Müttəhimlər məhkəmənin qərarını «hakim, sən köləsən, sən qulsan!» şüarları ilə qarşıladılar
Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə 2 aprel mitinqi ilə əlaqədar həbs edilmiş 4 müxalifət fəalının apelyasiya şikayətinə baxılması yekunlaşıb. Məhkəmə onların azad edilməsi haqqında şikayəti təmin etməkdən imtina edib.
Qeyd edək ki, oktyabrın 10-da Nəsimi rayon Məhkəməsi Müsavat partiyası gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Ülvi Quliyevi CM-in 233 (ictimai asayişin pozulması) və 315.1 (polisə müqavimətin göstərilməsi) maddələri üzrə təqsirli bilərək hər birini 3 il müddətinə azadlıqdan məhrum edib. AXCP gənclər şöbəsinin üzvü Elnur Məcidliÿ və Müsavat Partiyasının fəalı Rüfət Hacıbəyli 233-cü maddə ilə təqsirli bilinərək, müvafiq olaraq iki il və bir il yarım müddətinə azadlıqdan məhrum ediliblər.
Dünənki iclasda vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini və təkrar araşdırma aparılmasını tələb ediblər. Müttəhimlər özləri də təqsirsiz olduqlarını bildiriblər.
Ülvi Quliyev deyib ki, fəallar yalnız korrupsiya və rüşvətxorluğa qarşı etiraz əlaməti olaraq dinc aksiya keçirdiklərinə görə həbs olunublar.
Əhəd Məmmədli bildirib ki, fəallar ərəb ölkələrində diktator rejimlərinə qarşı hərəkatların nümunəsi ilə demokratik dəyişikliklər uğrunda dinc mübarizə aparırdılar.
Elnur Məcidli hakimləri ədalətli qərar qəbul etməyə çağırıb. Zalda iştirak edənlər təqsirləndirilənlərin çıxışlarını alqışlayıblar.
Qısa müşavirədən sonra hakim Nəsimi rayon məhkəməsinin hökmünün qüvvədə saxlanması barədə qərarı elan edib.
Müttəhimlər məhkəmənin qərarını “Hakim, sən köləsən, sən qulsan!” şüarları ilə qarşılayıblar.
Vəkil Yalçın Imanov məhkəmənin qərarını gözlənilən adlandırıb. “Proses Azərbaycan məhkəmələrinin vəziyyətini bir daha göstərib”, deyə Imanov bildirib.