Bəli, bu il yuvarlaq tarixlər ilidir. Bu detal məhbusları azad etmək üçün əsas ola bilərmi? Bunu bilmirəm, bildiyimsə odur ki, mən “əfv etmək” yox, “azad etmək” yazdım. Bəli, siyasi məhbusları azad etmək lazımdır! Dünyanın belə vaxtında insanları etiraz aksiyasında iştirak etdiyinə görə həbs etmək, daha bilmirəm, hansı məntiqə sığır?! Məhbusların qəzet səhifələrindəki şəkillərini seyr edəndə adam əzab çəkir, mənəvi sıxıntı keçirir, ölkə ona daha darısqal görünür və dünyanın nizam-intizamı gözdən düşür.
Indi çox şeylər demək və yazmaq olar, hər dəfə də deyirik və yazırıq! Amma bütün bunlar siyasilər adlandırdığımız məhbusların silahdaşları, yaxınları və hətta özləri üçün belə, təsəlli ola bilərmi? Güman etmirəm. Düzdür, hamı təsəlliyə möhtacdır, lakin insan yaşa dolduqca soyuq məntiqə daha çox inanır, nəinki pafoslu nitqlərə və çağırışlara!
Onların şəkillərindən mən sanki tək bir giley duyuram: “Biz buradayıq, amma siz…”. Bu cümləni hərə öz duyumuna və dünyagörüşünə, siyasi məsləkinə uyğun davam etdirə bilər. Onun davamı çoxdur… Mənə elə gəlir ki, bu 18 ildə fikirlərimiz, cümlələrimiz də qırılıb. Biz bir çox cümlələrin davamını deyə bilmirik, yaza bilmirik, çünki onlara qarşı bir qeyri-adekvat reaksiya hiss olunur.
Mübarizəmiz, hətta həyatımız da mənə A.Tarkovskinin filmlərini xatırladır. Sanki hər şey isti bir mühitdə həll olub, qatılaşıb, ləng şəkildə bir görünüşdən başqa görünüşə, formaya keçir, cəmiyyət özüllü bir mayeyə çevrilib, o, öz “turbulentliyini” itirib. Bəlkə çox qəliz yazıram, bütün bunların bəlkə də daha sadə ifadə forması var. Bilmirəm. Düşünürəm ki, elə həyatımız da öz statikliyi, donuqluğu və primitivliyi ilə qəlizləşib. Insanları və bütövlükdə cəmiyyəti də anlamaq olmur. O, qırılmaqda, kökü kəsilməkdə olan meşəni xatırladır, biz ancaq qırılan ağacların səsini, harayını eşidirik. O da var ki, hətta ağacların da göz yaşı olur, bizimsə gözlərimizin yaşı çoxdan quruyub. Beləcə, fikirlər də kəsilib, yarımçıqlaşıb, onları tamamlaya bilmirik, çünki bu ölkədə işlər tamamlanmayıb, çox iş yarımçıq qalıb… Yarımçıq işlər haqqında bütöv cümlələr yazmaq mümkündürmü? Çətin sualdır, deyilmi?..
Dostoyevski nədən Turgenevi daha güclü yazıçı sayırdı?
Bəli, o, bütün ömrü boyu əzab çəkirdi, çünki belə hesab edirdi ki, Turgenev ondan daha yaxşı yazır. I.Turgenevə daha çox qonorar verirdilər, o, da bunu bilir və əzab çəkirdi. Amma bir gün bütün dünya belə hesab etdi ki, əksinə, o daha yaxşı yazır. Heç özüm də bilmirəm, nədən bu misala müraciət etdim. O gün bir məsələ haqda fikirləşirdim. Bizdə heç kim düşünmür ki, bəs filankəs məndən yaxşı yazır və yaxud da yaza bilər, hamı deyir ki, bəli, mən hamıdan yaxşı yazıram! Bəli, olduqca maraqlı, elə maraqlı olduğu qədər də dözülməz ölkədir – burada müdriklik deyil, hiyləgərlik qələbə çalır, müdriklər deyil, elə hiyləgərlər qalib olurlar, özü də bir dəfə yox, iki dəfə yox, həmişə…
Siyasət də artıq yorur
Bəlkə ona görə ki, biz əsl siyasətlə məşğul olmuruq? Yəqin ki, belədir. Məni daha çox o narahat edir ki, həyatı maraqlı etmək getdikcə çətinləşir, müşkül bir məsələyə çevrilir. 60-cı illərdə deyirdilər ki, realist ol, qeyri-mümkünü arzula!.. Inanırsınız, bu ölkədə mənə mümkün olmayanları sadalamaq daha asandır, nəinki mümkün olanları… Sanki dairə var və bunun içində mümkün olanlar cızılıb, amma bu dairə gündən-günə kiçilir, nöqtəyə çevrilir. Güman etmək olardı ki, bu daralma nə vaxtsa genişlənmə ilə əvəz olunacaq. Amma hələ ki, bunu görmürük. Bu ilin əvvəlində müəyyən ümidlər yarandı, fəqət elə tez bir zamanda da həmin ümidlər siqaret tüstüsü kimi dağıldı. Amerikalılar zarafatla deyirlər ki, bütün Vaşinqton əhli məsləhət verməklə, bəli, hökumət əhlinə məsləhət verməklə dolanır. Indi bizdə də hərə özünə bir təşkilat açıb və millətə məsləhət verməklə məşğuldur. Çox məsləhət daha çox variant və seçmək imkanı deməkdir. Amma Nizami deyirdi ki, sözün də su kimi lətafəti var! Siyasətdə də hamı məsləhət verəndə ölkə dönüb olur elə Azərbaycan…



