Hakimiyyətin “24 noyabr biabırçılığı” göydən qar yağmamış Bakı küçələrində dövlət məmurlarının da saatlarla ilişib qaldığı tıxaclar, yolların buzdan təmizlənməməsi səbəbindən baş verən onlarla avtoqəza, elektrik enerjisinin və təbii qazın əksər yerlərdə kəsilməsi ilə tamamlanmırmış. Demə, qışın özünü göstərməsi ilə “regionun ən güclü dövlətinin” iflic, şikəst, zəlil duruma düşdüyü gün Azərbaycan Respublikasının Tarif Şurası növbəti sürpriz hazırlayırmış.
Bəli, dünən elan olunan qiymət artımları ilə bağlı qərarı Tarif Şurası noyabrın 24-də qəbul edibmiş. Bu qiymətqaldırmanın niyə 4 gün gizlədilməsi və məhz indi elan olunması ilə işim yox – zatən, xarabaya qoyulmuş bu ölkə bir adamın kefi ilə idarə olunur və qanun, qayda məntiqindən danışmağa dəyməz. Maraqlı odur ki, Tarif Şurası o qarlı-çovğunlu havada, əhalinin tıxacda gözləyərkən və ya işığı-qazı kəsildiyindən, evində titrəyərkən hakimiyyət nümayəndələrinin ünvanına xoş və təqdirəlayiq sözlər ünvanladığı bir məqamda işə necə gəliblər, necə toplaşıblar, necə iclas keçiriblər və ümumiyyətlə, keçiriblərmi?
Əlyəqin, Tarif Şurası üzvləri metronun səmərəli xidmətindən istifadə ediblər və Bakının altını da üstünün gününə qoymaq gərəkdiyini məhz o zaman dərk ediblər. O cür çovğunda yerin altında metronun rahat-rahat işlədiyini və əhalinin buğlana-buğlana işə gedə bildiyini müşahidə edən Tarif Şurası, sizcə, qiyməti qaldırmazdımı? Bu hakimiyyət razı olarmı ki, xalqa hansısa işıq ucu qalsın? Sizcə, xalqın düşməninə çevrilən və milləti zəlil etmək üçün illərlə vuruşan bu hakimiyyət işıqgələn deşiyə barmaq qoymazmı? 24 noyabrda – o şaxtada Tarif Şurası nələrin qiymətini qaldırdı? Mənzillərin isti su təminatının, zibilin daşınmasının və metronun. Niyə? Çünki qış gəlir, əhali metrodan daha çox istifadə edəcək, isti suya daha çox ehtiyac olacaq. Əhalini vərdiş etdiyi bu qiymətlərlə qışın ümidinə buraxmağı Yəzid öz mənəviyyatına sığışdırarmı?
Yəzid demişkən, bayaqdan çar-naçar qalmışam ki, suyun qiymətini artırma qərarının açıqlanmasını niyə noyabrın 28-nə saxlayıblar. Axı, noyabrın 27-də Məhərrəmlik ayı başladı; axı, Həzrət Hüseynin Haqq və Ədalət uğrunda müsəlmanlara nümunə olan qəhrəmanlıq tarixinin ildönümüdür. Yezid ibn Müaviyyənin törəmələri Aşura ərəfəsində də suyun qiymətini qaldırmasalar, onda o dünyaya, babalarının yanına üzüqara getməzlərmi?
O ki qaldı metronun dotasiya ilə işləməsi, ziyan etməsi, tikinti aparması kimi Tarif Şurasının qiymət artımını əsaslandıran mənasız açıqlamalarına, bunlar boş nağıllardır. Əvvəla, metrodakı tikinti və quruculuq işləri dövlət büdcəsinin hesabına aparılır, bunun gediş haqlarına heç bir aidiyyəti yoxdur. Ikincisi, metrodan gündə nə qədər adam bəhrələnir? Rəsmi rəqəmlər həqiqəti əks etdirirmi? Metro keçidlərindəki ticarət obyektlərindən yığılan sərvət nə qədərdir? Bu pullar Metropolitenin gəlirlərinə daxil edilmirsə, kimin cibinə və bank hesablarına gedir?
Ziya Məmmədov yalan deyir, yoxsa Zakir Qaralov?
Nəqliyyat naziri Ziya Məmmədov noyabrın 1-dən etibarən Bakı şəhərində bütün müşahidə kameralarının işləyəcəyini və “heç kimin nəzarətsiz qalmayacağını” hələ oktyabr ayında böyük coşqu ilə xəbər vermişdi. Rafiq Tağının qatilini “axtaran” müstəntiqlər isə noyabrın 25-də dedilər ki, qətl ərazisində olan 7 müşahidə kamerasının heç biri işləməyib.
Kameranın biri işləməz, ikisi xarab olar, üçü sıradan çıxar? Əgər ərazidəki 7 kameranın heç biri işləmirsə, deməli, Bakı küçələrini qazıb-tökən yaramazlar büdcədən pul silməkdən başqa heç bir iş görmürlər, quraşdırdıqları kameralar özləri kimi yarıtmazdır və əhalini xofda saxlamaqdan ayrı bir məqsədləri yoxdur. Belə çıxır ki, Ziya Məmmədov onlarla əlbirdir və ictimaiyyəti aldadıb, dövlət və xalq qarşısındakı məsuliyyətini vecinə almadan, utanıb-eləmədən yalan danışıb.
Əgər kameralar işləyirsə, onda istintaq qrupu qatili gizlətmək və cinayət işini ört-basdır etməkdən ötrü hörmətli Ziya Məmmədova böhtan atır, kişini millətin gözündə rüsvay edir, onu yalançı çıxarır, gülünc günə qoyur, məsxərə obyekti edir.
Görəsən, Ziya Məmmədov yalançıdır, yoxsa Zakir Qaralovla Ramil Usubov qatili gizlədən cinayətkardırlar?