AYB-dən Nizami Cəfərova cavab gəldi

Çingiz Abdullayev: «Nizami Cəfərov «boykot» sözünü başa düşmürsə, mən buna ancaq təəssüf edə bilərəm»

Ədalət Əsgəroğlu: «Mən Nizami Cəfərova da zəng vurmuşdum»

Bəlli olduğu kimi, Azərbaycan  Yazıçılar Birliyi “ƏDV-yə yox deyək, kitaba dəstək verək” mövzusunda müzakirə keçirib. Müzakirədə millət vəkilləri və birlik üzvləri iştirak etsə də, AYB katibi Çingiz Abdullayev millət vəkili Nizami Cəfərovun dəvət olunduğunu, fəqət gəlməməklə tədbiri boykot etdiyini söyləyib.
Nizami Cəfərov isə “Şərq”ə açıqlamasında sözügedən tədbirə dəvət almadığını, dəvət olunardısa, mütləq gedə biləcəyini söyləyib. Xüsusən də Çingiz Abdullayevin onu hara dəvət etsə mütləq gedəcəyini qeyd edən millət vəkili bundan sonrakı dəvətlərə çağırılarsa, canla-başla iştirak edəcəyini deyib. Millət vəkili həmçinin qeyd edib ki,  tədbiri boykot etmək ifadəsinin nə olduğu açıqlansın: “Əvvəlcə yaxşı olar ki, Çingiz Abdullayev Azərbaycan dilini yaxşı-yaxşı öyrənsin və bu cür əcnəbi ifadələr işlətməsin”.

Çingiz Abdullayev isə “Azadlıq”a bildirib ki, AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu 3 dəfə Nizami Cəfərova zəng vurub, lakin deputatın telefonu söndürülüb: “Daha sonra Ədalət Əsgəroğlu onun köməkçisinə bu barədə deyib. Özü də bu, birinci hal deyil. Indi gəlmək istəmirsə, özü bilər”.
Deputatın “Çingiz Abdullayev Azərbaycan dilini yaxşı-yaxşı öyrənsin və bu cür əcnəbi ifadələr işlətməsin” fikrinə gəlincə, AYB-nin katibi deyib: “Ingilis sözü olan boykot beynəlxalq sözdür. Nizami Cəfərov ”boykot” sözünü başa düşmürsə, mən buna ancaq təəssüf edə bilərəm. Amma Azərbaycan dilini, əcnəbi dilləri də yaxşı bilirəm”.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu “Azadlıq”a açıqlamasında bu anlaşılmazlıqla bağlı bunları deyib: “Milli Məclisin yazıçı üzvlərini tədbirə dəvət etmək mənə həvalə olunmuşdu. Mən də onlara zəng vurub tədbirə dəvət etmişəm. Mən Nizami Cəfərova da zəng vurmuşdum. Lakin telefonu söndürülmüşdü. Ona görə də mən Nizami müəllimin rəhbəri olduğu Atatürk Araşdırmalar Mərkəzinə zəng vurdum. Dəstəyi bir qadın qaldırdı və Nizami Cəfərovun orda olmadığını bildirdi. Mən də onun nəzərinə çatdırdım ki, belə bir tədbir var, Nizami müəllim də ora dəvətlidir. Xahiş etdim ki, bu barədə Nizami Cəfərova bildirsin. Indi mənə bəlli deyil ki, Nizami Cəfərova deyiblər ya, yox. Amma məsələ bu cür olub”.

Nigar