«Onların siyasi məhbus meyarları Azərbaycan hakimiyyəti üçün manevr imkanı yaradır»
«Vəziyyətin belə absurd həddə çatmasına görə bəzi hüquq müdafiəçilərilə yanaşı, Avropa Şurası da məsuliyyət daşıyır»
“Məni pessimizm yaymaqda ittiham edirlər, nə edim, mən yalandan optimist nəğmələr oxuya bilmirəm. Sizə indi açıqlayacağım faktlar sensasiyadır, ancaq təəssüf ki, onlar kədərlidir”. Bu, dünən mətbuat konfransı keçirən “Insan Haqları Uğrunda” Ictimai Hərəkatının rəhbəri Eynulla Fətullayevin fikirləridir. Fətullayevin “sensasiya” adlandırdığı faktlar Azərbaycanda siyasi məhbus problemilə bağlıdır. Əslində, bu problem çoxşaxəlidir, onun komponentləri ölkədəki avtoritar mühit, hüquq müdafiəçilərinin yarıtmaz, məsuliyyətsiz davranışı və Avropa Şurasının siyasi məhbus kriteriyalarıdır.
Kristofer Ştrasserə bəslənən ümidlərin dəfni
Maraqlıdır ki, Fətullayev bir sıra sənədlərə əsaslanaraq, Azərbaycanda siyasi məhbus mövzusunun birdəfəlik qapadılacağını iddia edir. Ən pisi odur ki, bu qapanma siyasi məhbusların azad edilməsilə deyil, guya, Azərbaycanda belə bir problemin ümumiyyətlə olmamasının Avropa Şurası səviyyəsində təsdiqlənməsilə baş verəcək.
Eynulla Fətullayev hesab edir ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin də ölkəmizə gözlənilən, amma xeyli vaxtdır ki, baş tutmayan səfərindən müsbət nəsə gözləməyə dəyməz.
Avropa Şurasının ziyanlı yeni (köhnə) təklifi
Fətullayevin sözlərinə görə, son günlərdə Avropa Şurası siyasi məhbusların varlığını müəyyən edən 5 bəndlik prinsipi Azərbaycana təklif edib. Bu prinsipləri Azərbaycanın qəbul edib-etmədiyi isə hələlik bəlli deyil.
“Lakin heç bir variant Azərbaycanda siyasi məhbus probleminin həllinə kömək etməyəcək. Həmin prinsiplər tətbiq edilsə, Azərbaycanda bir nəfər də olsun, siyasi məhbus olmadığı üzə çıxacaq. Bu absurd vəziyyəti doğuran prinsipləri 2001-ci ildə Avropa Şurasının baş katibliyinin ekspertləri Azərbaycan üçün hazırlayıblar və onlar kifayət qədər köhnəlib, müasir zamanın tələblərinə cavab vermir”, – deyə Fətullayev bildirib.
Avropa Şurası ekspertlərinin rəyinə görə, Azərbaycanda vətəndaş o halda siyasi məhbus sayılır ki, o, Avropa Konvensiyasında öz əksini tapmış fundamental haqlarını (söz, fikir, toplaşmaq azadlığı və s.) ifadə etdiyinə görə həbs olunursa; heç bir cinayət törətməyib, yalnız siyasi səbəblərlə həbsxanaya salınırsa; siyasi motivlərlə həbs olunub, lakin ona verilən cəza proporsional deyilsə; ayrı-seçkilik nəticəsində həbs olunubsa; ədalətsiz məhkəmə araşdırması nəticəsində məhkum olunubsa.
Sonucu prinsip 2003-cü ildən – Azərbaycan Avropa Insan Haqları Məhkəməsinin yuridiksiyası altına düşəndə qüvvədən düşmüş sayılır. Yerdə qalan 4 prinsipə gəlincə, Fətullayev deyir ki, bunlar hakimiyyətə manipulyasiya üçün kifayət qədər imkan verir.
Hüquq müdafiəçilərindən əcaib siyahı
Fətullayev siyasi məhbus problemilə məşğul olan hüquq müdafiəçilərini də səhlənkarlıq və məsuliyyətsizlikdə ittiham etdi. Buna səbəb isə həmin şəxslərin Avropa Şurasına anormal siyasi məhbus siyahısı göndərməsidir. Bu siyahıları Eldar Zeynalov və həyat yoldaşı Zəlihə Tahirova, Çingiz Qənizadə və digərləri tərtib edib. Onların göndərdiyi adlardan Avropa Şurası 81 nəfərlik ümumiləşdirilmiş siyahı düzəldib. Növbəti mərhələdə məhz bu adamların siyasi məhbus olub-olmadığı müəyyənləşdirilməlidir.
Qənimət Zahid hələ də siyasi məhbus imiş…
Fətullayev bir sıra heyrətamiz məqamları da açıqladı. Məsələn, Ədliyyə Nazirliyi sorğuya cavab olaraq yazıb ki, siyahıdakı ehtimal olunan siyasi məhbuslardan ikisi onlarda cəza çəkənlərin arasında yoxdur. Daha iki nəfər barəsində isə hələ istintaq gedir. 8 nəfəri azad olunub, onlardan biri də “Azadlıq”ın baş redaktoru Qənimət Zahiddir…
Avropa Şurasının 2004-cü ildə siyasi məhbus saydığı üç nəfər OMON-çunun adı (Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov) isə təəccüblüdür ki, hüquq müdafiəçilərinin siyahısında yoxdur. E.Fətullayev bunun səbəbini də açıqladı. O dedi ki, 11 sentyabr 2007-ci ildə bəzi hüquq müdafiəçiləri və hökumət rəsmilərinin qəbul etdiyi qərarda göstərilib ki, adıçəkilən OMON-çuların insanlıq əleyhinə cinayətlərini nəzərə alaraq, onların azadlığa buraxılmasına təkid edilməyəcək.
Cabbar Savalanlı dekabrda həbsdən azad oluna bilər
Fətullayevin sözlərinə görə, hökumətdən onun rəsmi sorğusuna verilən cavabda bildirilir ki, dekabrda imzalanması gözlənilən əfv fərmanıyla bağlı müzakirələrə siyasi məhbus siyahısında olanlardan beşinin də adı daxil ediləcək. Fətullayev deyir ki, həmin beş nəfərdən birinin AXCP üzvü olan gənc fəal Cabbar Savalanlı olduğu güman edilir.
Sonda Eynulla Fətullayev bir daha vurğulayıb ki, hüquq müdafiəçilərinin siyahısı ölkədəki real durumu əks etdirmir. Vəziyyətin bu qədər absurd həddə çatmasına görə isə bəzi hüquq müdafiəçilərilə yanaşı, Avropa Şurası da məsuliyyət daşıyır.
Natiq Güləhmədoğlu