«Ona görə Ramiz Mehdiyev tənqid edilir ki…»
Aslan İsmayılov: «Əgər bu qurumun hansısa bir şəxsin, qrupun maraqlarına xidmət etdiyini bilsəm, sözümü deyib, tərk edəcəm oranı»
Professor Rafiq Əliyevə qarşı kampaniya zamanı onun təmsil olunduğu Ziyalılar Forumunun ünvanına da bir sıra ittihamlar səsləndirildi. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Ziyalılar Forumunun politoloq Eldar Namazovun qrupu olduğunu iddia etdi. Bu baxımdan Ziyalılar Forumunun yaradıcılarından olan tanınmış vəkil Aslan Ismayılovla müsahibəyə elə bu məsələdən başladıq.
Eldar Namazov Əli Həsənovun yalan danışdığını bəyan etməliydi
– Aslan müəllim, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Ziyalılar Forumunu Eldar Namazovun qrupu adlandırıb. Eyni zamanda Ziyalılar Forumunun hakimiyyətdə hansısa qrupa bağlı olması barədə fikirlər səsləndirilir. Doğrudanmı, bu qurum hansısa şəxsin, yaxud qruplaşmanın iradəsindən asılıdır və sifariş yerinə yetirir?
– Çoxlarında belə bir rəy yaranıb ki, Ziyalılar Forumunun yaradılması 3-5 ayın işidir. Xeyr. Ziyalılar Forumunun indiki vəziyyətə gəlməsi təxminən 3 il çəkib. Biz bu müddət ərzində dəfələrlə toplanmışıq, müzakirələr aparmışıq. Yəni, bu forum birdən-birə ortaya çıxmayıb və onu kiminsə qrupu adlandırmaq, haradansa idarə olunduğunu söyləmək əsassızdır. Ziyalılar Forumu heç bir qrupa bağlı deyil. Şəxsən mən heç vaxt qruplaşma olan yerdə təmsil olunmamışam, olunmaq fikrim də yoxdur. Sizə tam səmimi şəkildə deyirəm ki, əgər Ziyalılar Forumunun hansısa bir şəxsin, qrupun maraqlarına xidmət etdiyini bilsəm, ilk olaraq oradan mən çıxacam. Sözümü deyib, tərk edəcəm oranı. Lakin bu gün mən orada hansısa oyunun getdiyini, forumun hansısa qrupa bağlı olduğunu sezmirəm və bu barədə deyilənləri əsassız hesab edirəm. Əli Həsənovun Forumu konkret olaraq Eldar Namazovun qrupu adlandırması isə tamamilə absurddur. Görünür, Əli Həsənov hamını özü kimi hesab edir. Əli Həsənov vaxtilə Moskva Dövlət Universitetinin tələbəsi kimi Heydər Əliyevin əleyhinə bəyanat imzalayıb bu gün Heydər Əliyevi hamıdan çox sevdiyini elan edən bir şəxsdir. Həmin bəyanatın yayıldığı “Bakinskiy raboçi” qəzetini mən o zaman bu nəşrin baş redaktoru olmuş mərhum Ibrahim Şükürovdan almışam.
Onunla çox yaxın münasibətim var idi. Bu qəzet rəhmətlik Elmar Hüseynovun məhkəməsində indi Milli Elmlər Akademiyasının Tarix institutunun direktoru olan Yaqub Mahmudovu ifşa etmək üçün mənə lazım idi. Elmar Hüseynovu o zaman 3 adam məhkəməyə vermişdi: Yaqub Mahmudov, Qurban Bayramov və professor Seyidağa Onullahi. Elmar müsavatçılığı, türkçülüyü və Heydər Əliyevi təhqir etməkdə suçlanırdı. Mən Elmarın müdafiəçisi kimi bütün bunları təkzib etməli idim və etdim. Qurban Bayramovun “Proletariat diktaturasının Bakıda qələbəsi: 1918-1920-ci il” adlı namizədlik dissertiyasını tapdım və məhkəmə prosesində elan elədim. Qurban Bayramov elmi işində müsavatçılığı və türkçülüyü təhqir eləmişdi. Heydər Əliyev məsələsinə gəlincə, “Bakinskiy raboçi” qəzetini Ibrahim Şükürovdan aldım və Yaqub Mahmudovun Heydər Əliyevə münasibətdə səmimi olmadığını sübut etdim. O zaman mənə bəlli oldu ki, Əli Həsənov da Heydər Əliyevin əleyhinə olan bəyanatı imzalayanların sırasındadır.
