Hicaba azadlıq istəyənlərə 5 il həbs istənildi

Dekabrın 2-də Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzov, Taleh Ələkbərov, Toğrul İsgəndərov və Məmməd Əsgərovun mühakiməsi keçirilib. Prosesə hakim Arif İsmayılov sədrlik edib.

“Azadxeber.az” saytının məlumatına görə, dövlət ittihamçısı Toğrul İsgəndərova Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) 4 il 6 ay müddətinə, digər 3 təqsirləndirilən şəxslərə isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Dövlət ittihamçısı cinayəti sübuta yetirilmiş hesab edib.

Prosesdə vəkillərin çıxışları da dinlənilib. Onlar bildiriblər ki, hicab məhbuslarının əməllərində heç bir cinayət tərkibi yoxdur. Vəkillər şahidlərin ifadələrini əsas gətirərək müdafiə etdikləri şəxslərə bəraət istəyiblər. Onlar qeyd ediblər ki, istintaq ehtimallar üzərində qurulub. Vəkillərin sözlərinə görə, aksiyada 30 nəfərədək polis əməkdaşının zərər çəkdiyi deyilir, ancaq konkret olaraq onlar kimdir, bu bilinmir.

Daha sonra hicab məhbuslarının çıxışı olub. Taleh Ələkbərov mayın 6-da, Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada iştirak etdiyini bildirib: “İttihama əsasən, guya mən Tural Paşayev adlı polis əməkdaşına xəsarət vurmuşam. Amma Allah şahidim olsun ki, orada heç kəsə xətərim dəyməyib. Videokadra əsasən deyirlər ki, mən aşağı əyilib daş götürmüşəm. Ancaq videokadra baxıldıqda mənim aşağı əyilməyib düşüb, ancaq orada nə götürdüyüm düşməyib. Mən əyilərək polis əməkdaşının papağını götürüb ona təhvil vermişəm. Mənim polisə qarşı düşmənçilim yoxdur. Bu bir təxribatdır – dindarla hakimiyyəti üz-üzə qoyurlar.

Mən vicdanımın səsinə qulaq asıb aksiyaya gəlmişəm. Ana-bacılarımın hicabına əl uzadanlara qarşı söz deməyə gəlmişəm. O ki qaldı 5 ilə, bizim üçün çöldə olmaq zindandır. 5 il mənim üçün heç bir şeydir. Sadəcə, hakimə bunu demək istəyirəm ki, mənim günahsız olmağımı və azyaşlı övladımı nəzərə alaraq ədalətli qərar çıxarsın”.

Zaur İsgəndərov da hesab edib ki, özünə qarşı heç bir sübut yoxdur: “Mən özümü təqsirli bimirəm”.

Məmməd Əsgərov aksiya zamanı yalnız şüarlar səsləndirdiklərini deyib: “Söz demək isə cinayət deyil. Zillət bizdən uzaqdır. Zillətlə yaşamaqdansa izzətlə 5 il zindanda olmaq daha yaxşıdır. Polislər sanki maklerdir, həbsə salmaq üçün vətəndaşları yoldan tutub bura gətirirlər. Bu gün bu uşaqlar və mən zindana yox, azadlığa layiqik”.

Çingiz Novruzov icazəsiz keçirilən aksiyada iştirak etdiyini etiraf edib:  “Amma bu o demək deyil ki, cinayət etmişik. Mən xanımlar xanımı Fatimeyi-Zəhranın hicabını qorumuşam. Bu yol şərəfli yoldur”.

Proses dekabrın 5-də, saat 11:30-da davam edəcək. Həmin gün hökm oxunacağı gözlənilir.

“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub. Artıq 9 nəfər barəsində məhkəmə qərarı çıxarılıb.