Yüngül Atletikanın arxasında kimsə yoxmu?!

Təhsilə analoqu olmayan zərbələr vuran Misir Mərdanovun sayəsində artıq övladlarımızı idman dərsindən də repetitor(məşqçi) yanına qoyuruq. Kim bilir, bəlkə, əmək təlimi, rəsm dərslərindən də hazırlığa gedənlər var. Axı bu dəyərli dərslər orta məktəblərdə, ümumiyyətlə, keçilmir. Pulla diplom alan idman, əmək, rəsm müəllimlərinin adı kağız üzərində yalnız direktorun “əlavə maaşı”na görə gedir. Ayda-ildə bir-iki dəfə məktəbə gələn, əllərini yuxarı qaldırmağa ərinən, yekə qarnını qaşımaqdan başqa heç bir hərəkət etməyi bacarmayandan idman müəllimi olarmı? Və ya 3 yaşında dərrakəli uşağın da çəkdiyi Günəş, alma, armud… şəklini çəkə bilməyən Xaladan rəsm müəllimi ola bilərmi? Evdəkiləri dadsız-duzsuz, yanıq yeməkləri ilə bezdirən, köynəyin boşalan düyməsini bərkitməyi bacarmayan Bibidən əmək müəllimi ola bilərmi? Sovet hökumətinin vaxtında oxuyanları elə orta məktəbdən, məşhur filmdə deyildiyi kimi “studentka, komsomolka, sportsmenka, nakonets – prosto krasavitsa!” edirdilər. Ona görə də sovet təhsilini görənləri dəyirmanın bu başından ölü salanda, o biri başından diri çıxırlar…

Bəli, bu, acı bir həqiqətdir ki, orta məktəblərdə idman, əmək, rəsm dərsləri keçirilmir. Məktəbdə oxuyan üç övladımın əmək dərsləri “kim nə istəyir yesin-içsin”, rəsm tapşırıqları isə “kim nə istəyir çəksin” olub həmişə. Yenə insaflıdırlar, heç olmasa məktəblərdə yemək-içməkdə, yaradıcılıqda azadlıq verirlər barı. Yoxsa deyə bilərdilər ki, ulu öndərin portretini çəkin, heykəlini düzəldin, ya da Babanızın ad gününə tort bişirin. Yeddinci sinifdə oxuyan və yeddi ildir idman dərsi keçməyən, lakin qaçıb-tullanmağa böyük həvəsi olan oğlumu idman məktəbinə üzv yazdırmazdan öncə bir neçə dost-tanışla məsləhətləşdim. Biri dedi, uşağı futbola qoy, arxasında Rövnəq dayanıb, krosovkanı, tuman- köynəyi pulsuz-parasız verir. Başqası dedi ki, yox, boks yaxşıdır, arxasında Kəmaləddin dayanıb, onun idmançıları məşqdən sonra “Jalə” şirəsi ilə çimirlər. Tərslikcə, hamı yüngül atletikadan başqa bütün idman növlərinin adını çəkir, arxasında dayanan “dayı”ları tərifləyirdi. Nəhayət, dözə bilməyib soruşdum: “Əcəba, Yüngül Atletikanın arxasında kimsə yoxmu?”. Elə bil qurbağa gölünə daş atdılar. Ən dəhşətlisi isə yanımda dayanan övladıma yetim kimi baxmağa başladılar. Indi ata-anasını itirənlər yetim sayılmır ki, təki sponsorun canı sağ, cibi dolu, gözləri parıltılı olsun. Misal üçün, futbolun, boksun, müğənnilərin… sponsorları kimi. Gözlük taxandan da prezident, nazir, sponsor olar? Mümkün deyil! Yeri gəlmişkən, bizim camaat gözlüyə də eynək deyir. Elə ona görə də ziyalı ilə quldurun fərqini bilmir. Normal ölkələrdə ağ şüşəli gözlük taxan savadlı adamlara vəzifə verilir, hörmət olunur, Azərbaycanda isə qara eynək taxan quldurlar yuxarı başda oturur, hörmətli sayılır. Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin gözlüyündən anlamaq olur ki, yeyib-içən, kef edən, əylənməyi sevən, qladiator bəsləməyə həvəsi olan oğlanlardan deyil. Elə ona görə də o, ömrü boyu “atletlərimiz futbol stadionlarında məşqlər edir. Yüngül atletikanın disktullama və çəkicatma yarışları üçün böyük əraziyə malik meydançalar olmalıdır. Ölkəmizdə isə belə stadionlar yoxdur” deyə-deyə qalacaq. Bütün stadionlara, meydançalara “SOCAR” möhürünü vurub, kimin həddi var o ərazilərdə disk tullasın, çəkic atsın. Qara eynəklilər ordusu idmançının başını çəkiclə əzərlər, bədənini disklə doğrayarlar. Ən uzaq məsafəyə qaçmaq, hündürlüyə tullanmaq bizim nəyimizə lazımdır? Elə hərəkətlər konstitusiya qanunlarımıza ziddir. Ən salamatı, meydana bir TOP tullayıb 90 dəqiqə, üzr istəyirəm, 18 il o baş bu başa qaçmaqdır. Müəllim oğlumdan “60 metri neçə saniyəyə qaçırsan?” soruşanda, az qaldı uşağın “çətin” sualın qorxusundan ürəyi getsin. Mən elə bilirdim Misir Mərdanovun məktəbində oxuyanlar üçün ən çətin suallar fizikadan, riyaziyyatdan, kimyadan… olar. Amma zavallı şagirdlər hətta idmana aid sullara da cavab verməkdə əziyyət çəkirlər. Oğlum məşqçi-müəllimin ev tapşırıqlarını yerinə yetirmək üçün səhər tezdən evdən çıxıb üzü dənizə tərəf qaçanda, yolda ən azı 10-15 nəfər arxasıyca “a bala, kim batıb?” qışqırıb. Neyləsinlər, BIZ axı kimsə batanda, öləndə qaçırıq. Bir azdan o da olmayacaq, hamı birdən batacaq…