Sadəcə, hesab edirəm ki, Eldar Namazov özü də bu məsələyə münasibət bildirib Əli Həsənovun yalan danışdığını, Ziyalılar Forumunun kiminsə qrupu olmadığını bəyan etməliydi. Ümumiyyətlə isə, bir daha qeyd edirəm ki, orda yığışan şəxslər kiməsə xidmət edə bilməz. Kimlərinsə Rafiq Əliyevi, Rüstəm Ibrahimbəyovu, Cəmil Həsənlini, məni və digərlərini idarə etməsi mümkün deyil.
Biz vəzifə, mandat davası aparmırıq
– Deməli, Ziyalılar Forumu bir nəfərin iradəsindən olan qurum deyil…
– Əlbəttə yox. Məsələn, çox adamlar mənə zəng edirlər ki, ora necə gəlmək, necə üzv yazılmaq olar. Mən izah edirəm ki, burada üzvlük yoxdur. Bu strukturlaşmış təşkilat deyil. Sadəcə, elan verilir ki, filan vaxtı filan yerdə forum keçiriləcək. Azərbaycanda baş verən proseslərə, ölkənin problemlərinə biganə yanaşmayan hər bir ziyalı forumun iclaslarına qatıla bilər. Mən bilirəm ki, eyni qaydada Rafiq müəllimə, Cəmil Həsənliyə də müraciətlər olunur.
Ziyalılar Forumu siyasi qurum deyil, orada toplaşanların siyasi iddiaları yoxdur. Biz vəzifə, mandat davası aparmırıq. Ziyalılar Forumunun məqsəd və məramı Azərbaycanın problemləri ilə bağlı ziyalı mövqeyini ortaya qoymaqdır. Ola bilər ki, hər bir təşkilatda olduğu kimi burada da kimlərinsə başqa niyyəti var. Amma o niyyətlər üzə çıxdıqca həmin adamlara Ziyalılar Forumunda yer olmayacaq. Onlar yad element kimi oradan kənarlaşacaqlar.
– Bəlkə Forumda toplaşanların tənqidlərinin daha çox Ramiz Mehdiyevə yönəlməsi belə bir rəyin formalaşmasına səbəb olub?
– Ona görə daha çox Ramiz Mehdiyev tənqid edilir ki, problemlərin yaranmasında daha çox onun rolu görünür. Məsələn, mən Zülfüqarlı qardaşlarının işi ilə bağlı daha çox Ramiz Mehdiyevi tənqid edirəm. Çünki onun bu məsələyə birbaşa müdaxiləsi var. Rafiq Əliyevə qarşı başlanan kampaniyanın da təşkilatçısının Ramiz Mehdiyev olduğunu hamı bilir. Bununla belə, heç kim bütün məsuliyyəti tək Ramiz Mehdiyevin üzərinə yıxmır. Məsələn, mən özüm çıxışlarımda dəfələrlə bildirmişəm ki, prezident də ölkədə baş verənlərə görə məsuliyyət daşıyır. Yoxsa deyək ki, təkcə Ramiz Mehdiyev günahkardır, yerdə qalanlar isə imam övladıdır, əlbəttə bu, doğru olmaz. Necə ki, bu gün hamı hava şəraitinin pisləşməsi nəticəsində yaranmış problemlərə görə Bakı meri Hacıbala Abutalıbovu ittiham edir. Axı bu problemlərə görə tək mer məsuliyyət daşımır. Tıxac yaranıb, bunun günahı yol infrastrukturu ilə məşğul olan Nəqliyyat Nazirliyi və onun rəhbəri Ziya Məmmədovda axtarılmalıdır. Sular kəsilibsə buna görə “Azərsu” məsuliyyət daşıyır. Qaz gəlmirsə “Azəriqaz”dan, işıq yoxdursa “Azərenerji”dən hesab sorulmalıdır. Lakin maraqlıdır ki, bu problemlərə görə də Hacıbala Abutalıbov təqsirkar sayılır. Axı Hacıbala Abutalıbov, məsələn, Rövnəq Abdullayev olan yerdə kimdir ki, “Azəriqaz”a göstəriş versin. Hacıbala Abutalıbovun şəhərə rəhbərliyi formal xarakter daşıyır. Hamı bilir ki, meriyanın idarəçiliyi faktiki olaraq bir xanımın əlindədir. Mən bilmirəm o xanımın adı nədir, lakin bu fakt hər kəsə bəllidir.
Hacıbala Abutalıbova qarşı kampaniyanın başında da Ramiz Mehdiyev dayanır. Indi mən bunu deyirəmsə, deməli, hansısa qrupa xidmət edirəm?! Bu, yanlış yanaşmadır. Mən gördüyümü və bildiyimi deyirəm. O cümlədən də Ziyalılar Forumunda təmsil olunan ziyalılar gördüklərini və bildiklərini danışırlar.
