Bu ölkədə kimi pullarının, “obyekt”lərinin sayını artırır, kimi də sualların. Bu da bir dərddir, onları unutmaq və sufilər tək “bir xoruza yük eləmək” olmur. Çünki onlar həmişə səninlədir və bəlkə də həyatının hissəsidir. Mən həmişə cavab axtarmışam, amma həmişə də sözümü sual ilə bitirmişəm. Bilirsiniz, bu da qəribə şeydir. Əslində, bir çox sualların cavabı bəllidir, amma biz onlar haqda bu suallara cavab verməli olan şəxslərin sözünü eşitmək istəyirik. O söz isə deyilmir ki, deyilmir!..
Siyasətçinin də psixologiyasını başa düşmək və anlamaq iqtidarındayıq. Amma siyasətçi də bir “məhəllənin qəhrəmanı” olmamalıdır. Çünki başqa məhəlləlilər burnunu bizim məhəlləyə soxanda öz “məhəlləmizin qəhrəmanlarını” irəli verməliyik! Lakin onlar hər dəfə geri çəkilir, əksinə, bizi irəli verirlər. Ona görə də mən belə siyasəti də, idarəçiliyi də başa düşmürəm!
Bəylər, nə olsun ki, Bakıda, yaxud başqa yerdə bizlərə toplaşmağa, sözümüzü deməyə imkan vermirsiniz, dərhal qarşısını alırsınız… Nə olsun ki, bu yazıq məmləkətdə özünüzü lap külli-ixtiyar sahibi, əsl kral kimi hiss edirsiniz… Axı krallar heç olmasa, öz təbəələrinin təəssübünü çəkir və onlara qahmar çıxırdı! Nə olsun ki, milyonlarınız və milyardlarınız var… O pulları öz əllərinizdə, bəli, daim titrəyən əllərinizdə necə saxlayırsınız? Məhz o pullara görə hər şeydən keçmisiniz – insafı itirmisiniz, haqq və ədalətdən vaz keçmisiniz, həqiqətə yadlaşmısınız, söz deyənin dilini kəsirsiniz, amma özünüz də söz deyə bilmirsiniz! Biz ona görə susmalıyıq ki, sizlər ən çox və bəlkə də hər şeydən çox dəyər verdiyiniz hakimiyyəti, sərvəti itirməyəsiniz!
Lakin nə hakimiyyətdir bu?! Keçmiş krallarla bağlı bir “suveren”, bir də ki, “vassal” kəlməsi işlənirdi. Indi bunlardan hansını sizə aid edək?! 18 ildir ki, ölkənin 20 faizinə nəzarət edə bilmirsiniz! Indi məlum olur ki, heç qalan o 80 faiz də sizin nəzarətinizdə deyil! Siz yalnız bizi güdməyi, bizə nəzarət etməyi bacarırsınız! Biz də sakit oturmuşuq, heç nə etmirik, heç nə planlaşdırmırıq! Buyurun, heç olmasa, vətəndaş hesab etmədiyiniz insanlara bir təbəə kimi yanaşın, onların malını, mülkünü olmasa da, heç olmasa, canını qoruyun! O insanlar olmasa, siz kimlərə münasibətdə siyasətçi, kral, vəzir və yaxud elita olacaqsınız?..
Bir vaxt Moskvada qiyam olanda bir hüquq müdafiəçisi gözəl demişdi: “Belə titrəyən əllərlə hakimiyyət götürmürlər!”
Bunu elə sizlərə də şamil etmək olar: belə titrəyən əllərlə siyasət olmur, xüsusən nəzərə alanda ki, özünüzünküləri incitmək lazım gələndə əlləriniz titrəmir! Bəs niyə onların canını, malını bir başqası qarşısında qorumaq məsələsi gələndə əlləriniz elə bil yarpaq kimi titrəməyə başlayır, iradəniz qeybə çəkilir?! Beş-on ifadə və kəlmə əzbərləmisiniz. Kim ölkəyə təşrif buyurur, başlayırsınız məktəbli kimi həmin əzbərlədiyiniz kəlmələri onlara söyləməyə! Sonra da elə məktəbli tək efirdən millətə tərəf boylanırsınız: baxın, mən də siyasətçiyəm!
Vallah, belə siyasət olmur! Düzdür, insanlarımızın siyasət haqqındakı təsəvvürlərini elə bu on səkkiz ildə alt-üst etmisiniz! Odur ki, bəzisi sizə qibtə və həsədlə baxır, hətta “Siyasətçi belə olar!” deməyə də dili gəlir. Amma bu siyasətdirmi? Əgər bu siyasətdirsə, onda mən bilmirəm, bəşəriyyətin həqiqi siyasət adamı hesab etdiyi şəxslər nə ilə məşğul olub?! Bəlkə onların, cəmi dünyanın böyük siyasətçi hesab etdiyi şəxslərin siyasəti sizdən öyrənmək imkanı olmayıb?!
20 illik hesabata kiçik bir qeyd
Eşitdim ki, Amerikada əski sovet dövlətlərinin müstəqilliyinin 20 ili ilə bağlı konfrans keçirilir. Əgər mən orada olsaydım, deməyə söz tapmazdım… Bunu səmimi şəkildə etiraf edirəm. 20 ildə nə baş verib? Biz bir neçə ünvandan təhdidlərə məruz qalırıq, siyasi məhbuslarımız var, söz deyə, yaza bilmirik!..
Ona görə də mən bu 20 illə bağlı söz deməyə çətinlik çəkərdim. Bunları elə başa düşməyin ki, mən müstəqil olduğumuzdan peşmanam. Əsla! Sadəcə, bizi idarə edənlər müstəqilliyi yalnız bir aspektdən başa düşür: təbəələrinin ağzını yummaq və gen-bol sərvət toplamaq!..