Ramil Usubov hadisə barədə Ilham Əliyevə məruzə etdi
Özü də polis olan Azər Şahverdiyev bu əməlinə görə orqandan qovuldu
“Azadlıq”a daxil olan məlumata görə, prezdentin şəxsi mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovun bacısı oğlu Göygöl rayon polis şöbəsinin əməkdaşı Azər Şahverdiyev tutduğu vəzifədən uzaqlaşdırılıb.
Buna səbəb onunla post-patrul xidmətinin əməkdaşları arasında baş vermiş insidentdir. Insident zamanı Azər Şahverdiyev paqon yoldaşlarının üstünə silah çəkib. Lakin ərazidə olan digər polis əməkdaşları aranı birtəhər sakitləşdirib. Onlar Azər Şahverdiyevin güllələmək istədiyi polisləri Post Patrul Xidməti maşınına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıb. Bu zaman Azər Şahverdiyev maşını atəşə tutub. Ölən və yaralanan yoxdur.
Insidentin nə səbəbdən baş verdiyi bizə bəlli deyil. Bəlli olan odur ki, hadisə barədə Göygölün polis rəisi Məhərrəm Quliyev daxili işlər naziri Ramil Usubova məruzə edib. Ramil Usubov isə öz növbəsində baş verənləri Ilham Əliyevin diqqətinə çatdırıb. Bundan sonra Azər Şahverdiyev polis orqanlarından qovulub. Qeyd edək ki, Bəylər Əyyubovun bacısı oğlu Polis Akademiyasının sonuncu kursunda qiyabi təhsil alırdı.
Ərşad