Avropa Birliyi Tehrana yönəlik yeni sanksiyalar tətbiq etdi; avropalı diplomatlar Iranı tərk edir
Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin ötən gün Brüsseldə keçirilən toplantısında Iranın nüvə fəaliyyətilə əlaqədar Tehrana qarşı yeni sanksiyalar qəbul edilib. Qurumun qəbul etdiyi qadağaların hədəfi Islam Respublikasının 141 şirkəti və 39 vətəndaşı olub. Xarici işlər nazirləri Iranın maliyyə, nəqliyyat və enerji sahələrinə tətbiq olunan sanksiyaları daha sərt şəkildə davam etdirmək barədə razılığa gəliblər. Toplantıda Irandan neft idxalına sanksiya qoyulması haqda müzakirələrin getdiyi də vurğulanır. Avropa Birliyinin sanksiyasına məruz qalan Iranın şirkət və vətəndaşlarının adları isə açıqlanmayıb.
Son günlər Iranın nüvə fəaliyyətindən dolayı Tehrana yönəlik hərbi müdaxilə variantını gündəmə gətirən Israil “əbədi” düşmənilə bağlı hazırda heç bir irimiqyaslı planı olmadığını açıqlayıb. Israilin müdafiə naziri Ehud Barakın sözlərinə görə, ölkəsi yaxın gələcəkdə Irana hücum etməyə hazırlaşmır. Lakin əvvəlki kimi, Iranın nüvə silahının hazırlanmasına yönəlmiş fəaliyyətini dayandırmasında təkid edir: “Israil sakit və asta hərəkət edəcək. Israilə iri müharibələr lazım deyil. Sanksiyalar Iranın nüvə proqramının qarşısını ala bilsəydi, şad olardıq”.
Alman qəzetindən müdhiş iddia
Almaniyanın və Avropanın nüfuzlu qəzetlərindən ola “Bild” Iranın Almaniya ərazisində olan ABŞ-a məxsus hərbi təyinatlı obyektlərə yönəlik hücum planlaşdırdığı haqda məlumat yayıb. Xəbərdə Almaniya Prokurorluğunun məsələylə bağlı istintaq araşdırmalarına başladığı da vurğulanır. “Bild” yazır ki, almaniyalı bir iş adamı təxribat məqsədilə Iran lehinə casusluq edir. Qəzet iş adamının zaman-zaman Berlində iranlı diplomatlarla gizli danışıqlar keçirdiyini qeyd edib.
Xəbərdə o da vurğulanır ki, Vaşinqton Tehrana qarşı hərbi hücum qərarı verəcəyi təqdirdə, iranlı xəfiyyələr Almaniyada olan ABŞ bazalarını vurmağa hazırlaşır.
Almaniyanın baş prokuroru Harald Range Karlsrure şəhərində keçirdiyi mətbuat konfransında “Bild” qəzetinin ortaya atdığı iddialarla bağlı istintaqın başlandığını təsdiqləyib. Almaniyanın Federal Polis şefi Yorq Zierke isə məlumatın araşdırıldığını, real təhlükənin olub-olmadığına dair nəticənin istintaqın gedişi zamanı ortaya çıxacağını söyləyib.
Iran Türkiyəyə xəbərdarlıq ünvanlayıb
Ötən gün Iranın “tabnak.ir” saytı ölkə rəsmilərinin Suriya müxalifətinə dəstək verən Türkiyəyə sərt xəbərdarlıq etdiyi barədə məlumat yayıb. Qeyd edək ki, “tabnak” Iran Inqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı Möhsün Rzayiyə bağlı bir saytdır. Saytın xəbərinə görə, Iran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Ələddin Bürucerdi noyabrın 17-də Türkiyəyə səfəri zamanı prezident Abdullah Güllə görüşündə Ankaranın Suriya siyasətilə bağlı Tehranın açıq mesajını çatdırıb. Bürucerdi Abdullah Gülə deyib: “Iranın milli təhlükəsizliyi ilə oynamayın. Əgər Suriya ilə bağlı səhv siyasətinizə son qoymasanız, şübhəsiz ki, Iranla dostluğu unutmalısınız. Siz Amerikanın raket hücumundan müdafiə sisteminin Türkiyə ərazisində quraşdırılmasını qəbul etməklə böyük strateji səhvə yol vermisiniz. Bilin və agah olun ki, bölgədə hər hansı gözlənilməz hadisə baş versə, əvvəlcə ərazinizdə olan həmin sistemi, onun ardınca da sizin Incirlik hərbi qərargahınızı vuracağıq. Belə olan halda, artıq sizinlə dostluqdan söhbət gedə bilməz. Bunun artıq dostluğa heç bir dəxli yoxdur. Söhbət Iranın milli təhlükəsizliyindən gedir. Çünki Suriya və Fələstinə, o cümlədən fələstinlilərin müqavimətinə dəstək vermək artıq bizim dini və siyasi inancımızın bir hissəsi sayılır”.
