Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülür

Bu gün gənc fəal,  keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi  Penitensiar Xidmətin Mərkəzi Müalicə müəssisəsinə köçürüləcək.  Gənc fəalın saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən bildirdiklərinə görə, bu köçürülmə Bəxtiyar Hacıyevin səhhəti ilə əlaqədar deyil və müvəqqəti xarakter daşıyır.Gənc fəalın ailə üzvlərinin verdiyi məluamata görə isə köçürülmə Bəxtiyar Hacıyevin deyil, cəzaçəkmə müəssisəsi rəhbərliyinin təşəbbüsü ilə  edilir. Səbəb olaraq,  bu günlərdə Avropa Şurası İşgəncələr Əleyhinə Komitəsindən ölkəmizə gələcək nümayəndə heyətinin Bəxtiyar Hacıyevlə görüşmə tələblərinin təmin edilməsidir.  Cəzaçəkmə Müəssisəsində hal-hazırda davam edən təmir işləri ilə əlaqədar  belə görüş üçün uyğun şərait olmadığından  rəhbərliyin təşəbbüsü ilə Hacıyev bir müddət  Penitensiar Xidmət Müalicə Mərkəzində qalacaq. 
Dekabrın 6-da isə gənc fəalın işi üzrə Ali Məhkəmənin iclası keçiriləcək. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək iclasda Bəxtiyar Hacıyevin iştirakının təmin edilib-edilməyəcəyi isə sual altındadır.
Məlumatı Bəxtiyar Hacıyevin müafiə komitəsi yayıb.
Xatırladaq ki, gənc fəal,ABŞ-ın Harvard universiteti məzunu , 2010-cu  il parlament seçkilərində deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncədə həbs edilib. May ayında Gəncə şəhər Nizami rayon məhkəməsi cinayət məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi  ilə təqsirli bilərək gənc fəalı iki il azadlıqdan məhrum edib. Gəncə şəhər Apellyasiya məhkəməsinin hökmü qüvvədə saxlayan qərarından sonra  Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində köçürülən Hacıyev 9 aydır ki, orada saxlanır.
Yerli və beynəlxalq bir çox hüquq müdafiə təşkilatları gənc fəalın həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildiriblər. Amnesty International Bəxtiyar Hacıyevi vicdan məhbusu hesab edib.