtisadi inkişafından ağızdolusu danışırlar. Əslində isə aparılan yarıtmaz iqtisadi siyasət nəticəsində əhalinin sosial-iqtisadi durumu durmadan pisləşir, bütün sahələrdə gündən-günə tüğyan edən bahalaşma insanların həyat səviyyəsini daha da aşağı salır. Bu günlərdə Tarif Şurasının metroda gediş haqqının qaldırılması ilə bağlı qərarı da əhali, xüsuslə onun aztəminatlı hissəsi arasında ciddi təşviş doğurub. Bundan əlavə hökumət əhalinin sovet hakimiyyəti dövründən qalan əmanətlərinin qaytarılması istiqamətində də heç bir konkret iş görmür. Bu məsələ yalnız seçki ərəfələrində gündəmə gətirilir və seçkilərdən dərhal sonra da yaddan çıxarılır. Bu gün postsovet məkanında “analoqu olmayan inkişaf yolunda olan Azərbaycan”dan fərqli olaraq əksər keçmiş respublikalarda vətəndaşların bu əmanətləri çoxdan qaytarılıb.

Səriştəsiz idarəçilik hətta gündəlik adi situasiyalarda da qlobal problemə çevrilir. Bu yaxınlarda hava şəraitinin pisləşməsi nəticəsində ölkənin müxtəlif regionlarına və paytaxt Bakı şəhərinə yağan qardan sonra həyatın, demək olar ki, bütün sahələrinin bir anın içində iflic olması dediyimizə sübutdur. Nəinki bölgələrlə, dağ rayonları ilə, ucqar kəndlərlə əlaqələr qırılıb, işıq, qaz, su təchizatında ciddi problemlər yaranıb, eləcə də Bakı şəhərinin mərkəzində də (baxmayaraq ki, Bakıya vur-tut beş-on santimetr qar yağmışdı) həyat qəflətən donub. Şəhərin ayrı-ayrı yerlərində yaranmış və on saata qədər davam edən avtomobil tıxacları, digər sahələrdə üzə çıxan çoxsaylı problemlər bir daha sübut etdi ki, bu iqtidarın inkişaf, tərəqqi, müasir idarəçilik barədə söylədikləri boş nağıldan başqa bir şey deyil.

Belə vəziyyət bir daha açıq şəkildə nümayiş etdirir ki, hakimiyyətin islahatlar aparmaq üçün siyasi iradəsi çatışmır, bu iqtidar siyasi opponentlərinə münasibətdə yalnız zorakılığa üstünlük verir, vətəndaşların və ölkənin sərvətlərini talamaqda davam edir.

İctimai Palata bütün yuxarıda deyilənləri nəzərə alaraq bir daha bəyan edir ki, Azərbaycan hakimiyyəti ölkədə ciddi siyasi və iqtisadi islahatlar aparılması üçün konkret əməli fəaliyyətə keçməlidir. Ona görə də biz hakimiyyətin

– İctimai Palatanın “Yol xəritəsi”ndə irəli sürdüyü islahatlar və dialoq təkliflərinə münasibət bildirməsini;
– İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla mühakimə edilərək həbs edilmiş və “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş üzvləri və digər fəallarının qeyd-şərtsiz azad olunmasını;
– hakimiyyət tərəfindən həyata keçirilən təqib və təzyiqlərə, vətəndaşların mülkiyyətinin talanmasına son qoyulmasını;
– azad fikirli ziyalılara qarşı son zamanlar hakimiyyətin yüksək dairələrində planlaşdırılaraq həyata keçirilən, ölkədə milli birliyə böyük zərbə olan təzyiqlərə və anti-təbliğata son qoyulmasını;
– vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsini zəruri hesab edirik.

Biz habelə bəyan edirik  ki, ölkədə real  siyasi-iqtisadi islahatlar başlamasa, gün-gündən ağırlaşan ictimai-siyasi və sosial-iqtisadi durum səbəbindən istənilən anda cəmiyyətdə baş verə biləcək sosial kataklizmlər və vətəndaş qarşıdurmalarına görə bütün məsuliyyət İlham Əliyevin və onun siyasi komandasının üzərinə düşəcək.

İctimai Palata belə hesab edir ki, ölkədə yaranmış  bu acınacaqlı vəziyyət Azərbaycanı dibi görünməyən uçuruma yuvarlayır. Odur ki, indiki mərhələdə İctimai Palata, ölkənin bütün ictimai-siyasi kəsimləri, ziyalılar, bütövlükdə cəmiyyət bu məsələlər barəsində ciddi düşünməli və köklü siyasi-iqtisadi dəyişikliklər həyata keçirilməsi istiqamətində fəaliyyət göstərməlidirlər.

Sessiya habelə İctimai Palatanın Koordinasiya Şurasına həvalə edir  ki, qurumun 2012-ci il üçün hazırlanacaq fəaliyyət planında bu bəyanatda səslənən təklifləri hərtərəfli nəzərə alsın..

Vidadi Məmmədov