Ulu Şirvinin ruhuna and olsun ki, ömrümdə belə yalana, belə hiyləyə, belə fəndə rast gəlməmişdim. Prezidentin Şəkidə aldadılmasını deyirəm. Daha doğrusu, aldatmaq üçün düşünülmüş fəndi.
Bilməyənlər üçün bir də yazım. “Azadlıq”ın dünənki sayında deyilir: “Şəkinin başbilənləri Ilham Əliyevin keçəcəyi yolun üstündə olan köhnə, təmirsiz və bərbad binanı gizlətməyə çalışıblar və unikal üsul tapıblar. Onlar həmin binanın hündürlüyü və eni həcmində nəhəng parçanın üzərinə yenicə təmirdən çıxmış bina şəkli çəkiblər. Həmin şəkli təmirsiz binanın üzərindən asıblar”.
Bəlkə bundan min dəfə ağıllı, daha doğrusu, ağlagəlməz fəndlər olub dünyada, ancaq bu boyda, yəni masştabda yalan… heç vaxt və heç bir yerdə. Keşkə o “təmirdən yeni çıxmış” binanın şəklini bu yazının ortasında da yerləşdirmək mümkün olaydı, oxucular bir də öz gözlərilə görəydi ki, təsəvvür eləyə bilsinlər. Hardasa, azı 60-70 metr uzunu, 17-18 metr hündürlüyü olan bir binanın üzünü rəsmlə örtmək adama inandırıcı gəlmir. Mən hətta indi şübhəyə qapılıram ki, prezident bu günəcən elədiyi bütün çıxışlarında səmimi olub. Yəni öz aləmində yalan yox, doğru danışıb. Ölkəmizin analoqsuz olmasından, nə bilim neçə milyon yeni iş yerinin açılmasından, ÜDM-dən, həyat şəraitinin misilsiz yaxşılaşmasından, insan hüquqlarından, demokratiyadan, sərbəst toplaşma azadlığından, söz və mətbuat azadlığından və s. Adam indiyəcən nə görübsə, beləcə rəsm görüb, ona hər şeyin əslini deyil, rəsmini göstəriblər. O da indi ya fikirli olub, ya yaxşı fikir verməyib, hər şeyin belə parlaq və gözəl olduğunu görüb, camaata da eləcə deyib – çıxışlarında, zəhmətkeşlərlə görüşündə. Yoxsa adam necə adamın düz gözünün içinə qızıl-qırmızı, utanmadan, çəkinmədən, sıxıntı keçirmədən deyər ki, ey əhali, sizin kimi Yer kürəsində hürr və xoşbəxt, yağ-qaymaq içində yaşayan ikinci bir xalq yoxdu. Bu, mümkün deyil axı.
Indi deyəmmərəm, bəlkə üzlərinə o söz söylənən adamlar özləri də heç əslində, adam olmayıblar, sadəcə, adam yığnağının rəsmi olublar. Arxadan yel vurub rəsm çəkilmiş kətanı dalğalandırıblar, prezident də elə bilib ki, bunlar doğruçu adamlardı. Ya da bilib ki, bunlar gerçək adam deyil, ancaq efirə gedəndə hamı elə biləcək ki, görünənlər həqiqətən zəhmətkeş insanlardı, nə deyirsən de. Təki efirə gözünü dikənlər bir şey anlamasın.
Zaman indi o zamandı ki, illüziyalarla elə vizual effektlər yaradırlar ki, gerçəyindən seçmək olmur.
Bu ölkədə hər şey beləcə rəsm üzərindədi. Korrupsiyaya qarşı mübarizə də, haqq-ədalət də, analoqsuz inkişaf da, ordumuzun qüdrətli durumu da, milli təhlükəsizlik də, azadlıq da, demokratiya da, humanizm də.
“Brilyant əl” filmi hamının yadında olar. Orda bir balıq ovu səhnəsi var. Bir hissəsi Bakıda, Içərişəhərdə çəkilən bu filmdəki həmin səhnə də həmin çağlarda elə Bakıda baş vermiş yalan hadisəsindən götürülüb. Moskvadan gələn hansısa dövlət başçısı, ya onun yeznəsinəmi beləcə balıq ovu təşkil eləyiblər, suyun altından hazır balıqları qarmağa keçiriblər və tut ki tutasan.
Adam birdən-birə xoflanır. Elə fikirləşirsən ki, bəlkə elə biz özümüz də, bu xalq da, hətta bu ölkə və bu dövlət də sadəcə rəsm üzərindədi, gerçəkdə yoxdu. Eləcə kimsə arxadan, müxtəlif bucaqlardan üfləyir, biz də canlıymış kimi hərəkət eləyirik. Yoxsa bu qədər yalanın, bu qədər zülmün, haqsızlığın qarşısında canlı insan bu qədər cansız və hissiyyatsız olarmı? Nə bilim vallah, doğrusunu prezident bilir.