Qəzada daha iki polis nəfəri isə xəsarət alıb
Bu gün Bakıda baş vermiş yol qəzasında Polis Akademiyasının müdavimi dünyasını dəyişib. Nizami rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə bu gün saat 08.00 radələrində baş verib. Göyçay rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Abdullayev Aqşin Rauf oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Heydər Əliyev prospekti ilə “Əzizbəyov” metro stansiyası istiqamətində hərəkət edən “DAEVOO” markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə sərnişin, Polis Akademiyasının müdavimi Hacıyev Anar Malik oğlu dünyasını dəyişib.“VAZ 2106”-da olan daha 2 polis nəfəri isə yüngül xəsarət alıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Lent.az-a daxil olan əvvəlki məlumatda hadisə zamanı yaralanan şəxslərin yol patrul xidmətinin əməkdaşları olduğu bildirilmişdi. Dəqiqləşdirmədən sonra yaralanan və ölən şəxslərin yol polisinin əməkdaşları olmadığı üzə çıxıb.
***
Bakıda polislər ağır qəzaya düşdü
Yaralanan yol patrul xidmətinin əməkdaşları xəstəxanaya aparılıblar
Bu gün Bakıda yol patrul xidmətinin əməkdaşları avtomobil qəzasına düşüb. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində yol patrul xidməti əməkdaşlarını aparan minik avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub. İlkin məlumatlara görə, 3 polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hazırda faktla əlaqədar ilkin araşdırmalar aparılır. Qəzada polislər zərər çəkdiyindən hadisə yerinə prokurorluq əməkdaşları da gəlib.
Hadisənin təfsilatlarını dəqiqləşdiririk.