İrandan Abdulla Gülə sərt xəbərdarlıq

 “İranın milli təhlükəsizliyi ilə oynamayın”

Abdulla Gül Əlaəddin Bürucerdini qəbul edərkən. Ankara, 17.11.2011 Dekabrın 1-də İranın “Tabnak.ir” saytı ölkə rəsmilərinin Suriya müxalifətinə dəstək verən Türkiyəyə sərt xəbərdarlıq etdiyi barədə məlumat yayıb.
“Media forum” saytı bildirir ki, “Tabnak”ın xəbərinə görə, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi Türkiyəyə son səfərində prezident Abdulla Güllə görüşündə Türkiyənin Suriya siyasəti ilə bağlı Tehranın Ankaraya açıq mesajını çatdırıb.
Saytın yazdığına görə, Əlaəddin Bürucerdi Abdulla Gülə deyib: “İranın milli təhlükəsizliyi ilə oynamayın. Əgər Suriya ilə bağlı səhv siyasətinizə son qoymasanız, şübhəsiz ki, İranla dostluğu unutmalısınız. Siz Amerikanın raket hücumundan müdafiə sisteminin Türkiyə ərazisində quraşdırılmasını qəbul etməklə böyük strateji səhvə yol vermisiniz. Bilin və agah olun ki, bölgədə hər hansı gözlənilməz hadisə baş versə, əvvəlcə ərazinizdə olan həmin sistemi, onun ardınca da sizin İncirlik hərbi qərargahınızı vuracağıq. Belə olan halda artıq sizinlə dostluqdan söhbət gedə bilməz. Bunun artıq dostluğa heç bir dəxli yoxdur. Söhbət İranın milli təhlükəsizliyindən gedir. Çünki Suriya ilə Fələstinə və fələstinlilərin müqavimətinə dəstək vermək artıq bizim dini və siyasi inancımızın bir hissəsi sayılır”.
Abdulla Gül Əlaəddin Bürucerdini noyabrın 17-də Ankarada qəbul edib.
“Tabnak” İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı bir saytdır.