Mübarəkin qadağan etdiyi partiya seçkinin ilk mərhələsinin vahid lideridir
Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra baş tutan ilk parlament seçkisinin ikinci mərhələri də arxada qaldı. Misirin 85 milyon nəfərlik əhalisinin 24 milyonu Qahirə, Isgəndəriyyə, Port Səid, Dumyat, Kəfr Əş-Şeyx, Fəyyum, Asyot, Luksor və Qırmızı dəniz vilayətlərində səs verib. Sakinlər səs vermək üçün seçki məntəqələrinin önündə uzun növbələr yaradıblar. Seçici fəallığı 70 faiz olub. Xarici ölkələrdə yaşayan misirlilər üçün 163 seçki məntəqəsi açılıb.
Seçkinin ilk mərhələsinin ikinci günündən sonra Qahirənin Təhrir meydanında növbəti aksiya keçirilib. Nümayişçilərlə meydan ətrafındakı mülk və mağaza sahibləri arasında toqquşmalar yaşanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, azı 88 nəfər xəsarət alıb, onlardan 28-nin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, qalanlarına isə Təhrir meydanında yaradılmış səyyar xəstəxanalarda ilk tibbi yardım göstərilib. Xəsarət alanlar daş, şüşə qablar və molotov kokteylinin atılması nəticəsində yaralanıblar. Atəş səslərinin də eşidildiyi bildirilir.
Seçkinin birinci mərhələsinin rəsmi nəticələrinə görə, islamçı “Müsəlman Qardaşlar” təşkilatının “Azadlıq və Ədalət” partiyası səslərin əksəriyyətini qazanaraq birinci yerə yüksəlib. “Azadlıq və Ədalət Partiyası”nın səslərin 40 faizini qazandığı vurğulanır. Misir Bloku 15 faiz səslə ikinci, “Nur” Partiyası 8 faiz səslə üçüncü, “Vəfd” Partiyası isə dördüncü yerdə qərarlaşıb. Ikinci mərhələnin rəsmi nəticələri bu gün axşam açıqlanacaq.
Misirin cənub şəhərlərindən Asyotda gözlənilməz seçki nəticəsi qeydə alınıb. Devrilmiş diktator Mübarək hakimiyyətində yüksək vəzifə tutmuş şəxslərin yaratdığı blokun namizədləri Asyot şəhərində liderlik edir. Onlar digər namizədləri böyük səs fərqilə geridə qoyub.
Ekspertlərin fikrincə, Mübarək tərəfdarlarının uğur qazanması həmin şəhərdə ailə-tayfa əlaqələrinin güclü olmasından qaynaqlanır.
Informasiya şöbəsi


