Brayza İranla bağlı məsələnin ciddi olduğunu dedi

Avropa Birliyi Tehrana qarşı yeni sanksiyaları müzakirə edəcək

ABŞ Konqresində İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun layihəsi nəzərdən keçirilir. Bu barədə jurnalistlərə məlumat verən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza  bildirib ki, burada spesifik elementlər var, bunlara xüsusi diqqət yetirilməlidir: «Biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla fəaliyyətimizin və addımlarımızın koordinasiyasına çox diqqət yetiririk».
M.Bryza İranda ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya səfirliyinə qarşı törədilənlərlə bağlı bunları deyib: «Böyük Britaniyanın öz diplomatlarını İrandan çıxarması və Britaniyadakı İran səfirliyinin bağlanması barədə verdiyi qərar məsələnin ciddiliyinə dəlalət edir. 23 illik diplomat karyeramda çox az sayda belə hallara təsadüf etmişəm ki, ev sahibi olan ölkə öz ərazisində yerləşən xarici ölkənin səfirliyinin bağlanması haqqında qərar verir».

***

Bu arada Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin Brusseldə keçiriləcək sammitində əsas mövzulardan birinin İranda baş verən son hadisələr olacağı açıqlanıb. APA-nın məlumatına görə, sammitdə İrana əlavə sanksiyaların tətbiq edilməsi haqda razılaşma əldə olunacağı gözlənilir. İlkin məlumatlara əsasən, sanksiyalar İranın dövlət məmurlarına qarşı, neft sənayesi və bank sektoruna tətbiq ediləcək.
Öz növbəsində Yaponiya hökuməti də İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirir. Yaponiyanın XİN rəhbəri Koitiro Qemba bildirib ki, sanksiyalar İranın öz ərazisində xarici diplomatların və əmlakının təhlükəsizliyi təmin etmədiyinə görə tətbiq oluna bilər. Yaponiya noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyib. Qemba deyib ki, sanksiyalar barədə yekun qərar Yaponiyanın Avropa tərəfdaşları ilə məsləhətləşmələrindən sonra qəbul olunacaq.