Rusiya Cənubi Osetiyanı qarışdırdı

Bölgədə Kremlmeylli namizədin «seçilməməsi» vətəndaş müharibəsi təhlükəsi yaradıb

Dünya birliyinin tanımadığı Cənubi Osetiyada keçirilən prezident seçkilərinin nəticələrini Ali Məhkəmənin ləğv etməsindən sonra müxalif namizəd Alla Cioyevanın tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmanın silahlı müstəviyə çevrilə biləcəyi təhlükəsi yaranıb. Cioyeva tərəfdarları Mərkəzi Seçki Komissiyasının binası qarşısında toplanaraq binanı işğal etməyə çalışarkən müxaliflərlə polislər arasında toqquşma baş verib. Vəziyyətin nəzarətdən çıxdığını görən polislər havaya xəbərdarlıq atəşi açıblar.
Məhkəmə qərarından sonra Alla Cioyeva tərəfdarları ilə görüşərək özünü dövlət başçısı elan edib. Bundan sonra isə hökumətin qurulduğunu açıqlayıb və hazırkı prezident Eduard Kokoytı hakimiyyətindən səlahiyyətlərini təhvil verməyi tələb edib. Alla Cioyeva bölgədə vətəndaş müharibəsi təhlükəsinin önlənməsi üçün Rusiyadan dəstək istəyib. Lakin Kremlin prosesə müdaxilə etmək fikrində olmadığı açıq görünür.
Ekspertlərin fikrincə, seçki prosesinin əvvəlində Rusiya prezidenti Dmitri Medvedevin prezidentliyə namizədlərdən biri – Bibilovla görüşməsi və ona açıq dəstək sözü verməsindən sonra Cioyevanın seçildiyini tanımaq Kreml üçün böyük uğursuzluq olar. Kreml rəsmiləri Almaniyada mühacir həyatı yaşayan Tedeyevin bölgəyə dönüşündən sonra Kokoytı və tərəfdarlarından intiqam ala biləcəyini düşünür. Bu vəziyyətdə isə bölgədə vətəndaş müharibəsinin qaçılmazlığı istisna olunmur.