Qurumun Bakı nümayəndəliyi «Xural» qəzetinin kollektivi ilə görüşüb
Dünən Avropa Birliyinin Bakı nümayəndəliyində “Xural” qəzetinin kollektivi ilə görüş keçirilib. Siyasi, iqtisadiyyat, mətbuat və informasiya bölməsinin rəhbəri cənab Cerom Ponsla görüşən “Xural” kollektivi baş redaktor Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzetin gündəlik nəşrə başladıqdan sonra siyasi təzyiqlərlə üzləşməsi barədə ətraflı məlumat veriblər.
Həmçinin qeyd olunub ki, “Xural”ın çapına yaradılan maneələr, Prezident Administrasiyasından mətbəələrə qəzeti nəşr etməmək barədə verilən qeyri-qanuni göstərişlər bir daha sübut edir ki, baş redaktorun həbsində məqsəd daha bir azad söz məkanını susdurmaqdır: “Mətbəələr siyasi göstəriş əsasında ”Xural” qəzetinin çapından imtina etdikləri üçün biz yeni qəzet qeydə aldırmaq istəsək də, Ədliyyə Nazirliyi heç bir əsas göstərmədən və qanunvericiliyə zidd olaraq qeydiyyatdan imtina edir. Təəssüf ki, imtina barədə sənəd də təqdim olunmur ki, məhkəməyə müraciət edək” – deyə məlumat verilib.
Cənab Cerom Pons millət vəkili Gülər Əhmədovadan başqa istintaqa ifadə verənlər və son məhkəmə prosesləri ilə də maraqlanıb. “Xural” qəzetinin əməkdaşları istintaqın əlavə sübut tapmaq üçün müxtəlif iş adamlarına təzyiqlər göstərməsi ilə bağlı bilgi veriblər və Əvəz Zeynallı barədə həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi, “Xural” qəzetinin əmlakının qeyri-qanuni müsadirəsi və s. məhkəmə iddiaları qaldırdıqlarını cənab Ponsun nəzərinə çatdırıblar. Rafiq Tağının qətli, Ə.Zeynallının və 2 aprelçilərin həbsinin timsalında Azərbaycanda söz azadlığına və insan haqlarına qarşı növbəti siyasi repressiyaların başlandığını vurğulayan “Xural” əməkdaşları Avropa Birliyini bu məsələlərə həssas yanaşmağa çağırıblar.
Sonda C.Pons Əvəz Zeynallının həbsinin Avropa Birliyinin diqqətdə saxladığını xatırladıb və söz azadlığının inkişafına dəstək verməyə hər zaman hazır olduqlarını bildirib.
Ramin DEKO