Fələstin Muxtariyyətini müstəqil dövlət kimi tanıyan ölkələrin sırasına biri də əlavə olunub. Amerika qitəsinin bəzi ölkələrindən sonra bu dəfə Avropa dövləti olan Islandiya 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin tanınması haqda qərar qəbul edib.
63 yerlik Islandiya parlamentində keçirilən səsvermə zamanı 38 millət vəkili Fələstin dövlətinin tanınmasını nəzərdə tutan qərarın lehinə səs verib. Xarici işlər naziri Össur Skarphedinsson dövlət kanalı “RUV”a açıqlamasında bu addımı atan ilk Qərbi Avropa ölkəsi olduqlarını söyləyib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında Fələstinin tamhüquqlu dövlət kimi üzvlüyü məsələsilə bağlı çıxılmaz vəziyyətin yaranmasına baxmayaraq, Fələstin rəhbərliyi üzvlük qərarında hələ də israrlıdır. Fələstinin xarici işlər naziri Riad əl-Maliki bildirib ki, muxtariyyətin administrasiyası müşahidəçi dövlət statusu üçün BMT Baş Assambleyasına da müraciət edə bilər. Bu, onlara bir çox beynəlxalq təşkilatlara üzvlük imkanı verəcək. Ancaq tamhüquqlu üzvlük əldə etmək üçün BMT Təhlükəsizlik Şurasında mübarizə Fələstin üçün prioritetdir.