Əli Həsənov İrana “razborka”ya getdi

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Irana gedəcək. Ə.Həsənov deyib ki, səfər Iran hökumətinin təşəbbüsü ilə gerçəkləşir. Səfər dəvəti çoxdan edilsə də, vaxtın təyini ilə bağlı problemlərə görə dekabra salınıb(APA).

Görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq: “Azərbaycan həmişə Iranla dost və qonşu münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır.  Təəssüflər olsun ki, son vaxtlar həm Iran, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasında münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirirlər. Müəyyən məlumatlar, hərəkətlər müşahidə olunur. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır”. Ə.Həsənov səfər çərçivəsində Iran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi Iran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, Irandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacağını qeyd edib.