sulheddin

Azərbaycan kəşfiyyatçı poliqonuna çevrilə bilər

Sülhəddin Əkbər: «Rəsmi Bakı gərginliyin artmasına, gələcəkdə Iranla münasibətlərin kəskinləşməsinə hazır olmalıdır»

«Ölkəmizdə kəşfiyyat xidmətlərinin aktivləşməsi gözlənilir»

Iranda bir qrup tələbənin Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum edərək diplomatik missiyanı tutması, səfirlik əməkdaşlarını girov götürməsi ciddi qalmaqala səbəb olub.
Britaniyanın buna cavabı da özünü çox gözlətməyib. Artıq Iranın bu ölkədəki səfirliyi bağlanıb, iranlı diplomatların isə Ingiltərə ərazisindən qovulmasına qərar verilib. Eyni zamanda Böyük Britaniya yaranmış vəziyyətlə əlaqədar diplomatlarını Irandan çıxarmağa başlayıb. Bundan sonra Irana dair məsələləri bu ölkənin Bakıdakı səfirliyinin kurasiya etməsi nəzərdə tutulur. Iranda baş verən və Birləşmiş Krallığa aid olan mövzularla bağlı Böyük Britaniya Xarici Işlər Nazirliyini bu ölkənin Azərbaycandakı səfirliyi operativ məlumatlandıracaq. Bu arada Norveç, Fransa, Italiya, Almaniya və Hollandiya da Böyük Britaniyaya həmrəylik nümayiş etdirərək Irandakı səfirliyi bağlayıb. Hələlik diplomatların köçürülməsi haqda qərar verilməyib. Lakin bu baş verəcəyi təqdirdə həmin ölkələrin Irana dair məsələləri Bakıdakı səfirlikləri vasitəsilə həyata keçirəcəyini gözləmək olar. Eyni zamanda digər Qərb ölkələri də oxşar addımlar ata bilər. Belə olan halda, Azərbaycan ağırlıq mərkəzinə çevriləcək. Azərbaycanın Tehranla münasibətlərinin ürəkaçan olmadığı bir vaxtda Qərb diplomatlarının Iranla bağlı fəaliyyətlərini Bakıda həyata keçirməsi ölkəmiz üçün hansı çətinliklər doğura bilər? Həmçinin rəsmi Bakı yarana biləcək problemlərin qarşısını almaq üçün hansı zəruri addımlar atmalıdı?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər Iran ətrafında beynəlxalq şəraitin gərginləşdiyi bir dövrdə Azərbaycanda istər diplomatik, istərsə də kəşfiyyat fəaliyyətinin artacağını deyir: “Azərbaycan onsuz da geopolitik və geostrateji baxımdan çox mürəkkəb və həssas, xarici təsirlərə açıq olan bir regionda yerləşir. Bir tərəfdən özünün müharibə vəziyyətində olması, digər tərəfdən isə Iran ətrafında beynəlxalq şəraitin mürəkkəbləşməsi, təbii ki, Azərbaycana diqqəti artırır. Eyni zamanda ölkəmizdə kəşfiyyat xidmətlərinin, siyasi-diplomatik fəaliyyətin yaxın perspektivdə aktivləşməsi gözlənilir”.
Ekspertin sözlərinə görə, o baxımdan rəsmi Bakı həm siyasi-diplomatik, həm də xüsusi xidmət sahəsində aktiv işləməlidir. Həmçinin gərginliyin artmasına, gələcəkdə Iranla münasibətlərin kəskinləşməsinə hazır olmalıdır.

Fizzə