Mən millətçi deyiləm – TÜRKƏM!

Azərbaycanda yaşayan əhalinin 91 faizini təşkil edən etnosun nümayəndəsi olsam da, məni nədənsə öz adımla çağırmırlar. Hətta buna görə “bir millət-iki dövlət” şüarından da əl çəkməyə hazıram. Vətənimizdə yaşayan, öz adları ilə çağırılan xalqlara hərdən həsəd aparıram. 16 ildir ki, bu ölkədə yaşayan yeddi milyondan artıq türkə heç bir elmi-siyasi əsas olmadan azərbaycanlı deyilir, onun dili isə, azərbaycan dili adlandırılır. Mən millətçi deyiləm, amma inanmıram ki, nə bir talış, nə də ləzgi vətəndaşım, mənim türk olmağımdan narahatlıq keçirsin. Əsrlərlə formalaşan milləti 16 ilə dəyişə bilmək mümkün deyil. Ruslar bunu 200 ilə, farslar isə əsrlər boyu edə bilmədilərsə, iqtidarın etnogenez “dahiləri” söylədiklərinin fərqindədirmilər, görəsən? Azəri türkündən başqa, məmləkətdə hər bir xalqı öz adı ilə çağıranlar, deyəsən nə etmək istədiklərini bəzən heç özləri belə anlaya bilmirlər. Maraqlıdır, biz türklər, ölkədə yaşayan hansı xalqdan yaşam şərtlərinə görə əlahiddəyik? Amansız fiziki mövcudluq savaşı nə talışı, nə ləzgini, nə avarı, nə də bizi bu haqda düşünməyə qoyur. Baxın…

…Bakı şəhərində yeni tikilən körpülərin altında qul bazarı   adlandırdığımız “iş yerlərində” əllərində drel, laqonda, “otboynı molotok”la silahlanmış, axşam evə bir tikə çörək aparmaq üçün Fərhad şücaətini hər gün təkrarlamağa hazır olan soydaşlarımız arasında, talış da var, ləzgi də var, kürd də var, biz də varıq.
…Hər gün şimal istiqamətlərinə yola düşən dolu qatarlarda bir tikə çörək dalınca qərib məmləkətlərə üz tutanların arasında avar da var, tat da var, talış da var, biz də varıq…
…Yayın cırhacırında, məmurların hasarladığı çimərliklərə baxa-baxa, pulsuz, yaddan çıxmış, yararsız və kimsəsiz (!) sahil guşəsi tapıb, sərinləmək istəyənlər arasında talış da var, ləzgi də var, avar da var, biz də varıq.
…Murov yüksəkliyində don vurmuş kipriklərini qırpmadan doğma Azərbaycanımızın keşiyində duran balalarımız arasında talış da var, ləzgi də var, tat da var, avar da var, biz də varıq.
…Nəhayət, mənfur düşmənlərimizə qarşı müqəddəs savaşda canlarını əsirgəməyən mərd oğullarımızın uyuduğu Şəhidlər xiyabanı, harda yoxdu ki?.. Yurdumuzun hər bölgəsində, hər kəndində Vətəni bizə əmanət etmiş bu igidlər uyuyur…
Mən bilərəkdən Azərbaycanda yaşayan xalqların adlarını çəkdim, əslində biz daha çox vətəndaşlarımızı anadan olduqları coğrafi məkanla xatırlayırıq: qubalı, balakənli, lənkəranlı… Məsələn, “gəlinimiz astaralıdır”, “yeznəmiz Qubalıdır” və.s.
Bu gün yuxarıda sadaladığım mərhumiyyət və çətinliklərdən sığortalanmış hakimiyyət nümayəndələri və onların ideoloqları, türkləri azərbaycanlı kimi adlandırmaqla,  məsələni daha da həssas və “təhlükəli” kimi qələmə verməklə, əslində siyasi hakimiyyətlərini bu yolla uzatmağa, sosial partlayışı milli qarşıdurma ilə əvəzləməyə ümid bəsləyirlər. Yəni mən, özümü türk adlandırmağımla və haqqımı tələb etməklə, guya Azərbaycanda yaşayan digər xalqların “qəzəbinə” tuş gələ bilərəm(!). Guya sizin bu “kəşf”inizədək onlar bilmirdilər, mən kiməm? Və yaxud mən onlara desəm ki, mən mən deyiləm, inanacaqlarmı?. Qəribə bir sual ortaya çıxır, əgər biz türklər “formalaşaraq”, azərbaycanlı olmuşuqsa, bəs onda niyə talışlar, kürdlər, tatlar, ləzgilər və bu torpaqda yaşayan başqa xalqlar niyə azərbaycanlı deyillər?
Nəhayət, dediyindən dönməyən Ramiz Mehdiyev və komandasının menyüsünə.
…”Vətən sağ olsun deyirik. Azərbaycan türkləri də bu hadisəyə görə türkiyəli qardaşlarımız qədər üzülür”.
Bu, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, H.Əliyev fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri, millət vəkili, Qənirə Paşayevanın bu yaxınlarda Türkiyədəki zəlzələ ilə əlaqədar bəyanatının əsas tezisidir. Əgər məsələyə rəsmi dövlət mövqeyindən yanaşsaq, belə çıxır ki, talışlar, ləzgilər, kürdlər və hətta azərbaycanlılar da bu faciəyə “üzülmür”. Üzülənlər, Azərbaycanda yaşayan məshəti türkləri və türkiyəli vətəndaşlardır və xanım deputat da elə onların üzüntüsünü izhar edib. Gülməlidir, deyilmi?
Sonda Azərbaycanın sevimli xalq artisti, Cavad xan rolunun ifaçısı Nurəddin Mehdixanlıdan sitat gətirmək istəyirəm:
“Hələ də öz millətimizin adını deməyə çəkinirik. Mən türkəmsə, məni azərbaycanlı edə bilməzlər”.