Rafiq Əliyevə təzyiq bizim heç birimizi qorxutmur
– Rafiq Əliyevlə bağlı qalmaqaldan sonra Ziyalılar Forumunun iclasları səngiyib. Təzyiqlər öz işini görüb, yoxsa ayrı səbəb var?
– Ziyalılar Forumu işini davam etdirməkdə israrlıdır. Inanmıram ki, orada toplaşan ziyalılar da təzyiqlərdən qorxaraq geri çəkilsinlər. Forumun iclaslarının səngiməsinin səbəbi odur ki, qurumun özəyini təşkil edən bir sıra üzvlərimiz bəzən xarici səfərlərdə olur. Bu baxımdan toplaşa bilmirik. Mən bilən Rüstəm Ibrahimbəyov da ölkədə yoxdur. Lakin narahatçılığa ehtiyac yoxdur, bu günlərdə toplanacağıq. Və mən əsasən bu qrup məsələsini qaldıracağam. Hesab edirəm ki, orada toplaşan insanlar bu məsələyə münasibət bildirməlidir. Rafiq Əliyevə təzyiq bizim heç birimizi qorxutmur.
– Yeri gəlmişkən, siz də kifayət qədər təzyiqlərə məruz qaldınız, lakin nədənsə Ziyalılar Forumu tərəfindən ciddi müdafiəniz müşahidə olunmadı. Məsələn, professor Rafiq Əliyev kimi…
– Açığı, mən də Rafiq Əliyevin müdafiə olunmasının tərəfdarı idim. Rafiq müəllim çox təvazökar insandır. Bundan əlavə, mətbuatla əlaqəsi də yoxdur. Mən isə müdafiəyə də, müdafiəsiz qalmağa da öyrəncəliyəm. 1999-cu ildə vəkillikdən çıxarılanda, 1997 və 2005-ci illərdə barəmdə cinayət işi başlananda da müdafiə olunmadım. Mənim müdafiəçim yalnız mətbuat oldu. Ona görə də mətbuata təşəkkür edirəm. Məhz mətbuatın müdafiəsinin sayəsində məni vəkillikdən çıxarmadılar.
Məqsədim bu işi beynəlxalq səviyyəyə çıxarmaqdır
– Zülfüqarlı qardaşları ilə bağlı iş nə yerdədir?
– Bu işlə bağlı Xətai Rayon Məhkəməsində proses gedir. Mən fürsətdən istifadə edərək hamıdan xahiş edirəm ki, Xətai məhkəməsində gedən prosesə diqqət yetirsinlər. Bir də hamı elə fikirləşir ki, mənim Zülfüqarlı qardaşlarını müdafiə etməyim yalnız onlardan aldığım hansısa qonorarla bağlıdır. Əsla belə deyil. Azərbaycanda mülkiyyət hüququ total şəkildə pozulur. Zülfüqarlı qardaşları kimi sahibkarların mülkiyyət hüququnun pozulması bütün dünyaya çıxa biləcək bir işdir. Kiminsə mənzil hüququnun pozulmasına dünya reaksiya verməz. Necə ki, məsələn, Rusiyada minlərlə insanın hüququ pozulmuşdu, lakin beynəlxalq aləm buna reaksiya vermədi. Amma “Yukos” şirkətinin prezidenti Xadarkovskinin haqqı pozuldu və bütün dünya ona reaksiya verdi. Mənim də məqsədim bu işi beynəlxalq səviyyəyə çıxarmaqdır. Əvvəl mən bunu istəmirdim. Istəmirdim ki, Azərbaycanın imicinə zərbə dəysin. Lakin Azərbaycanda qaldırdığım yeddi işin heç bir faydası yoxdur. Ona görə də bu işi beynəlxalq səviyyəyə çıxarmağı düşünürəm. Və sizi əmin edirəm ki, bu iş Xadarkovksinin işi kimi beynəlxalq səviyyəyə çıxacaq.
– Bu işlə bağlı sizə qarşı baş verə biləcək hər hansı təxribatdan ehtiyat etmirsiz?
– Mənə heç kim açıq şəkildə hədə-qorxu edə bilməz. Amma bir şeyi deyim ki, hər bir insanın narahatlıq hissi olur. Mən də bu gün keçirdiyim narahatlıq hissini heç vaxt keçirməmişəm. Sizə də bildirirəm ki, mənə qarşı hər hansı bir hərəkət ancaq mənim vətəndaş mövqeyimlə bağlı ola bilər. Mənim şəxsi düşmənim yoxdur. Mən statusuma bələd olduğumdan, qanunu heç vaxt pozmamışam. Ona görə də mənə qarşı hər hansı bir akt yalnız və yalnız ictimai fəaliyyətimlə bağlı ola bilər.
Vidadi Məmmədov



