Bu məsələdə metropoliteni ələ keçirmək istəyən Ziya Məmmədovun rolunun olduğu söylənilir
Bakı Metropolitenin rəisi Tağı Əhmədovun köməkçisi Məmməd Bayramov metroda qiymət artımının məsuliyyətini Tarif Şurasının üzərinə atıb. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, metropoliten rəhbərliyi bu barədə Tarif Şurasına heç bir müraciət etməyib. “Bir sərnişinin metroda daşınması 47 qəpiyə başa gəlir. Tarif Şurası da fikirləşir ki, 47 qəpiyin 32 qəpiyini dövlət nə vaxta qədər ödəyəcək”, – deyə o vurğulayıb. Məmməd Bayramovun söylədiklərində müəyyən qədər həqiqət var. Lakin Tarif Şurası heç də onun söylədiyi kimi, metroda sərnişin daşınmasının qiymətini hesablayaraq heç bir müraciət olmadan gediş haqqını artırmayıb. Şuraya müraciət olunub. Bəs bu müraciəti kim edib?
Hələ bir müddət əvvəl “Azadlıq” qəzeti məlumat yaymışdı ki, nəqliyyat naziri Ziya Məmmədov Bakı Metropolitenini ələ keçirməyə çalışır. Və bu istiqamətdə aktiv fəaliyyətə başlayıb. O, hətta bu iddiasını “yuxarılar”ın da diqqətinə çatdırıb. Ziya Məmmədov bildirib ki, Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinin tərkibinə daxil edilməsi daha məqsədəuyğundur. Nazir bu fikrini sərnişindaşımada vahid kart sistemi ilə əsaslandırıb. Ziya Məmmədov deyib ki, əgər vahid kart sisteminə keçiləcəksə, bu zaman Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinə tabe etdirilməsi zərurəti yaranacaq. Nazir bununla həm də düşünüb ki, hakimiyyətdə kifayət qədər güclü dayaqları olan Tağı Əhmədovu metropolitendən uzaqlaşdıra bilməsə belə, metronun maliyyəsinə nəzarəti ələ keçirəcək. Məlumatda, həmçinin vurğulanmışdı ki, vahid kart sisteminə keçid metroda qiymətlərin artırılmasını labüd edəcək.
Metroda qəfildən qiymət artımının baş verməsi Ziya Məmmədovun planlarının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Görünür, nəqliyyat naziri vahid kart sisteminə keçilməmişdən əvvəl qiymət problemini həllə etməyə çalışıb və bu barədə Tarif Şurasına müraciət edilib. Əlbəttə, Şuraya konkret olaraq Ziya Məmmədovun müraciət etdiyini söyləmək bir qədər çətindir. Lakin hər bir halda, onun bu məsələdə rolu olmamış deyil. Redaksiyamıza daxil olan məlumatlarda bu qiymət artımının arxasında Ziya Məmmədovun dayandığı bildirilir. Təbii ki, nazir bu addımı Ilham Əliyevin razılığı olmadan atmayıb.
Informasiya şöbəsi