Səhiyyə nazirliyində nazir-müavin davası

Nazir müavini nazirlik sistemindəki problemləri açıb tökdü

Elsevər Ağayev: «Dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır»

Hələ bir neçə gün öncə mətbuatda belə bir xəbər yayılmışdı ki, səhiyyə naziri Oqtay Şirəliyevlə müavini Elsevər Ağayev arasında dərman biznesi uğrunda ciddi konflikt yaşanır. Məlumatlarda o da deyilirdi ki, nazir öz müavinilə bağlı məsələləri araşdırmaq üçün Korrupsiya Idarəsinə müraciət edib. Həmin ərəfədə biz bu xəbəri araşdırmaq üçün Baş Prokurorluğun mətbuat xidmətilə əlaqə saxlasaq da, qeyri-müəyyən bir cavab aldıq. Prokurorluğun əməkdaşı bizə bildirdi ki, əgər Səhiyyə Nazirliyi bu xəbəri təsdiqləyərsə, o zaman prokurorluq da müvafiq açıqlama verə bilər.
Beləcə, məsələ açıq qaldı.
Ancaq dünən APA-nın Səhiyyə Nazirliyinin rəsmi qəzeti olan “Tibb qəzeti”nə istinadən yaydığı məlumat bu strukturda ciddi hadisələrin baş verdiyini açıq-aydın ortaya qoydu.

Belə ki, nazir müavini E.Ağayev əczaçılıq şirkətlərinin Bakıda fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərləri ilə görüşdə deyib ki, son dövrlər Azərbaycanda dərmanların qiymətləri süni şəkildə qaldırılır. “Dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”.
E.Ağayev iclasda dərman vasitələrinin içlik vərəqələri ilə bağlı yol verilən qanunsuzluqlara da toxunub. O qeyd edib ki, qanunvericiliyə görə, həmin vərəqələr Azərbaycan dilində olmalıdır: “Bir çox əczaçılıq şirkəti bu tələbə məhəl qoymur. Mən ölkədə qeydiyyatdan keçən 3600-ə qədər dərman preparatının Azərbaycan dilində yazılmış içlik vərəqələrini təsdiqləmişəm. Içlik vərəqələri hazırlanır, təsdiq edilir, ancaq aptekdən dərman alanda onun içərisində Azərbaycan dilində içlik vərəqi görmürük. Bu məsələyə diqqətlə yanaşılmalıdır”.
Nazir müavini Tibb müəssisələrində xəstələrə pulsuz verilən dərmanların çeşidindən də narazılıq edib. E.Ağayev deyib ki, əhaliyə zəmanətli tibbi yardımın təmin edilməsi məqsədilə tibb müəssisələrində xəstələrə pulsuz verilən dərman preparatlarının çeşidi lazımi səviyyədə deyil.
Reseptsiz satılan dərmanların reklamı məsələsinə toxunan nazir müavini bildirib ki, bunun üçün Səhiyyə Nazirliyinin  razılığı lazımdır. “Ancaq təəssüf ki, bir çox şirkətlər bu tələbə məhəl qoymur”.
Nazir müavini bildirib ki, bəzi həkimlər yenə də əczaçılıq şirkətlərinin resept blanklarından istifadə edirlər. “Həkimlər vahid resept blanklarından istifadə etməlidir:”Bəzi həkimlər yenə də əczaçılıq şirkətlərinin resept blanklarından istifadə edir. Əczaçılıq şirkətləri vahid blank tələbinə əməl etməlidir”.
E.Ağayev əczaçılıq şirkətləri ilə həkimlər arasındakı anlaşmalara da toxunub. O, mütəxəssisləri şəxsi maraqları naminə xəstələrə lazım olmayan dərmanları yazmamağa və vicdanla hərəkət etməyə çağırıb.
Nazir müavininin açıqlamalarından açıq-aydın görünür ki, bu nazirlikdə bir mübarizə yaşanır. Bu mübarizədən kimin qalib çıxacağını isə zaman göstərər.