İslamın peyğəmbəri və düşüncə qatilləri

Bəşər Əsədin vayı çalınmada. Artıq özü də anlayıb qədərini. Ilk diktatordu ki, anladığını sezdirir. Ama yenə də diktatordu da. Tam olaraq anlaya bilmir ki, xoşluqla şələsini çatıb getməlidi. Heç bir diktator dünya nizamının, bu kataklizmin qarşısında dayana bilməz.

Əsəd özünün üstündən xətt çəkir və ondan sonra kimlərin növbədə olduğunu deyir. Bunu anlamaq üçün diktator olmağa gərək yoxdu. Uşaq da bilir bu şeyləri. Ancaq bu allahlıq iddiasında olanlar bilmir axı.
Ondan sonra növbədə olan diktatorlar da, hər hansı möcüzə nəticəsində taxtda qalacaqlarına bel bağlayaraq qatır kimi inad göstərirlər. Növbələrinin çatacağını bilirlər. Ancaq bu dəfə, ömürləri boyu hər şeydə birinci olmaq üçün əllərindən gələni beş qaba çəkmək, hər yerdə növbəsiz önə keçmək azarında olan bu zavallılar bu dəfə növbədə sona düşəcəklərinə ümid eləyirlər. Elə bir durum yetişib ki, indi xanlar da “ya xan ölər, ya eşşək” deyir. Iran isə Bəşər adlı insan qatilinin yanında… Çünki hiyleyi-şəri deyilən bir şey var.
***
Çağdaşları Məhəmməd peyğəmbəri ciddi, az danışan, ama çox həlim, ürəyiyuxa, rəhmli, dözümlü, əks fikirlərə açıq olan, qəzəblənməyən, səbrlə, ağlının, məntiqinin, Sözünün yardımıyla cavab verən biri kimi təsvir eləyirlər. Onu daşa basarmışlar, ipək geyimlərini nəcislə bularmışlar, masğaraya qoyarmışlar, dəli deyərmişlər… qəlbi yəqin qırılarmış, ama bir dəfə bir kəsi aşağılamaz, acılamazmış. Bu, əslində yeni din gətirmədiyini, sadəcə, lap qədimlərdən mövcud olmuş, lakin unudulmuş dini, tək Allahı geri qaytardığını, bərpa elədiyini, yenidən insanların yadına saldığını düşünən, ama bununla belə yeni din gətirmiş o kişi başına hər gün zibil tökən qarıya belə, acıqlanmamış, zibili görməyincə odasınacan getmiş… On il ona qulluq göstərmiş Ənas sonralar danışarmış ki, onun işlətdiyi ən ağır tənə “Görüm alnı çirkə bulaşsın” sözüymüş və hətta kimsə ondan düşmənini qarğamağı xahiş edəndə deyərmiş: “Mən yer üzündə kimsəni qarğamağa yox, insanlar arasında barış və həlimlik yaymağa göndərilmişəm”. Və Islamın ana prinsipi: “Allah hər şeyi bağışlar, yalnız Özünə şərik qoşanları əfv etməz”. Məhəmməd peyğəmbərə həcv yazan Hətər oğlu Əmr ibn Asın necə bağışlandığını və sonradan kim olduğunu bilmirlərmi? 
Pozitivist iman yaxşı nümunə tələb edirdi, elə də qalır. Indi nə olub bəs? Məgər Islam o soylu kişinin gətirdiyi din deyil, ya indiki Islam o din deyil? Məgər ayətullahlar Allaha şərik qoşmurlarmı kimsəni sorğulamadan, haqq yola çağırmadan, məhkəməsiz-filansız kiminsə qətlinə fitva, ölümünə hökm verməklə? Iranda Islammı hakimdi, Kalvinizmmi? Bəs nədən parlaq zəkalı, özgür düşüncəli din adamları birləşib bu düşüncə diktatorluğuna, Allaha şərik qoşan, sözünün hər kəlməsindən qan daman ayətullahlara “dur” demir? Nədən Azərbaycanın din adamları ağzına su alıb? Kimisi ya heç dinmir, kimisi də sadəcə, Rafiqin qətlində əli olmadığını deyir. Halbuki əli qana batmayan, ama düşüncəsində Rafiqi yüz yol çarmıxa çəkənlərin varlığından kim xəbərdar deyil – istər din, istər DIN adamı olsun. Haçansa mənə Rafiq üçün həbsin hələ çox az olduğunu deyənlər, görəsən indi öz düşüncə qatilliklərinə görə az da olsa vicdan əzabı çəkirlərmi? Nədən bu peyğəmbər aşiqləri o qutsal kişiyə zərrəcə çəkmədilər, axı? Fitva vacibdisə, nədən onu Allaha şərik qoşan bütün diktatorlar üçün vermirlər? Sözündən başqa bir silahı olmayan cılız yazarın ölüm fitvasını verməyə nə var ki? 
Bu cahillik uzun çəkər, heyf səndən Azərbaycan oğlu…