Davudoğlu iranlı həmkarından izahat tələb etdi
Türkiyə isə bir neçə gün öncə SEPAH-ın aerokosmik bölüyünün komandiri Əmir Əli Hacızadənin bəyanatı ilə bağlı Irana rəsmi nota göndərib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Islam Əməkdaşlıq Təşkilatının toplantısında iranlı həmkarı Əli Əkbər Salehi ilə də bu məsələni müzakirə edib. Salehi Hacızadənin açıqlamasının Iranın rəsmi mövqeyi olmadığını bildirib. Davudoğlu, həmçinin Britaniyanın Tehrandakı səfirliyinə basqına işarə edərək, “bir elçiliyə basqının Fars mədəniyyətinə yaraşmadığını” da Salehiyə söyləyib.
Almaniya, Fransa və Hollandiyadan Britaniyaya dəstək
Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfirliyinin tutulmasına etiraz əlaməti olaraq Avropanın üç ölkəsi – Almaniya, Fransa və Hollandiya Irandakı səfirlərini geri çağırdıqlarını bəyan ediblər. Almaniya Xarici Işlər Nazirliyinin sözçüsü bildirib ki, nazir Gido Vestervelle hazırkı gərgin vəziyyəti nəzərə alaraq, Almaniyanın Irandakı səfirini vəziyyətlə bağlı məşvərət üçün geri çağırmaq qərarına gəlib.
Fransa və Hollandiyanın Xarici Işlər Nazirlikləri isə yaydıqları ayrıca bəyanatlarda Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücuma etiraz əlaməti olaraq, Irandakı səfirlərini məşvərət üçün geri çağırdıqlarını açıqlayıblar.
Italiyanın Xarici Işlər Nazirliyi isə Tehranda xarici diplomatik korpuslara qarşı təzyiq və təhdidi nəzərə alaraq, Irandakı səfirliklərini bağlamaq məsələsini müzakirəyə çıxardıqlarını və vəziyyəti dəyərləndirməyə başladıqlarını bildirib.
Rusiya və Çin tərəddüd içində
Irana qarşı sərt addımların atılmasına qarşı çıxan ölkələrdən biri BMT TŞ-nın daimi üzvü Çin məlum hadisədən sonra Tehrandakı səfirini Pekinə çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, rəsmi Pekin olayın müzakirə olunması və atacağı addımları müzakirə etmək məqsədiylə Irandakı səfirini Çinə çağırıb. Toner Çinin yaxın günlərdə müsbət qərar verəcəyinə inandığını vurğulayıb. Rusiya Xarici Işlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç isə keçirdiyi brifinqdə, ölkəsinin Iranda fəaliyyət göstərən diplomatlarını oradan çıxarmayacağını bildirib. Onun sözlərinə görə, Tehranda Böyük Britaniya diplomatlarına qarşı baş verən hadisədən sonra Rusiya səfirliyinin mühafizəsi daha da gücləndirilib. Ekspertlər bildirir ki, əksər hallarda Iranın mövqeyini dəstəkləyən Çin və Rusiya Tehran rejiminin son səhv addımı üzündən atacağı addımlarla bağlı tərəddüd edirlər.
Səfirliyə hücum edənlər azadlıqda
Iran isə Böyük Britaniyanın Tehrandakı səfirliyinə və diplomatik qərargaha hücuma görə saxlanılan radikal yönümlü 11 tələbəni sərbəst buraxıb. “Associated Press” agentliyinin xəbərinə görə, tələbələrin buraxılmasının səbəbi açıqlanmayıb.
Isveçrədəki Iran səfirliyinə hücum oldu
Isveçrənin paytaxtı Berndə isə Iran səfirliyinə silahlı hücum olub. Polis 2 gəncin noyabrın 30-da axşam saatlarında səfirliyə daş və molotov kokteyli atdığını bildirib. Ancaq hücum nəticəsində səfirliyin binasına zərər dəyməyib. Adı açıqlanmayan gənclər saxlanılıb və ifadələri alınıb.
Elxan



