Rafiq Tağı – terror qurbanı

Rafiq Tağı cılız canı ilə böyük xarakter yiyəsi idi. 20-ci yüzilin ən böyük fiziklərindən, eləcə də ən böyük mənəviyyat carçılarından olan A.Eynşteyn “Mariya Kürinin anımsaması” yazısında deyir: “Görkəmli şəxsiyyətlərin mənəvi keyfiyyətləri indiki nəsil üçün də, tarixin gedişi üçün də onların intellektual yetənəklərindən daha önəmlidir. Bu isə düşünüldüyündən qat-qat artıq xarakterin böyüklüyündən asılıdır”. Rafiq Tağı bizim bu gün də qınaya biləcəyimiz, bu gün də düzgün saymadığımız bir sıra düşüncələri, baxışları-yanlışları ilə yanaşı, ölkəmizin başda gedən intellektuallarından biri, özgür xarakteri – mənəvi keyfiyyətləriylə – indiki nəsil üçün də, tarixin gedişi üçün də örnək sayılacaq kimsələrdəndi (idi). Bax, elə buna görə də əliyevçi ANTIMILLI, ANTIDEMOKRATIK rejim Rafiq Tağıya TERROR faktına “kriminal” donu geyindirməyə çalışır.

Görün PA-nın “mətbuat xidməti” funksiyasını yerinə yetirən Əli Həsənov gerçək terror faktını gizlətmək, ört-basdır eləmək üçün necə bir yalana əl atır: “Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi”. Yalan yiyəsi! 2007-ci ildə Rafiq Tağını tutub türməyə basan bu hakimiyyət deyildimi? Bütün yazıları bir yana, “Qırmızı dastan” essesi, “Laplandiya” hekayəsi onu hakimiyyətin gözündə başlıca, bağışlanmaz düşmənlərdən birinə çevirmişdi. Bu sayaq faktların üstündən Ə.Həsənov deyir: “Mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? Istənilən halda bu kriminaldır”. Iz azdırmağa bax! Bəlkə, Rafiq Tağı hakimiyyətə arxalanaraq başqalarının bazarına girən, kimlərinsə zavod-fabrikini ələ keçirən, mülkünə yiyələnən birisiymiş, biz bilməmişik. Bütün allahlı kimsələr Rafiq Tağının necə böyük Allah adamı olduğunu gözəl bilir. 
Kriminal rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən rejim görsənişidir. Rafiq Tağı başlanğıcdan bu rejimlə barışmayan başlıca SÖZ adamlarından idi. Rejimin belə adamları bağışlamadığını kim bilmir? Dövlət başçısı I.Əliyevin R.Tağı ilə bağlı cinayət işini “özünün nəzarətinə götürdüyü” bildirilir. Demək, arxayın olmalıyıq: işin üstü açılmayacaq; onun “öz nəzarətinə götürdüyü” bir çox işlərin – terror faktlarının üstü açılmadığına görə. Bəlli olduğu kimi, o işlərdən biri də Elmar Hüseynovun işi idi. Biznesmeni öldürən adamı üç günün içində Gürcüstandan tutub gətirən rejimin Elmarla bağlı Gürcüstana “gücü çatmır”. Elmarın ölümünü Gürcüstanla, general Rail Rzayevin ölümünü Rusiyayla, Rafiq Tağının ölümünü Iranla (hələ akademik Z.Bünyadovun, Ekstrasenlər birliyinin başçısı E.Elkinin ölümü kimi bir çox başqa faktları demirik) bağlamaqla sudan quru çıxmağa çalışmaq, qondarma soruşdurma işləri, yalançı məhkəmələr… bütün bunlar rejimin özünün kriminal xarakterindən soraq vermirmi?
Rejimə qarşı çıxan çoxlu sayda jurnalist indiyədək mənəvi-fiziki terrora uğrayıb. Elə son bir ayda baş verənləri yada salmaq yetər: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı rejimə qarşı kəskin çıxışlardan sonra şərlənərək tutulur; Ziyalılar Forumu rejimin antidemokratik siyasətini qınayandan sonra akademik Rafiq Əliyev başda olmaqla Forum yaradıcılarına qarşı mənəvi terror kampaniyası başlayır; ardınca Rafiq Tağı öldürülür. Doğrudanmı bütün bu faktlar arasında azacıq da olsa bağlılıq yoxdur? Yüzlərlə professorun, akademikin Ziyalılar Forumu, Rafiq Əliyevlə bağlı mənəvi terror “müraciəti” yayıldı. Indi bəlli olur: onları aldadıb başqa, milli birlik variantında “müraciətə” qol çəkdiriblər. Bu özü bir belə adama, eləcə də aldadılan xalqa TERROR deyilmi?!