“Bizdən sonra növbədə postsovet ölkələridir…”
Beynəlxalq aləmin sanksiyaları ilə üz-üzə qalan Suriya hakimiyyəti Kremlə xəbərdarlıq edib ki, Şimalı Afrika və Yaxın Şərqdən sonra növbəti gərginlik nöqtəsi postsovet məkanı olacaq. Rəsmi Dəməşq əmindir ki, “Suriyanı cəzalandırandan sonra” Qərb nəzərlərini keçmiş SSRİ məkanına yönəldəcək. Yekun nəticədə isə Rusiyaya qədər gedib çıxacaq.
Suriya diktatoru bugünlərdə Dəməşqdə onunla görüşən Rusiya nümayəndə heyətilə söhbətində bu fikirlərlə çıxış edib. Nümayəndə heyətinin üzvü Aleksandr İvaçev yerli KİV-ə bildirib ki, Bəşər Əsəd Qərbin və onun müttəfiqlərinin planları barədə danışıb. Onun sözlərinə görə, Bəşər Əsəd deyib ki, Qərb və ərəb ölkələri Suriyaya təzyiq etməklə iki məqsəd güdür – İranı təkləmək və postsovet məkanına daxil olmaq.
“Birinci məqsəd İranı təcrid etməkdir. İran hazırda dost olmayan ölkələrlə əhatə olunub. Bu siyahıda yalnız Aralıq dənizinə çıxışı olan Suriya istisnadır. İran üçün Suriya neft və qazını nəql etək üçün ən yaxşı müttəfiqdir. Əgər Suriyanı parçalasalar və xaosa salsalar, bu zaman İran tam təcrid olunacaq və təsiq imkanlarını itirəcək” – deyə Əsədlə apardıqları müzakirəni şərh edən İvaçev bildirib. Bundan başqa, Suriya hakimiyyəti əmindir ki, Qərb Əsəd rejimini devirdikdən sonra keçmiş SSRİ ölkələrinə nüfuz edəcək. Bu siyasətin son nəticəsi Rusiyaya daxil olmaqdır.
İsrail mətbuatında isə artıq Bəşər Əsədin sığınacağı yerlər ehtimal edilir. Şaiyələrə görə, məğlub olacağı təqdirdə Rusiya Əsədə sığınacaq verəcək.