Məhəmməd Məcidli dörd divar arxasından «Azadlıq»a nələri yazdı?..
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, vicdan məhbusu Məhəmməd Məcidli həbsxanadan redaksiyamıza bir məktub yollayıb. Məhəmməd Məcidli kiçik qeydi ilə “Azadlıq”ın 29 oktyabr tarixli sayında ona etiraz edən Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi üzrə icra nümayəndəsi Fəxrəddin Niftəliyevin qohumlarına mesaj ünvanlayıb.
Aydınlıq gətirək ki, Fəxrəddin Niftəliyev Məhəmməd Məcidliyə mənfi xarakteristika vermiş şəxsdir. Vicdan məhbuslarının məhkəməsinə o, şahid qismində dəfələrlə çağırılsa da, gəlmədi. Məhəmməd Məcidli isə məhkəmə iclaslarından birində demişdi ki, Niftəliyevin babası da 1937-ci ildə namuslu insanlar bardə danos yazıb. Niftəliyevin qohumları məhz bu məqama etiraz edərək, vicdan məhbusunun iddiasını şər-böhtan adlandırmışdılar.
Məhəmməd Məcidli isə yazır:
“Haqsız olaraq, dörd divar arasına atılmış bir şəxs haqqında şər-böhtanlarla dolu xasiyyətnamə verən Niftəliyev Fəxrəddin Abbasqulu oğluna qarşı nəinki şərəf və ləyaqətinə toxunan fikirlər söyləsəydim, hətta inzibati xəta belə, törətsəydim, o elə həmin vaxtlarda məhkəməyə müraciət edərdi. Bu gün də kiməsə, nə isə qaranlıq qalıbsa, buyursun, məni yenidən məhkəməyə versin.
Qəzetə müraciətlə “dəqiqləşdirmə” edən şəxslər həqiqətin və ədalətin nə olduğunu anlayırlarsa, o zaman onlar həmin dəqiqləşdirməni elə qohumları Fəxrəddinin verdiyi xasiyyətnamədə aparsaydılar, daha yaxşı olardı.
Tezliklə azadlığa çıxmağımı arzulayanlara “çox sağ olun” deməklə bərabər, onlara gələcəkdə ağıllı və ədalətli olmağı arzulayıram”.
Natiq


