Elman Rüstəmovla bağlı yeni qalmaqal

Baş bankir milli banknotların çapı ilə bağlı rüşvət ittihamından qurtula biləcəkmi?

Azərbaycanın Mərkəzi Bankı ilə Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti arasındakı müqavilə ilə bağlı rüşvət qalmaqalı böyüyür. Məsələ ilə bağlı yeni faktlar üzə çıxıb. Avstriya mətbuatı ötən gün bu qalmaqalla bağlı geniş əlavə detallar dərc ediblər.
Xəbər verildiyi kimi, istintaqı neçə vaxtdır davam edən cinayət işinin materiallarına görə, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) Azərbaycan da daxil olmaqla, bəzi ölkələrdə milli banknotların çapı ilə bağlı müqavilələr bağlamaq üçün yerli rəsmilərə rüşvət verib. Bu rüşvət əməliyyatları 2000-ci illərin əvvəllərindən başlayıb.
İstintaq müəyyən edib ki, OeBS şirkəti Suriya hökumətindən milli banknotların çapına sifariş almaq üçün yerli rəsmilərə 17 milyon avro rüşvət verib. Ödənişlər offşor zonada qeydiyyatdan keçmiş şirkət üzərindən aparılıb, əməliyyatda Panamada qeydiyyatdan keçmiş, İsveçrədə nümayəndəliyinin fəaliyyət göstərdiyi bildirilən Venkoy adlı şirkət iştirak edib. Həmçinin istintaq OeBS şirkətinin Azərbaycan milli manatının çapı ilə bağlı sifariş almaq üçün də yerli rəsmilərə rüşvət verdiyini üzə çıxarıb.

“Yeni Müsavat” qəzetinin xəbərinə görə, Avstriyanın “Kleine Zeitung” qəzeti istintaq materiallarına istinadən yazıb ki, həm Suriya, həm Azərbaycan rəsmilərinə rüşvət verilməsi üçün Panamada qeydiyyatdan keçmiş eyni şirkətdən istifadə olunub. Pullar “Venkoy” adlı bu şirkətin bank hesablarına köçürülüb. Həmin hesablardan pulların daha sonra kimlərin əlinə keçdiyi barədə məlumat yoxdur. Avstriya prokurorları müəyyən edib ki, “Venkoy” şirkətinin adından çıxış edən iki vəkil pulları nağd və köçürmə yolu ilə Azərbaycanda və Suriyada “qərarları qəbul edən şəxslərə” ötürüblər. Banknotların  çapı üçün sifarişlər almağın əvəzində ödənilən “şapka” “komission haqq” kimi formalaşdırılıb. Belə ki, Azərbaycanla bağlanan müqavilələrdə bu haqq ildə 10 faizdən 21 faizə qədər dəyişib. Suriya Mərkəzi Bankının rəhbərliyi isə daha az-7.5 faiz “şapka” alıb.
Beləliklə, istintaq müəyyən edib ki, 2007-2011-ci illər ərzində OeBS şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında bağlanmış müqavilələrə görə ödənilən “şapka”nın məbləği 68 milyon avro, Suriya Mərkəzi Bankı ilə bağlanmış müqavilələrdə isə 41 milyon avro təşkil edib. Bu “şapka”ların ödənilməsi ilə bağlı məsələ Avstriya Mərkəzi Bankının müşahidə şurasının iclaslarında hər dəfə təfərrüatları ilə müzakirə edilib. Məlum olub ki, Azərbaycan tərəfdən “şapka” alınması ilə bağlı məsələləri müzakirə etmək üçün “menecer” fəaliyyət göstərib. Ən iri sifariş Azərbaycanda yeni manatın çapı üçün 2004-cü ildə verilib. Bu zaman müqavilənin sənədlərdə əksini tapmış ümimi dəyərinin 20 faizi “komission haqqı” kimi Azərbaycan tərəfinə ödənilib. İstintaqa ifadə verən OeBS əməkdaşı deyib ki, müzakirələr zamanı “rüşvət” sözünü işlətmək xoşa gəlmirdi: “Anaq hamıya aydın idi ki, söhbət nədən gedir”. İstintaq müəyyən edib ki, “şapka”nı OeBS şirkətinin təchizat üzrə meneceri çemodanlarla nəğd şəkildə və plastik kartlarla çatdırıb.

Qeyd edək ki, bu barədə Avstriyanın bəzi mətbu orqanları  hələ bir neçə ay əvvəl yazıb. Azərbaycanda bu məsələnin indi gündəmə gətirilməsi bir qədər maraq doğurur. Ehtimal etmək olar ki, Elman Rüstəmovun hakimiyyətdəki rəqibləri bu olaydan yararlanmaq niyyətindədir. Bu baxımdan hər hansı formada qalmaqalı gündəmdə saxlamağa çalışırlar. Qeyd edək ki, bir müddət əvvəl də köhnə pulların dövriyyədən çıxarılması zamanı həyata keçirilən maxinasiyalardan Elman Rüstəmova qarşı istifadə etməyə cəhd olmuşdu. Lakin baş bankir ona qurulan tələdən qurtula və bu işdə rolu olanların  həbsinə nail ola bildi. Görəsən, Elman Rüstəmov bu dəfə sudan quru çıxa biləcəkmi?