Yaxşı ki…

Əliyevlər hakimiyyəti Azərbaycanı çox böyük faciələrə doğru aparmaqda davam edir. Nə qədər deyirlər, yazırlar, xeyri yoxdur, yenə də  eyni şeyləri təkrar edib dururlar. Inkişaf belə gəldi, sabitlik elə getdi. Regionda yerimiz belədir, dünyada hörmətimiz elədir…

Dünya bir yana olub, bunlar bir yana. Anlamaq istəmirlər ki, çox təhlükəli yoldur bu. Neft gəlirlərinə arxayın olub, rüşvətdən və korrupsiyadan qızışıb, bu qədər əyriliklərlə uzağa getmək mümkün deyil. Çat verir bu yanlış siyasətin “uğuru”“. Azərbaycan böyük ziyanlar çəkməkdədir…
Uzun illərdir ağlı başında olan adamlar haray çəkir ki, demokratik islahatlar aparılmasa, avtoritarlığı və özbaşınalığı hüquqi cəmiyyət quruculuğu əvəzləməsə, Azərbaycan uçuruma gedəcək. Indi deyilən yerdəyik.
Cəmiyyətin inamı və birliyi dağılıb
Yalanla idarəetmə, ədalətsizlik, qanunların və hüquqların pozulması, bir qrupun ölkəni talayıb hədsiz varlanması fonunda xalqın üzləşdiyi sosial çətinliklər cəmiyyəti içdən yeyib dağıdıb. Insanlar yaşamaq üçün özgə ölkələrə axışanda bilməliydik bunu. Nisbəti götürsək, vəzifədə olanlar daha çox Naxçıvandan olanlardır yəqin ki, amma ən böyük yaraları da oranın əhalisi aldı. Kəndlər boşaldı. Istanbulda “Naxçıvan hambalları”“” deyilən bir yer var indi. Ora qaçan soydaşlarımızın toplaşdığı yerə məhz bu adı veriblər. Ümumiyyətlə, ölkə boyunca insanlarımız ağıla sığmayan bir zülm gördü və görməkdədir.
Eyni ailənin və eyni komandanın uzun müddət hakimiyyətdə olması, ölkənin qeyri-mənəvi üsullarla idarə olunması cəmiyyətdə yaltaqlığı, xainliyi, küskünlüyü, hərc-mərcliyi, qeyri-sağlam düşüncəni gücləndirdi. Insanların ölkəyə və həyata inamı sarsıldı…
Savadsızlar və bacarıqsızlar önə çıxdı, ziyalılar yalan danışdı, sadə adamlar qorxu ilə yaşadı. Cəmiyyətin təbii sosial telləri qırıldı.
Sosial institutlar məhv edilib
Hər şeyi, hər kəsi qorxudub öz təsiri altına alan bu hakimiyyət pulu da işə saldı. Tanınmışları, müxalifətçiləri, vətəndaş cəmiyyəti institutlarını satın almağa başladı. Cəmiyyəti daim parçaladı. Demokratik qüvvələrin fəal kəsimlərini üz-üzə qoydu, qarşıdurmanı, qrup maraqlarını qızışdırdı. Müsbət və ümidverici  prosesləri vaxtı çatmamış, yetişməmiş qaynamağa stimullaşdırıb sıradan çıxardı.
Tora düşməyənləri isə əzdi, məhv etdi, həbsə saldı, daim repressiyalar apardı. Min oyundan çıxdı və cəmiyyəti zəif bir duruma gətirdi. Sosial institutlar, vətəndaş cəmiyyəti olduqca zəiflədi.    
Özgə barmaqlar da işə düşdü
Biz nə Avropa ölkəsi ola bildik, nə Türkiyə ilə yaxınlaşa bildik. Nə Ermənistanı yerində oturda bildik, nə də Rusiyanın dostuyuq. Heç kasıb Gürcüstan kimi  gələcək planlarımız da yoxdur.
Üstəlik, buradakı münbit şəraiti görüb hər cür missiyalar Azərbaycana ayaq açdı. Hakimiyyətin başı öz təntənəsinə qarışdı, var-dövlət ağıllarını lap dumanlandırdı. Iran bir yandan, ərəb ölkələri bir yandan, Rusiya o biri tərəfdən öz maraqları üçün Azərbaycanda fəaliyyət qurdu. Ən müxtəlif missionerlər, cərəyanlar, işbazlar, cinayətkar dəstələr burada rahat nəfəs aldı, gücləndi.
Tək Azərbaycan xalqından başqa. Yalnız o başına döyülə-döyülə naçar vəziyyətdə qalıb. Hayı gedib, vayı qalıb.
…Amma nə yaxşı ki, yerdən qalxan bir gənclik var. Nə yaxşı ki, onların sabaha inamı və ümidi var. Yaxşı ki, onlar bilir Azərbaycan yanlış yoldadır və doğru yolu görürlər. Tarixin yeni küləkləri, azadlıq havası da onların üzünə əsməkdədir. Məhz onların.