Cavid Qurbanovun qohumu korlara qan uddurur

DSMF-nin yeni müdiri Nahid Şəmşirov büdcə vəsaitini saxta təqaüdçülərə paylayır

Dövlət Sosial Müdafiə Fondunun(DSMF) Masallı şöbəsi neçə illərdir ki, düzəlmir. Burada saxtakarlıq və korrupsiya hətta “yuxarılar”ın müəyyənləşdirdiyi “normalar”ı da keçir. 3 il öncə DSMF-nin Masallı şöbəsində təxminən 400 min manatlıq yeyinti olmuşdu. Bir rayon şöbəsi üçün olduqca böyük məbləğ olan bu məsələ çox asanlıqla ört-basdır edildi. Cəmi bir nəfəri, Seyran Şahverdiyevi kollegiya qərarı ilə işdən azad etdilər, o da bir neçə ildən sonra Masallı Qaz Istismarı kimi mötəbər bir idarəyə müdir təyin olundu.
Hər hansı saxtakarlığın asanlıqla ört-basdır edildiyini görən DSMF-nin Masallı təmsilçiləri son vaxtlar daha geniş miqyaslı saxtakarlığa start verdilər. Tibbi Sosial Ekspert Komissiyası (el içində “Vetek” deyilən təşkilatla) və səhiyyə şöbəsi ilə əlbir olub yaxşı şirinlik müqabilində, necə deyərlər, kim gəldi, ona əlillik dərəcəsi verməyə başladılar. Gözdən əlillərə daha yüksək pensiya verildiyindən saxta yolla pensiyaya çıxanların əksəriyyəti gözdən “əlil” oldu. Təkcə Həsənli kəndindən 100-ə yaxın şəxs saxta yolla gözdən əlil kimi pensiyaya çıxdı. Uşaqlıqda əlil olan 18 yaşan çatan kimi onların bəziləri üçün 1-ci qrup qrup əlillik təşkil edib, qondarma staj düzəldib, dövlətə xeyli ziyan vurublar. Saxtakarlıqdan ruhlananlar daha çox pul mənimsəsinlər deyə, saxta stajların bir çoxunu neft şirkətinin qurumlarından alındığı söylənilir. Bu sahə üzrə ixtisaslaşmış dəllallar kütləvi şəkildə maraqlıları bu işə cəlb edir, yüzlərlə pensiyaçının plastik kartını özündə saxlayır, “zəhmətləri” müqabilində 2 ilin pensiya pulunu özləri alıb, sonra kartları həmin şəxslərə verirdilər. Bu iş o qədər kütləvi şəkil almışdı ki, hətta toyuq-cücə bazarında dəllallar adamlara neçənci qrup əlillik vəsiqəsi  istədikləri barədə sövdələşmə təklif edirdi. Hazırda 1200-dən artıq pensiyaçının sənədləri baş idarədə araşdırılır.
Bir neçə həftə öncə DSMF-nin Masallı şöbəsinin müdiri Ülvi Nemətov vəzifəsindən azad edilib. Onun yerinə DSMF-nin baş idarəsindən Nahid Şəmşirov təyin olunub. Bu şəxsin “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun əmisi  oğlu olduğu bildirilir.
Nahid Şəmşirovun Masallıya gəlişindən sonra sanki bu idarədə fövqəladə vəziyyət yaranıb. Bəzən idarənin qabağında bir neçə polis maşını və onlarla polis dayanır. Müdirin qəbuluna girmək isə hər kəsə müyəssər olmur. Gah onun qapısı içəridən bağlı olur, gah köməkçi içəri keçməyə imkan vermir. Şikayətçiləri zərərsizləşdirmək isə həmin idarədə bütün bu işlərin baş “rejissorlarından” biri olan Şaiq Qasımova tapşırılıb. Şaiq Qasımov isə saxtakarlıq və yalanlar üzrə ixtisaslaşmış bir kadrdır. Onun otağında vaxtaşırı hay-küy, şikayətçilərin narazılığını müşahidə etmək mümkündür. Rayonun Ərkivan qəsəbə sakini Yusif Əliyev bildirir ki, atamın 80 yaşı var, ömürlük gözdən əlildir. Yalançı korlar pensiyaları vaxtlı-vaxtında alsa da, əsil korları zülmlə ora-bura sürütdürüb, bu xəstəni sürüyə-sürüyə o idarəyə, bu idarəyə aparsaq da 3 aydır ki, onun pensiyasını ala bilmirik. Təzə müdirin millət vəkili Cavid Qurbanovun qohumu olması buradakı işçiləri ruhlandırıb. Bu dayaqlardan ruhlanan Masallı DSMF-çiləri orada-burada deyirlər ki, daha bizə ilişən olmaz, müdirimizin arxası möhkəmdir.
Təzə müdirin qəbuluna girmək isə başqa planetə getməkdən də çətin olub. Müdirin otağında kamera olsa da, o çöldəki biabırçılığı görmür. Nə Səlim Müslümov, nə də onun yerli nümayəndəsi xalqa bir açıqlama vermir ki, burada nələr baş verir. Hansı nöqsanlar aşkarlanıb? Niyə milyonlarla pulun mənimsənildiyi, kütləvi saxtakarlığa yol verildiyi bu idarədə heç kim cəzalandırılmır?
“Kim 3-5 min versə, yerində qalacaq. Onsuz da başqa yerdə bu pula normal iş tapmaq olmaz”, “Hər işçidən yerini mühafizə etmək üçün 1700 manat pul istənilir” və digər şayiələr nə dərəcədə doğrudurmu? Niyə bütün işçilərin işdən çıxmaq barədə ərizəsi alınsa da, əsasən ərizə verməyənlər sıxışdırılır və işdən çıxarılır? Bu saxtakarlıq işlərində həmişə öndə olan şöbənin müavini Şaiq Səlimov hansı səbəbdən yeni müdirin də sevimlisinə çevrilib?
Masallı sakinləri bu və buna bənzər sualların cavabını yeni müdirdən almağa çox maraqlıdır. Yəqin ki, bu mümkünsüz olsa, hörmətli millət vəkilimiz Cavid Qurbanova müraciət olunacaq ki, bu məsələlərə aydınlıq gətirsin.

Zahir Əmənov, 
“Cənub xəbərləri” qəzetinin baş redaktoru