İsrail kəşfiyyatı İsfahandakı partlayışdan danışdı

“Peykdən çəkilən şəkillərdə partlayışın nüvə obyektində olduğu görünür”

Tehran rejimi noyabrın 28-də axşam saatlarında İranın İsfahan şəhərində sınaq xarakterli atom reaktoru və infrastrukturu yerləşən ərazidə baş vermiş güclü partlayışı gizli saxlanmağa çalışsa da, hadisə barədə yeni detallar üzə çıxıb. Yayılan yeni məlumatlara görə, İsfahan şəhərində meydana gələn və şəhərdəki nüvə obyektinə ciddi zərər vuran partlayış qəza nəticəsində baş verməyib.

İran rəsmiləri partlayışın yanacaqdoldurma məntəqəsində baş verdiyini söyləsə də, İngiltərədə yayımlanan “The Sunday Times” qəzetinə danışan İsrail kəşfiyyatının rəsmisi bildirib ki, peyk vasitəsiylə çəkilən fotoşəkillərdə İsfahandakı nüvə obyektində partlayış olduğu və bundan sonra ərazidən qatı tüstü dumanı qalxdığı görünür. Kəşfiyyat rəsmisi əldə etdikləri fotoşəkillərin 2004-ci ildən bu yana fəaliyyətdə olan uran zənginləşdirmə obyektinin partlayış zamanı ciddi zərərə uğradığına dair tutarlı fakt olduğunu bildirib.