“Türkiyə Qafqazda da lider olacaq”

Vəfa Quluzadə: «Rusiyada isə seçki məsələsi hakimiyyətdə qalmaq üçün oyundur»

«Azərbaycan hakimiyyəti başa düşməlidir ki, dünya demokratiya yolu ilə gedir»

“Hamı Dmitri Medvedevin hakimiyyəti dövrünü də Vladimir Putinin hakimiyyəti dövrü kimi qiymətləndirir. V.Putinin son 15 illik hakimiyyəti Rusiyaya hər hansı yenilik gətirmədi. Rusiyada bütün islahatlar dayanıb. Səhiyyə, iqtisadiyyat, maliyyə islahatları tamamilə dayanıb. Putinin kosmik və əsgəri proqramları iflasa uğrayıb. Rusiyanın güvəndiyi raket sənayesi də uğursuzluğunu nümayiş etdirir”.
Bu barədə Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Vladimir Putinin Rusiya prezidentliyinə yenidən namizədliyini irəli sürməsi ilə bağlı “Obyektiv” TV-yə müsahibəsində bildirib.
Onun fikrincə, Putin hakimiyyətdən getmək istəmir: “Rusiya ictimaiyyəti belə qiymətləndirir ki, Putin hakimiyyətdən getməyə qorxur. Çünki hakimiyyətdə olduğu dövrdə onun xeyli günahları olub. Hesab edirəm ki, Rusiyada sovet dövründə olduğu kimi, indiki zamanda da seçkilər simvolikdir və saxtalaşdırılacaq. Putinə rəqib yoxdur, seçkidə iştirak edən digər partiyalar cib partiyalarıdır. Real müxalifət əzilib və ölkədən qovulub, divara sıxılıb”.
V.Quluzadənin fikrincə, Rusiyada seçki məsələsi, hakimiyyətdə qalmaq üçün oyundur:”Bu baxımdan Putinin seçki platforması da hakimiyyətdə qalmaq üçün oyun olacaq. O deyəcək ki, Rusiyanı hərbi cəhətdən gücləndirəcək, amma bu, hansı imkanlar hesabına baş verəcək, məlum deyil. Deyəcək, Rusiyada iqtisadi islahatlar həyata keçiriləcək, əhalinin maaşları 2-3 dəfə qaldırılacaq. Amma bunların hamısı vəddir, dəfələrlə verilib. Rusiyada təqaüdçülərin və veteranların sosial durumunda dəyişiklik baş verməyib. Heç kəs həyatından razı deyil”.
O hesab edir ki, Putinin yeni prezidentliyi Amerika-Rusiya münasibətlərinə hər hansı yenilik gətirməyəcək:”Ona görə ki, Amerika- Rusiya əlaqələri bir-birinə zidd olan iki sistemin münasibətləridir. Mən deyə bilmərəm ki, Rusiyanın Amerika ilə haçansa əlaqələri yaxşılaşıb. Rusiya raketləri sovet dövründə olduğu kimi, yenə də Amerikaya tuşlanıb. Hələlik bu ölkələr əməkdaşlıq edən ölkələr deyil. Amerika investisiyaları heç vaxt Rusiyanın iqtisadiyyatını və hərbini gücləndirməyəcək. Özünün isə imkanları çox məhduddur. Neft qiymətlərindən asılı ölkə, neft qiymətləri düşən kimi iflasa uğrayacaq”.
Keçmiş dövlət müşavirinin fikrincə, Azərbaycan çox həssas bölgədə yerləşir və Rusiya hər an Ermənistan vasitəsi ilə bölgədə müharibəni davam etdirə bilər. O hesab edir ki, Azərbaycan demokratik islahatları genişləndirməli, ordusunu gücləndirməli və Türkiyə, Amerika, Avropa ilə inteqrasiyanı sürətlə dərinləşdirməlidir. “Azərbaycan Türkiyə ilə hərbi ittifaqda olmalıdır. NATO-ya üzvlüklə bağlı müraciət etməlidir. Azərbaycan başa düşməlidir ki, dünya demokratiya yolu ilə gedir. Azərbaycan yalnız demokratik ölkə olaraq özünü dünyada yaxşı təqdim edə bilər, problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini həll edə bilər, iqtisadiyyatını daha da gücləndirə bilər, xalqının rifah halını yaxşılaşdıra bilər. Azərbaycan demokratik islahatları keçirməlidir. Amerika və Avropa ilə əlaqələri gücləndirməlidir. Ordunu gücləndirərək daim müdafiəyə hazır olmalıdır. Çünki, yağı düşmən atəşkəs xəttindən hər gün vətəndaşlarımıza atəş açır”, – deyə Quluzadə bildirib.
Eyni zamanda o hesab edir ki, V.Putin Qafqazda müharibəni bitirə bilməyib, partizan müharibəsi davam edir: “Qafqazda vəziyyət gərgin olaraq qalır. Baxmayaraq ki, Çeçenistanda Qədirova müstəqillik verərək müharibə vəziyyətindən çıxdılar. Buna baxmayaraq, gələcəkdə Qafqazda partizan müharibəsinin güclənmə ehtimalı çoxdur. Çünki Qafqaz xalqları  öz müstəqilliyinə və dininə can atır. Bütün bunlar yeni problemlərə gətirib çıxaracaq. Rusiya narahatdır ki, Qafqazda şərab dükanlarını partladırlar, federal qüvvələrə hücumlar artıb. Rusiya daim xəbər verir ki, nə qədərsə yaraqlı zərərsizləşdirilib. Amma özlərinin itkisi barədə məlumat vermirlər”.
V.Quluzadənin fikrincə, yaxın müddətdə Türkiyə Qafqazda lider olacaq. “Artıq Qafqazda yeni qüvvə yaranıb. Bu, Türkiyədir. Türkiyə yaxın şərqdə liderliyə nail olub və yaxın zamanda Qafqazda da lider olacaq”, – deyə o qeyd edib.