Timoşenkonu həbsdən buraxmadılar

Kiyev Apellyasiya Məhkəməsi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun “qaz məsələsi” üzrə hökmdən şikayəti üzrə ilkin dinləmədə müdafiəçilərin müraciətini qəbul etməyərək onun həbsdə qalması haqda qərar verib. Məhkəmə Yuliya Timoşenkonun həbsdən azad edilməsi üçün heç bir əsas olmadığını bildirib.

Hakim bildirib ki, baş nazirin səhhətilə əlaqədar iş üzrə icranın dayandırılması üçün də heç bir əsas yoxdur. Sabiq baş nazirin özü səhhəti ilə əlaqədar dinləmədə iştirak edə bilməyib. İşə baxılması dekabrın 13-də davam etdiriləcək.

Xatırladaq ki, Kiyevin Peçyorsk rayon məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda və 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən dövlətə 200 milyon dollaradək zyan vurmaqda ittiham olunan Yuliya Timoşenkonu 7 il həbs cəzasına məhkum edib.

İnformasiya şöbəsi