«BDU» yaşayış kompleksi kommunal problemlər məngənəsində…
Üç gün əvvəl, səhər saatlarında “Azadlıq”a edilən zəng kifayət qədər təşvişli idi: “Gəlin, bizim halımızı görün, Azərbaycan ziyalısını qaranlığa qərq edənləri tanıyın!”. Zəng, el arasında “Abeltaun” (ingiliscədən tərcümədə “Abel şəhərciyi”) adlanan BDU-nun yaşayış kompleksindən gəlmişdi. Şikayət gələn ünvana getdik.
Liftdə qaldılar, çay içmədilər, əllərini yuya bilmədilər
“Abeltaun” hələ ki, 4 ayrı korpusdan ibarət yaşayış məntəqəsidir. Bura 2008-ci ildə istifadəyə verilib. Binadakıların çoxu BDU-nun pedaqoji heyətidir. Bizi işıq probleminə görə çağırmışdılar, ancaq söhbətləşəndə onların dərdinin daha ağır olduğu üzə çıxdı. 29 noyabrda hər kəs işə hazırlaşdığı, getdiyi bir vaxtda “Abeltaun”da qəfil işıqlar sönür və bu, az qala, fəlakət sayılacaq nəticələr doğurur. 10-dək insan 40 dəqiqə liftdə qalır, işə hazırlaşanlar suyun kəsilməsi ucbatından yuyunmaq imkanlarını itirir (bu binalarda su sistemi elektriklə işləyir – red.).
Sakinlərin səs-küyü və aramsız telefon zənglərinin nəticəsi olaraq, Yasamal rayon elektrik şəbəkəsi enerjini bərpa etdi. Ancaq bu da sakinlərin qəzəbini soyutmadı. Onlar soruşurlar: “Bir halda ki, binaları bütöv şəkildə enerjidən məhrum etmək qanunla qadağandır, niyə qanuna məhəl qoyulmur?”
Biz bu sualı elə yerindəcə aydınlaşdırmaq üçün Yasamal rayon elektrik şəbəkəsinin rəisi Maqsud Məmmədovla əlaqə saxladıq. Maqsud müəllim elektrik kəsintisi olduğunu təsdiqlədi və bunu sakinlərin borcuyla əlaqələndirdi.
“Bəs nəyə görə borclu şəxslərin yox, bütün binaların xətti kəsilir?” sualının cavabı isə çox maraqlı oldu. O dedi ki, bunun səbəbkarı binanın kooperatividir. Kooperativ sakinlərin hər birinin sayğacının kodlaşdırılması üçün müraciət etmədiyindən onlar yalnız bir ümumi sayğacı əsas götürərək onunla hesablaşırlar.
“Abeltaun”u “BDU” kooperativ idarə edir. Kooperativin idarə heyətinin sədri Hikmət Cəfərovdur. Hikmət müəllimə qarşı yaşayış kompleksində kifayət qədər ciddi ittihamlar var. Elektrik sayğaclarının kodlaşdırılmaması onlardan yalnız biridir. Sakinlərin iddiasına görə, elektrik pullarının hamısının kooperativ tərəfindən yığılması da sədrin şəxsi maraqlarından irəli gəlir. O, pulu kefi istədiyi kimi xərcləyir, nəticədə elektrikin kəsilməsindən sakinlər əziyyət çəkir.
Hikmət Cəfərova yönələn daha bir ittiham isə onun sədrliyinin, ümumiyyətlə, qanunsuz olmasıyla bağlıdır. Sakinlər Mülki Məcəlləyə istinadən bildirirlər ki, kooperativin ali idarəetmə orqanının sədri və üzvləri yalnız və yalnız onun payçılarından ola bilər. Hikmət Cəfərovun isə “Abeltaun”da heç bir payı yoxdur. O, ancaq BDU rəhbərliyinə yaxınlığına görə bu postu tutub. Bildirilir ki, idarə heyətinin sədri özünü postuna uyğun yox, daha çox müdir kimi aparır. O, payçılarla heç bir hesablaşma eləmir, kooperativin ümumi yığıncaqlarını keçirmir.
Kooperativ rəhbərliyi 3 ildən artıqdır ki, istifadəyə verilən binaların qazlaşdırılması məsələsinə səhlənkar yanaşmaqda da günahlandırılır. Bu günə qədər həmin binalardakı mənzillərdə istilik ancaq elektrikin hesabınadır, bu isə vətəndaşlara aşırı elektrik xərcləri yaradır.
“Abeltaun”da kommunal xidmət haqqı adı altında yığılan pulun məbləği də narazılıq mənbəyidir. Burada 3 otağı olan hər bir şəxs ayda 40-50 manat kommunal xidmət haqqı ödəməlidir. Yığılan pulların xərclənməsində isə şəffaflıq yoxdur. Buna görə də sakinlər iddia edir ki, həmin pullar mənimsənilir.
Biz səslənən ittihamlara kooperativin sədri Hikmət müəllimlə söhbətdə aydınlıq gətirməyə çalışdıq. Çox qəribədir ki, o, lap əvvəldən qeyri-səmimilik nümayiş etdirərək 29 noyabrda səhər saatlarında elektrik kəsilməsini, insanların liftdə bayılma həddinə qədər qalmasını inkar etdi. Biz ona bu faktın Yasamal rayon elektrik şəbəkəsindən təsdiqləndiyini xatırlatsaq da, yenə fikrindən dönmədi. Hikmət müəllim dedi ki, kooperativdə heç zaman elektrik problemi olmayıb, olmayacaq da. Fərdi sayğacların kodlaşdırılmasına gəlincə, o, bu məsələ ilə əlaqədar müraciət etmədiyini etiraf etdi. Bildirdi ki, bu da korrupsiya marağından irəli gəlmir, sadəcə, kooperativin binalarını hələ dövlət tam təhvil almayıb. Bu üzdən işlər gecikir.
“3 ildir insanların yaşadığı binalar niyə təhvil alınmayıb?”, “nə vaxt təhvil alınması gözlənilir?” kimi suallara isə həmsöhbətimizin konkret cavabı olmadı. Qazlaşma ilə bağlı problem olduğunu, lakin ilin sonuna qədər problemin yoluna qoyulacağına da söz verdi.
Sədrliyinin qanunsuz olmasıyla bağlı ittihamlar isə Hikmət Cəfərovu lap təbdən çıxardı. O, “kooperativdə payınız varmı?” sualını çaşqınlıqla qarşıladı: “Payçıyam, payçı deyiləm – bunun məsələyə dəxili yoxdur. Mənim seçkim qanuni olub və bu barədə protokol var”.
Bəs seçki harda olub? Həmsöhbətimiz özü deyir ki, seçki BDU-da keçirilib və Abel Məhərrəmovun da seçki protokolunda imzası var. Hikmət müəllim deyir ki, kim də yalana imza atsa, Abel Məhərrəmov belə bir şey eləməz, o, mötəbər insandır.
Yığıncaqların keçirilməməsi, kommunal xərclər adı altında toplanan vəsaitlərin mənimsənilməsi barədə deyilənlərə isə Hikmət Cəfərov geniş cavab vermək istəmədi: “Nə deyə bilərəm ki… Allah göydən baxır, o, kimin nə etdiyini yaxşı görür”.
Natiq Güləhmədoğlu
P.S. Ziyalılar Forumuna qarşı bəyanatı imzalayan 245 müəllimin azı 50 faizi “Abeltaun”da yaşayır. Hökumət onları həm əsl ziyalılığa qarşı çıxarıb hörmətdən salır, həm də gördüyünüz kimi, işığa, qaza həsrət qoyub, liftdə saxlayır.