Amerikalı ekspertdən Azərbaycanda inqilab proqnozu

“Ərəb inqilabları Azərbaycanda tamamilə mümkündür”

“Başqa ölkələrdəki avtoritar rejimlər ərəb dünyasında baş verənlərdən dərs çıxarmalıdır”

Ceyms M.Dorsi 30 il iş stajı olan beynəlxalq hüquq üzrə jurnalist, Yaxın Şərq işləri üzrə mütəxəssisdir. O, Yaxın Şərqdə, Avropada, Afrikada, Mərkəzi Amerika və Vaşinqtonda Wall Street Journal, New York Times, The Christian Science Monitor və United Press International-ın müxbiri kimi işləyib. O, həmçinin ərəb dünyasında son hadisələri izləyirdi.
“Turan”ın Vaşinqton müxbiri ilə söhbətində Dorsi bu hadisələrə baxışını bölüşüb.
Qərbin ərəb dünyasındakı hadisələrə təsirinin olub-olmaması barədə suala cavabda jurnalist deyib ki, Yaxın Şərqdə və Şimali Afrikada üsyanlar həqiqidir və elə yerində törəyib. “Bu hadisələr ABŞ-ın dünyanın bu hissəsində sabitliyi qoruyub saxlamaq məqsədilə dəstəklədiyi avtoritar rejimlərdən hədsiz narazılığın nəticəsidir”, – ekspert belə hesab edir. Mütəxəssisin fikrincə, başqa ölkələrdəki avtoritar rejimlər bundan dərs çıxarmalı və ictimai fikrə daha diqqətlə yanaşmalıdırlar.
“Ərəb baharı”nın Azərbaycan üçün mümkün nəticələri barədə suala cavabda Dorsi belə deyib: “Dünyada qlobal təmayül hakimiyyətdən daha çox açıqlıq və şəffaflıq tələb edir. Şəffaflıqda nöqsan olan yerlərdə dövlətə etibarsızlıq artır. Yaxın Şərqdə və Şimali Afrikada bu əhval-ruhiyyə hökumətin legitimliyini itirməsi ilə nəticələndi. ABŞ-da bu təmayül insanların Uoll Striti ələ keçirməsində, Cənub-Şərqi Asiyada etiraz aksiyalarında, Yaxın Şərqdə və Şimali Afrikada üsyanlarda özünü göstərdi. Buna görə təmayülləri vaxtında müəyyən etmək və bu prosesin qaçılmaz olduğunu anlamaq çox vacibdir. Bu ssenari Azərbaycanda tamamilə mümkündür. Hadisələrin belə inkişafının sonuncu nümunəsi Myanmadır”.
“Qərbin Azərbaycan kimi ölkələrdə çoxsaylı pozuntulara dözməsinin səbəbi nədir?”. Bu suala cavabında ekspert əsas səbəb kimi Azərbaycanın geosiyasət, həmçinin energetika nöqteyi-nəzərdən mühüm ölkə olmasını göstərib. Bununla belə o, deyib ki, ərəb üsyanları beynəlxalq ictimaiyyət üçün azadlığın olmaması və insan hüquqlarının pozulması ilə əlaqədar susqunluğu davam etdirməyi daha da çətinləşdirir.
“Ərəb baharı”nın niyə məhz indi baş verməsi, “Wikileaks” məlumatlarının bunda rol oynayıb-oynamadığı haqda suala isə ekspert belə cavab verib ki, “Wikileaks” sadəcə Amerika diplomatiyası anlayışı haqqında təsəvvür yaratdı. Əslində isə bu teleqramlarda çox az yeniliklər var idi. Buna baxmayaraq onlar, ərəb üsyanı üçün əlbəttə ki, qığılcım ola bilərdi.