Bakını bahalı şəhər edən nədir?

Məhəmməd Talıblı: «Azərbaycandakı rüşvət, korrupsiya, inhisarçılıq Bakını dünyanın ən bahalı şəhərləri sırasına salır»

“Mercer Human Resource Consulting” beynəlxalq konsaltinq şirkətinin araşdırması nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 48-ci yerdədir. Reytinq cədvəlini hazırlayan tədqiqatçılar 200 növ məhsul və xidmət növünün qiymətini nəzərə alıblar. Etalon kimi ABŞ-ın ən bahalı şəhəri olan Nyu-Yorkdakı mal və xidmətlərin dəyəri götürülüb. Hesablamaya görə, dünyanın ən bahalı şəhəri Luanda (Anqola), ən ucuz şəhəri isə Karaçidir (Pakistan). Bahalığa görə ilk beşlikdə sonrakı yerləri Tokio (Yaponiya), Ncamena (Çad), Moskva (Rusiya), Cenevrə (Isveçrə) tutur.
Dünyanın ən bahalı şəhərləri siyahısında 70-ci yerdə Türkiyənin Istanbul şəhəri göstərilib. Tehran (Iran) 130-cu, Yerevan (Ermənistan) 167-ci, Tbilisi (Gürcüstan) 191-ci yerdədir.
Bakının bu reytinq cədvəlində dünyanın tanınan şəhərlərini geridə qoyması diqqət çəkməyə bilməz. Bəs görəsən, Bakını bahalı edən səbəblər nədir?
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın adının bu səviyyə gəlməsinə səbəb ölkədə rüşvət və korrupsiya üçün əlverişli zəminin olmasıdır. Məhz iqtisadiyyatın böyük hissəsinin məmur oliqarxların nəzarətində olmasının bu cür mənzərənin yaranmasına səbəb olduğunu vurğulayan M.Talıblı qeyd etdi ki, nəticədə ölkədə sahibkarlıq mühiti inkişaf edə bilmir: “Adi bir misal gətirim. Bütün dünyada daşınmaz əmlakın aşağı düşməsinə baxmayaraq, Azərbaycanda heç bir satış olmasa da, daşınmaz əmlakın qiyməti yüksək olaraq qaldı. Bu onunla bağlı oldu ki, bu binaların sahibləri olan məmurlar ciddi maliyyəyə ehtiyac duymadıqlarından daşınmaz əmlakın satılmasına maraq göstərmirlər”.
Bakının dünyanın ən bahalı şəhər statusunu qazanması ilə əhalinin yaşayış səviyyəsinin tərs-mütvnasib olduğunu deyən iqtisadçı qeyd etdi ki, paytaxtımızda mənzillərin qiyməti Avropanın tanınmış şəhərləri ilə eyni olsa da, adambaşına düşən gəlir kəskin fərqlənir. “Məsələn, Azərbaycanda adambaşına düşən gəlir 6000, Avropada isə bu göstərici 45000 dollardır. Eyni zamanda mal və xidmətlərin sahibləri də məmurlar olduğundan onların qiymətləri bahadır. Bütün bu məqamlar Azərbaycanın paytaxtını bahalı şəhər edir”.

Xəyal