Ramiz Mehdiyevdən başqa, Ziya Məmmədovla Kəmaləddin Heydərov da merin «vurulmasına» çalışır
Milli Məclisdə Bakı meri Hacıbala Abutalıbovun əleyhinə kampaniya təşkil olunduğu barədə “Azadlıq”ın məlumatı təsdiqlənir. Xatırladaq ki, qəzetimizin ötən sayında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin tapşırığı ilə Hacıbala Abutalıbovun əleyhinə mətn hazırlandığı barədə məlumat vermişdik. Bildirmişdik ki, deputatlara həmin mətni imzalamaq tapşırılıb.
Dünən bəlli olub ki, Milli Məclisin dekabrın 6-da keçiriləcək iclasında deputatlar Hacıbala Abutalıbovdan Ilham Əliyevə şikayət edəcək. Artıq bununla bağlı imzatoplama kampaniyasına başlanılıb. Əslində deputatların “şikayəti” PA-da hazırlanan həmin mətndir.
Əldə etdiyimiz məlumatlara görə, Hacıbala Abutalıbovun “vurulmasın”da təkcə onun ən qatı əleyhdarı olan Ramiz Mehdiyev maraqlı deyil. Merin əleyhinə başlanan kampaniyadan yararlanmaq istəyən başqa məmurlar da var. Bu sırada, xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını çəkmək olar. Hər iki məmur uzun müddətdir ki, mer postunu ələ keçirməyə can atır. Ziya Məmmədov Hacıbala Abutalıbovun yerinə yaxın adamı, Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyevi, Kəmaləddin Heydərov isə Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovu təyin etdirməyə çalışır. Bu baxımdan Milli Məclisdə Ziya Məmmədovla Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən deputatların da Hacıbala Abutalıbovu asıb-kəsəcəyi gözlənilir.
Informasiya şöbəsi