Bu gündən Azərbaycanda Tarif (qiymət) Şurasının noyabrın 28-də müəyyən etdiyi yeni qiymətlər qüvvəyə minir.
Tarif (qiymət) Şurasının son iclasında aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdi. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətləri üzrə 31 yanvar 2011-ci il tarixində müəyyən edilmiş tariflərin qurumun maliyyə-təsərrüfat fəaliyyətinə təsiri, görülən işlər və nəticələrinə dair hesabat dinlənilib. Məlumat verilmişdir ki, dəmiryolu nəqliyyatının modernləşdirilməsi çərçivəsində istismara müasir tipli vaqonlar buraxılmış, elektron bilet satışının tətbiqinə başlanıb.
Tarif (qiymət) Şurası bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kub metr üçün 1,2 manat səviyyəsində təsdiq edib. Şuranın müvafiq qərarı ilə bu sahədə istehlakçılara xidmətlərin müqavilə əsasında göstərilməsi tapşırılıb. Yeni tariflərin tətbiqi bərk məişət tullantılarının idarə edilməsi sahəsində xidmət sferasının genişləndirilməsi, tullantıların yığılması və daşınması üçün konteynerlərin sayının və həcminin artırılması, əlavə xüsusi nəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına şərait yaradacaq.
Tarif (qiymət) Şurasının iclasında “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilmişdir. Belə ki, isti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 1,5 manat səviyyəsində təsdiq edilib. Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfiyyatının aylıq norması 2 kub metr səviyyəsində müəyyən olunub.
Bundan başqa, Tarif (qiymət) Şurasının qərarı ilə isitmə xidməti tarifləri 1 kvadrat metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kub metr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib.
İclasda həmçinin, Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb. Məlum olduğu kimi, Bakı şəhərində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi və nəqliyyatın hərəkət gərginliyinin azaldılması məqsədilə Bakı Metropolitenin Perspektiv İnkişaf Planı hazırlanmışdır. Planda 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması nəzərdə tutulur. Bu çərçivədə son illərdə Metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Bununla əlaqədar olaraq, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək, metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb.
Tarif (qiymət) Şurasının məlumatına görə, yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyevdə və Tbilisidə 20 qəpik və s. təşkil edir.
Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən göstərilən radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı sahəsində xidmətlərin tarifləri ölkə ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri üçün 12 dəfə endirilib.
İclasda həmçinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet xidmətlərinin tariflərinə də baxılmışdır. Belə ki, ölkədə internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin aşağı salınması tədbirlərinin davamı olaraq, Xidmət tərəfindən təqdim edilən mövcud internet tarifləri orta hesabla 7,1 dəfə azaldılıb.
Tarif (qiymət) Şurasının iclasında, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosunun mövcud ekspertiza xidmətlərinin tarifləri orta hesabla 5 faiz aşağı salınıb, yeni xidmətlər üçün tariflər təsdiq edilib.
İclasda həmçinin, soba mazutu ilə müqayisədə təbii qazdan istifadənin ekoloji cəhətdən daha səmərəli olduğu nəzərə alınaraq, soba mazutunun ölkədaxili topdansatış qiymətinə baxılması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciəti müzakirə olunmuş və soba mazutunun topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla, bir ton üçün 140 manat səviyyəsində müəyyən edilib.
Yeni tariflər 1 dekabr 2011-ci il tarixindən qüvvəyə minib.