1 milyonluq keçidi yerlə bir etdilər

Metronun «Əzizbəyov» stansiyasına Heydər Əliyevin adı verilir, ətrafında da 20 milyonluq «Heydər parkı» salınır

Metronun “Məşədi Əzizbəyov” stansiyasında əsaslı təmir işləri çərçivəsində stansiyanın hazırkı çıxışı ləğv edilib, yenisi tikilir. Bu, Bakıda metrosunda şüşə konstruksiyalı ikinci stansiya olacaq. Artıq yeni giriş-çıxışın metal konstruksiyalı dayaqları quraşdırılıb.

1 milyon havaya sovruldu

Stansiyanın təkcə giriş-çıxışı deyil, ətrafı da yenidən qurulur. Ətrafdakı onlarla obyekt sökülərək, ərazi hasara alınıb. Orada gedən işlərdən belə məlum olur ki, yaxınlıqda park salınacaq. Hava limanından şəhərə girişin məhz bu ərazidən keçdiyini nəzərə alaraq, parkın mərkəzində Heydər Əliyevin heykəli də ucaldılacaq.
“Əzizbəyov” metrostansiyasının adının dəyişdiriləcəyini rəsmilər də təsdiqləyiblər, amma onlar yeni adı açıqlamayıblar. Metropolitenin rəisi Tağı Əhmədov isə 3 ad üzərində müzakirələr getdiyini deyib: “Heydər Əliyev”, “Böyükşor” və “Xəzər”. Lakin “Azadlıq”a xəbər daxil olub ki, “Əzizbəyov”un “Heydər Əliyev”lə əvəzlənməsi məsələsi artıq həll olunub. Deyilənə görə, stansiyaya Mir Cəlal Paşayevin adının verilməsi də müzakirə predmeti olub. Ancaq həmin stansiyanın Heydər Əliyev prospektində yerləşdiyini nəzərə alaraq, bunu məqsədəuyğun saymayıblar. Mir Cəlal Paşayevin adının isə ya “Inşaatçılar”, ya da “Ulduz” stansiyalarından birinə veriləcəyi bildirilir.

“Əzizbəyov”un təmiri üçün büdcədən 6 milyon manat ayrılıb. Təmir-tikinti işlərinə 100-dən çox fəhlə cəlb edilib. Bu ilin sonuna qədər işlərin yekunlaşacağı deyilir.
Bir müddət əvvəl Heydər Əliyev prospektindəki binaların bir hissəsi sökülmüş, qalanına da yeni üzlük vurulmuşdu. Həmin ərəfədə “Əzizbəyov”un ikinci çıxışı da təmir edilmişdi. Məlumata görə, bu təmir üçün 1 milyon manat ayrılmışdı. Üstündən çox keçməyib, amma 1 milyon vəsait sərf olunmuş keçidi yerlə-yeksan eləyiblər. Həmin çıxış, ümumiyyətlə, bağlanıb, üstü isə asfaltlanır.

Üç oliqarxın birləşdiyi ünvan


Bundan başqa, “Əzizbəyov” dairəsi ətrafında yaşayan 100-ə yaxın ailə köçürüldü. Çünki məmur-oliqarxlar burada dəyəri milyonlarla ölçülən layihələr həyata keçirməyi planlaşdırırdılar. Bu sırada Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov və Tağı Əhmədovun adı çəkilir. Insanların evlərindən didərgin salınmasını hərəsi bir cür izah edir. Nəqliyyat Nazirliyi tikilməkdə olan yol qovşağının altında köhnə evlərin olmasının əleyhinədir, metropoliten rəhbərliyi stansiyanın görkəmini dəyişməyə başladığı üçün ərazidə bu tip evləri görmək istəmir, Dövlət Neft Şirkəti isə Böyükşor gölünü qurudub, yerində 60 minlik futbol stadionu tikmək niyyətindədir.
Həmin ərazidə bu layihələrin gerçəkləşdirilməsi Azərbaycan büdcəsinə 1 milyarddan baha başa gələcək.

Heydər Əliyev adına park və metro

Bəs, yeni parkın salınması üçün nə qədər vəsait ayrılıb? Əldə etdiyimiz məlumata görə, bu park digərlərindən fərqlənəcək. Məsələn, Heydər Əliyevin heykəli qoyulacaq süni təpənin ətrafına xaricdən gətirilən bahalı palmalar basdırılacaq. Ümumiyyətlə, parka təxminən 20 milyon manat sərf olunacağı bildirilir. Onu da öyrəndik ki, metrostansiya ilin sonuna qədər hazır olsa da, parkın açılışı bir qədər gecikəcək. Amma bütün hallarda “Eurovision 2012”yə qədər hazır olacaq.

Kiçik sözardı

Ötən il çexiyalı jurnalist Azərbaycanla bağlı reportajında yazmışdı ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş elementlərinə Bakıda hər addımda rast gəlirsən: “Hava limanı, şəhərin əsas prospekti onun adını daşıyır, hər tində isə onun portretləri asılıb. Heydər Əliyevə sitayişin mərkəzi isə onun yaşıl çəmənlikdə şam ağaclarının arasındakı məzarıdır”.
Maraqlıdır, “Eurovision-2012″ni izləmək üçün Heydər Əliyev adına hava limanında düşüb, metronun ”Heydər Əliyev” stansiyasının yanından keçib, Heydər Əliyev prospektilə hərəkət edib, Heydər Əliyev Mərkəzini görəndən sonra, nəhayət, şəhərin mərkəzinə çatan əcnəbi jurnalistlər bundan sonra nə yazacaqlar?

Ramin DEKO