ABŞ İranın qonşusunu silahlandırır

Birləşmiş Ərəb Əmirlikləri 4900 «bunker məhvedən» raket alır

Iranın Londondakı səfirliyi boşaldıldı

Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücumla əlaqədar yaranmış gərginlik davam edir. Avropanın bəzi ölkələri artıq Tehrandakı səfirlərini geri çağıraraq Böyük Britaniyaya dəstəklərini, Irana isə etirazlarını nümayiş etdiriblər.
Italiya hökuməti Iranın bu ölkədəki səfirini Xarici Işlər Nazirliyinə çağıraraq, izahat tələb etməklə etirazını ifadə edib. Nazirliyə çağırılan Iranın Italiyadakı səfiri Mehdi Akoçkiyana Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücuma görə etiraz bildirilib.
Bundan başqa, Italiyanın xarici işlər naziri Julio Tertsi jurnalistlərə açıqlamasında məlumat verib ki, hökumət Irandakı səfiri məsləhətləşmələr üçün geri çağırmaq barədə qərar qəbul edib. Onun sözlərinə görə, Italiya hökuməti Böyük Britaniya səfirliyinə hücumdan sonra Iran və beynəlxalq ictimaiyyət arasında gərginliyin artdığını nəzərə alaraq, Islam Respublikasında olan vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.
Yeri gəlmişkən, 25 ölkənin səfiri Böyük Britaniyanın Irandakı diplomatik korpusuna baş çəkib. Kanada, Meksika, Türkiyə, Isveçrə, Polşa, Macarıstan, Finlandiya, Bolqarıstan, Yunanıstan, Çexiya və s. ölkələrin səfirlərinin bu addımı Tehran vilayətinin valisi Mürtəza Təməddünün etirazına səbəb olub. O, bu hadisə ilə bağlı Iran Xarici Işlər Nazirliyinə yazılı hesabat göndərib.
Tehranın müvəqqəti imamcüməsi ayətullah Əhməd Hatəmi isə hadisəyə haqq qazandırıb. O, ölkə parlamentinin Britaniya ilə bağlı çıxardığı qərarı da dəstəkləyib. Ayətullahın fikrincə, ingilislər yüz ildən çoxdur Islam ölkəsinə xəyanət edirlər. Hatəmi 2009-cu il prezident seçkisindən sonra Iranda baş verən iğtişaşları Böyük Britaniyanın törətdiyini söyləyib.
Böyük Britaniyanın iranlı diplomatların ölkədən çıxması üçün müəyyənləşdirdiyi müddət dünən başa çatdı. Iranın Londondakı səfirliyinin önünə cəlb olunan yük maşınlarıyla 20-dən çox iranlı diplomatın səfirlik binasında olan əşyaları çıxarılıb.
Onların və ailələrinin Iran Hava Yollarına məxsus çarter təyyarəsilə Ingiltərədən gedəcəkləri gözlənilir. Ingiltərə hökuməti rəsmi Tehranla diplomatik əlaqələrin kəsilmədiyini, lakin ən aşağı səviyyəyə endirildiyini bildirib.
Bu arada, ABŞ Senatı Irana qarşı yeni sanksiyalar haqda qərarı təsdiqləyib. Yeni qadağalara əsasən, Iran Mərkəzi Bankı ilə işgüzar əlaqələr qurmuş əcnəbi bankları ABŞ-da cəzalandıracaqlar. Qanun layihəsi Nümayəndələr Palatasının müzakirəsinə veriləcək.
Qeyd edək ki, Avropa Birliyinə daxil olan ölkələrin xarici işlər nazirləri də Irana qarşı sanksiyaları gücləndiriblər. Onlar sanksiyaya məruz qalan şəxs və şirkətlərin siyahısına 180 yeni ad əlavə ediblər.
Obama administrasiyası isə sanksiyaların neftin qiymətinin qalxmasına səbəb olacağı və nəticədə Iranın xeyrinə işləyəcəyi fikrindədir. Obama administrasiyası onu da vurğulayıb ki, bu sanksiyalar ABŞ-ın müttəfiqlərlə münasibətlərini korlaya bilər.
Bundan başqa, ABŞ regional təhdidlərin qarşısının alınması məqsədilə Iranla sərhəd ölkə olan Birləşmiş Ərəb Əmirliklərinə 600 “bunker məhvedən” raket satmağı təklif edib. Müdafiə Nazirliyi 304 milyon dollarlıq təklifin sözügedən raketlərlə yanaşı, “Boeing” şirkətinin istehsalı olan 4900 qoşqu aparatı və 4300 ədəd bombanı da əhatə etdiyini açıqlayıb.
Pentaqon təqdim edilən təklifin Birləşmiş Ərəb Əmirliklərinin hazırkı və gələcək regional təhdidlərə cavab vermək gücünü artıracağını bildirib. Bunker məhvedən “BLU-109″ raketləri 900 kiloqram ağırlığındadır və yerin altındakı əmr mərkəzlərini, cəbbəxanaları və digər hədəfləri məhv etmək üçün hazırlanıb. Bu raketlərdən, Iranın dörd bir tərəfinə yayılmış və bəziləri yeraltı sığınacaqlarda olan nüvə təsislərinə qarşı istifadə edilə biləcəyi istisna olunmur.
“Boeing” şirkətinin istehsal etdiyi qoşqu aparatı sahib olduğu qlobal yerləşdirmə sistemi sayəsində 25 kilometr uzaqlıqdakı hədəfə aid məlumatları toplaya və mərkəzə ötürə bilir.
ABŞ müdafiə və kosmik sənaye şirkəti “Lockheed Martin”in istehsal etdiyi “F-16 Block 60” döyüş təyyarələrini Birləşmiş Ərəb Əmirlikləri bir müddət əvvəl almışdı. Bu təyyarələr ”F-16” sinfinin ən müasir modelidir.

Elxan