Oğlu polisdə ölən ana danışdı

Polisdə öldürülən qardaşının qanın tələb etdi, həbsə atıldı

Bir övladı öldürülən, digəri şərlənərək həbs olunan Ucar sakini Qəşəng Abdullayeva başına gələn faciəni «Azadlıq»a danışdı

 

“Allah Ucarı dağıtsın. Mənim balalarımı öldürənin tifağı dağılsın!”- bu kəlmələr bumbuz otaqda, evində qaz sobası işləməyən Qəşəng Abdullayevanın dilindən tez-tez eşidilirdi. Qoca qarının bu tonda danışmasının özəl nədəni var.

Söyüş söydü, öldürüldü…

Qəşəng nənənin yaşadığı ev Həsən bəy Zərdabi küçəsi 3-cü döngə, 10 ünvanında yerləşir. Sözügedən ünvana gecə saatlarında getdik. Çünki ailənin bütün üzvləri bazarda göy-göyərti satır. “Iş yeri”nə gedib danışmaq olmazdı. Ən yaxşısı çağırılmamış qonaq kimi evə getmək idi. Uğurlu vaxtsa axşam ola bilərdi. Məcbur olub havanın qaralmasını gözlədik.

Hava qaraldı. Ünvanı tapdıq. Amma…

Amma qapını açan yox idi. Topla-tüfənglə birtəhər Qəşəng nənəni bumbuz otaqdakı isti yorğanından ayırıb, həyətə düşürə bildik.
Evə dəvət edir. Narahat etməmək üçün elə ayaqüstü gəlişimizin niyyətini ona açıqlayırıq. “Iki oğlumu apardılar. Birini torpağa, biri türməyə” deyərək, çox həvəssiz söhbətə başlayır.
2010-cu ilin sentyabrın 28-i, saat 20 radələrində Qəşəng nənənin oğlu, 1957-ci il təvəllüdlü Abdullayev Nadir Məmməd oğlu Ucar rayon Polis Şöbəsində döyülərək öldürülüb. O, idarə etdiyi “VAZ-2106″ markalı maşınla Babək küçəsilə hərəkət edərkən yüngül qəzaya uğrayıb. Bundan sonra Dövlət Yol Polisinin Ibrahimxəlil adlı çavuşu və Namiq adlı polis zabiti onu şöbəyə aparıb. Axşam saat 22 radələrində isə rayonun başqa bir sakini olan Suliddin adlı şəxsin avtomobilinin arxa oturacağında Nadir Abdullayevin meyiti onun yaşadığı ünvana gətirilib.
“Nadir şöbədə söyüş söyüb. Cansız adam idi. Özü də uzun müddət həbsxanada olub. Orada onu boğublar, yıxılıb. Elə biliblər ki, ürəyi gedib, üstünə su da töküblər. Görəndə ki, artıq vəziyyət xarabdı, meyiti küçəyə atıblar” – deyir, Qəşəng nənə.

Qardaşım zindanda çəkir əziyyəti…

Bumbuz otaqda artıq ayaqlarımız donur. Nənə söhbətinə davam edir, biz isə yerimizdə astaca hoppana-hoppana özümüzü isitməyə çalışırıq. Qəşəng nənə adına uyğun avazla danışır: “Kiçik oğlum Fazil hər yerə şikayət etdi. Bütün idarələrə getdi. Qardaşının qanını yerdə qoymamağa çalışdı. Ona nə qədər hədələr oldu. Ancaq geri çəkilmədi. Hətta pul təklif edildi. Fazil qardaşının qanını pula satmadı. Sonda onu ilişdirib, həbsə atdılar”.
Ortaya sükut çökür. Qəşəng nənə susur. Biz onun hıçqırtılardan qurtulmasını gözləyirik. O isə bizim növbəti sualımızı.
Söhbətləşdiyimiz otaqda Nadirin yadigarı Bəxtiyar yatır. Biz bayaqdan ona heç fikir verməmişdik. Qəşəng nənə “o qədər yorğundur ki, gəlişinizdən xəbər tutmayıb” deyir. O, atasının dilindən, atasına görə, atasının qatillərini həbsə atdırmaq uğrunda mübarizə aparan sonda özü şərlənərək dustaq həyatı yaşayan əmisi üçün “Qardaşım zindanda çəkir əziyyəti” meyxanasının sədaları altında yuxulayırdı.

Fazil nə danışırdı?

Nənə danışır: “Fazili nəşə ilə ilişdirdilər. Bu ilin martında küçədə kiminləsə höcətləşmişdi. Tutub polis idarəsinə apardılar. Heç nə tapa bilmədilər, cibində pulu belə yox idi. Axırda evimizdə axtarışıb aparıb, özlərinə lazım olanı üzə çıxartdılar. Nadirin ölümünə, Fazilin həbsinə dözə bilmirəm. Infarkt keçirmişəm. Hər yerə müraciət etmişəm, ancaq heç bir xeyri yoxdu”.
“Bu necə oldu” sualını vermək bəlkə yersiz idi. Ancaq nənə yerli-yersizə fikir vermədən sorumuzu yorumladı: “Bizim evimizə girmək o qədər də çətin deyil. Qapı-pəncərə həmişə açıq olur. Evdə olmayanda polislər gəlib axtarış aparıblar. Pəncərənin yanına bükülünü qoyublar. Sonra bunun Fazilə aid olduğunu dedilər, həbs edib, iki il yarım iş kəsdilər”.
Nənə daha danışa bilmir. Tez-tez Bəxtiyarı səsləyir. Deyəsən söhbətin davamını onun öhdəsinə buraxmaq istəyir. Ancaq Bəxtiyar ayılmaq bilmir ki, bilmir.
Əslində lazım olan məlumatın bir qismini aldığımızdan, həm də soyuğa daha dözə bilməməyimizdən getmək istəyirik. Nənə yatmalıdır axı, tezdən durub bazara getmək üçün.
Daha onu incitmək niyyətimiz yoxdur. Sadəcə, Nadirin şəklini istəyirik. Bir-birindən soyuq otaqlara girən Qəşəng nənə əliboş gəlir. Biz özümüz icazəsi-filansız axtarışa çıxıb şəkli tapırıq və geri dönürük…
“Qardaşımın meyitini 45 BB 833 nömrəli maşına qoyublar. Məndə bunları sübut edəcək faktlar, onun öldürülməsini təsdiqləyən telefon yazıları var. Bunu görən insanlar da olub” – bunu da Fazilə deyirmiş. Həbsə düşməzdən öncə baş çəkdiyi, əlac axtardığı bütün ünvanlara belə söyləyirmiş. Hələlik bu sözləri deyə bilmir. Çünki qarşıda daha iki il məhbəs həyatı var…

Ramin DEKO,
Bakı-Ucar-Bakı